NATO Nizamnaməsinin kollektiv müdafiə prinsipinin nəzərdə tutulduğu 5-ci maddəsi Ukraynaya şamil edilməlidir.
Bunu İtaliya Baş naziri Corciya Meloni deyib.
“Bu yolla Ukrayna faktiki olaraq bloka qoşulmadan Şimali Atlantika Alyansından zəmanət alacaq. Bu variant atəşkəsə nəzarət etmək üçün ölkəyə sülhməramlıların göndərilməsindən qat-qat effektivdir”, - Meloni bildirib.
Politoloq Elçin Alıoğlu "Sherg.az"a deyib ki, Ukrayna NATO-nun üzvü yox, sadəcə partnyor olduğuna və təşkilatın sıralarında yer almadığına görə bu maddənin tətbiqi mümükün deyil:

"NATO üçüncü ölkələrin avtomatik müdaxiləsini nəzərdə tutmur. Baxmayaraq ki, onların sözügedən təşkilatla tərəfdaşlıq və ya müttəfiqlik statusu var. 5-ci maddənin tətbiqi üçün Ukraynanın aksematik şəkildə Şimali Atlantika Alyansının üzvü olması şərtdir. Bir anlıq təsəvvür edək ki, NATO 5-ci maddəni əlində rəhbər tutaraq Ukraynaya qoşun yeritdi. Bu, faktiki olaraq Rusiyaya müharibə elan etmək anlamına gəlir. Çünki Rusiya Ukraynada işğalçı statusa malikdir. Bu ölkəyə qarşı təcavüzkarlıq və aqressiya məqsədilə hərbi əməliyyatlar aparır. Beləliklə də, NATO hərbiçiləri mütləq formada döyüş-təmas xəttində və birbaşa silahlı təmas xətti boyunca Rusiya qoşunları üzləşməli olacaq. Praktikada Alyans 5-ci maddəni təşkilata üzv olmayan ölkələrə şamil etmir. Lakin hazırda NATO Ukraynaya silah-sursat, hərbi-texnika verir, maliyyə dəstəyi göstərir. Eyni zamanda Alyans özünün Şərq cinahını gücləndirir ki, Rusiyanın mümkün eskalasiyasının qarşısı alınsın. Bundan başqa təşkilat Ukraynanın təhlükəsizliyinin mümkün təminatlarını nəzərdən keçirir. Nəticə olaraq NATO Nizamnaməsinin 5-ci maddəsi heç bir halda reallaşa bilməz".
Politoloq qeyd edib ki, sözügedən Nizamnamənin 4-cü maddəsi maraq kəsb edir:
"Belə ki, NATO üzvü olan bəzi ölkələr, məsələn, Polşa, Latviya, Litva, Estoniya və s. artıq bu bəndi işə salıblar. Şimali Atlantika Alyansı Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq üzv dövlətlər təhlükəsizlik məsələləri ilə bağlı üçüncü ölkə - konkret olaraq Ukrayna ilə məsləhətləşmələr və müzakirələr apara bilər. Amma 4-cü maddə heç bir halda bilavasitə hərbi müdaxilə nəzərdə tutmur. Buna görə də Meloninin dediyi 5-ci maddə məsələsi sadəcə Avropanın Ukraynaya dəstəyinin güclənməsinə yönəlmiş siyasi voluntaristik bəyanatdır. Yəni formal şəkildə hərbi müdaxilə olmadan NATO hərbiçilərini kontingent formatında Ukraynaya göndərmədən bu ölkəyə dəstəyin artırılmasından söhbət gedir".