"Elə ixtisaslar var ki, müxtəlif universitetlərdə fərqli adlarla tədris edilir. Məsələn, “Xarici dil (İngilis dili)” və “İngilis dili tədrisi, metodikası və metodologiyası” əslində eyni ixtisasdır, lakin müxtəlif adlar altında tədris olunur".
TƏHSİL.BİZ xəbər verir ki,bu fikirləri Təhsil ixtisasları üzrə işçi qrupun həmsədri Şəmil Sadiq "Azərbaycan müəllimi"nə bildirib.
O bildirib ki, işçi qrup yeni ixtisasların yaradılmasını və mövcud ixtisasların məzmununda dəyişikliklərin edilməsini təklif edir. Təkliflər sırasında rəqəmsal yeniliklərlə bağlı məqamlar da yer alır: “Nəyə görə “Təhsildə yeni texnologiyalar”, “Rəqəmsal öyrənmə” kimi ixtisaslar olmasın?!”
Şəmil Sadiq əlavə edib ki, "Təhsilin statistikası və analitikası" ixtisası bəzi universitetlərdə mövcuddur, bəzilərində isə yoxdur. Bütün bu məsələlər qarşıdakı dövrdə müzakirə olunacaq. İşçi qrupda pedaqoji fakültələri olan bütün ali təhsil müəssisələrinin nümayəndələri təmsil olunur.