AZ

Cənubi Qafqazda “BÖYÜK OYUN” – “Okeanın o tayındakı dövlətlər belə…”

“Ermənistan Azərbaycan münasibətləri gərgin olarsa, əlbəttə, kənar dövlətlər, hətta okeanın o tayındakı dövlətlər belə öz məqsədləri üçün istifadə edə bilər”.

Bu sözləri Cənubi Qafqazda baş verən proseslər və gözlənilən təhdidləri Yenicag.az-a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda hazırkı stabillik kənar müdaxilələrin qarşısını alır:

“Son bir neçə onillikdə dünyada hərbi-siyasi xəritələrin dəyişməsi ilə dünyada dövlətlər arasında münasibətlər sistemini də dəyişib. Bu vəziyyət Cənubi Qafqazdan da yan keçməyib. 2020-ci ildə 44 günlük müharibə və antiterror əməliyyatı ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Düşünürəm ki, bu dövlət siyasətinin uğurlu yekunu idi. Eyni zamanda, bu dünyada baş verən proseslərdən bəhrələnmək imkanı idi. Azərbaycanın bu problemi həll etməsi Cənubi Qafqazda bir çox münasibətlərə də təsir etdi”.

O, əlavə edib ki, Ukraynada müharibənin başlaması vəziyyəti tamamilə dəyişdi:

“ABŞ-nin aqressiv münasibəti, Rusiyanın hərbi müdaxiləsi, ABŞ-nin məsələnin həlli ilə bağlı qeyri-adekvat yanaşması problemi daha da gərginləşdirdi. Nəticədə Cənubi Qafqaz da iki böyük arasındakı qarşıdurmanın təzyiqi altına düşdü. Etiraf etmək lazımdır ki, Cənubi Qafqaz böyük dövlətlərin maraq dairəsində olub. Rusiya, İran, Türkiyə bu regionda maraqlarının mövcud olmasını istəyiblər və buna çalışıblar. Cənubi Qafqazda stabillik adı keçən ölkələrin də normal davranmasına gətirib çıxarar. Ermənistan Azərbaycan münasibətləri gərgin olarsa, əlbəttə, kənar dövlətlər, hətta okeanın o tayındakı dövlətlər belə öz məqsədləri üçün istifadə edə bilər. Cənubi Qafqazda hazırkı stabillik kənar müdaxilələrin qarşısını alır. Cənubi Qafqaza təhdidlər var. Bu işğal anlamına gəlmir. Sadəcə olaraq regional və beynəlxalq güclər iqtisadi maraqlarını təmin etmək istəyəcəklər. Bu isə siyasi münasibətlərin normal olmasından keçir”.

Səxavət Məmməd

Seçilən
22
yenicag.az

1Mənbələr