AZ

Dünyada idarə olunan xaos yaradır, mövcud nizamı dağıdırlar

Dünyada

“İndi dünyada baş verən prosesləri çoxları 1930-cu illərlə, yəni II Dünya Müharibəsindən əvvəlki vəziyyətlə müqayisə edir. Ancaq mən vəziyyəti daha çox I Dünya Müharibəsi ərəfəsindəki duruma oxşadıram. O zaman Alman reyxi deyirdi ki, bizə torpaq çatmayıb və elə bu səbəbdən də dünya müharibəsinə başladılar. Rusiya lideri də uzun illər Almaniyada işləyib və görünür ki, bu kimi məsələləri orada əxz edib. Ancaq aydındır ki, həm birinci, həm də ikinci dünya savaşlarının səbəbi eyni olub-dünyanı yenidən bölüşdürmək cəhdi”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Siyasətçinin fikrincə, yenə dünyada eyni vəziyyət müşahidə olunur:

“Rusiya prezidenti deyir ki, Ukrayna bizimdir, heç Ukrayna dövlətçiliyi olmayıb, onu Lenin yaradıb və s. Putinlə paralel olaraq ABŞ prezidenti Donald Tramp bildirir ki, Qrenlandiya bizimdir, Kanada bizim 51-ci ştatımız olmalıdır, Panama kanalı və Meksika körfəzi mülkiyyətimizə keçməlidir. Bunlar nə deməkdir? Dünyanı yenidən bölüşdürmək, daha çoxuna sahib olmaq! Belə istəyənləri insanlar və xalqlar düşündürmür”.

ADP sədri bildirib ki, hazırda dünyada müşahidə olunan gərginlik, çaxnaşmalar buna görədir:

“Qanunauyğunluğa görə, yeni dünya nizamını qurmaq üçün xaos yaradılmalıdır: “İndi biz süni xaosun yaradıldığını müşahidə edirik. Bunun əlamətləri nədir?

Rusiya hansısa nüvə müqaviləsindən çıxdı. Ardınca ABŞ-nın yeni rəhbərliyi elan edir ki, BMT-dən çıxa, NATO-nu tərk edə bilər. Deməsələr belə, davranışları bunu göstərir. Artıq ABŞ bir neçə beynəlxalq qurumdan çıxıb. Bunların əvəzində nə edib? Bir-iki il əvvəl təxnminən yüzə yaxın dövləti Vaşinqtona dəvət edib nəsə yaratmışdı. Buna nail olmaq üçün qlobal güclər kiçik dövlətləri və millətləri xaos, nüvə müharibəsi, III Dünya Savaşı kimi məsələlərlə sobataj edirlər. Amma Ukrayna müharibəsi göstərdi ki, nüvə savaşı baş verməyəcək. Odur ki, biz idarə olunan xaosu müşahidə edirik. Xaosdan sonra yeni dünya nizamı qurulmalıdır”.

S. Cəlaloğlunun fikrincə, yeni dünya nizamının qurulmasından iştirak edəngüclü tərəflər nəsə qazanacaq: “Bu fonda Türkiyə prezidenti Ərdoğanın “dünya beşdən böyükdür” açıqlaması təsadüfi deyil. Türkiyə türkdilli dövlətləri, eləcə də bir sıra müsəlman ölkələrini yanına ala bilər. Türk Dövlətlər Birliyinin yaranması, inkişaf etdirilməsi də təsadüfi deyil. Hesab edirəm ki, bütün bunlar Türkiyə liderinin dediyi dünyanın altıncı gücünün yaradılmasının ştrixlərini cızır. Bu prosesdə Azərbaycanın Türkiyə ilə birlikdə olması xüsusilə əhəmiyyətlidir”.

Y. QACAR
Seçilən
26
reyting.az

1Mənbələr