AZ

"Dəyişiklik istəyirsənsə, öncə özündən başlamalısan. Hazırsınızmı?" - QHT sədri Xəyalə Mütəllimova

"Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Xəyalə Mütəllimova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə QHT.az-a açıqlama verib.

QHT sədri bildirib ki, bu gün yalnız bayram deyil, eyni zamanda qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini təbliğ edən tarixi ənənədir:

"Qarşı cinsin nümayəndəsilə və hətta öz həmcinsinin nümayəndəsilə bbərabər hüquqlu olmaq uğrunda aparılan mübarizənin nəticəsində bu xüsusi gün anlamlı və dəyərli bir tarixi mirasdır. Bu günü qeyd edərkən qadınların dəyərinin anlaşılması üçün mübarizə aparan insanları da yad etməliyik. Bu günü bizə qazandıran mübariz qadınların əməyinə hörmət edirik".

Azərbaycan cəmiyyətində qadınların roluna toxunan Xəyalə Mütəllimova vurğulayıb ki, qadın yalnız "ana" obrazı ilə məhdudlaşdırılmamalıdır:

"Azərbaycan cəmiyyətində qadınların rolu müxtəlif sahələrin mütəxəssisləri tərəfindən müzakirə olunub. Əksər nəticə "ana" obrazı üzərində köklənib. Təbii ki, "ana" bir qadın üçün anlamlı və dəyərli bir mövhumdur. Eləcə də, kişilər üçün. Sadəcə qadın ancaq "ana" olmalıdır deyə məhdudlaşdırılan mühit, qadının şəxsi və peşə inkişafına əsla yol aça bilməz. Tomiris kimi həm ana, həm öz məqsədləri uğrunda döyüşən bir qadınımız var, tariximizin qızıl səhifələrində. Həm ana, həm də Azərbaycanın Birinci Qarabağ müharibəsində həlak olan ilk xanım jurnalisti Salatın Əsgərovanın mübarizəsini də xatırlamalıyıq. Daha neçə belə nümunə var ki, qadınlığı sadəcə analıq etməkdən ibarət olmayan insanlar öz ölkəsinin, cəmiyyətinin rifahı uğrunda mübarizə aparıblar. Azərbaycan qadınının cəmiyyətdəki rolu mübariz və güclü insan olmaqdır. Sadəcə ana deyil, öz peşəsində də ən yüksək zirvələri hədəfləməkdir". 

Qadın liderliyinə də diqqət çəkən QHT sədri bildirib ki, lider qadın olmaq üçün hədəfləri yüksək səviyyədə tutmaq, maneələrə baxmayaraq irəli getmək və mənfi mühitdən uzaqlaşaraq əzmlə addımlamaq vacibdir:

"Azərbaycan qadını cəmiyyətində lider olmaq üçün öncəliklə öz yetişdirdiyi yeni nəslin təlim-tərbiyəsini, eləcə də mədəni-etik davranış kodeksini formalaşdırmaqda daha qətiyyətli və bacarıqlı olmalıdır. Lider qadın olmaq üçün hədəflərini liderlik səviyyəsində tutmaq çox önəmlidir. Zirvəyə çıxarkən ayağına dəyən daşları, batan tikanları çıxarıb yola davam etməkdən yorulmamaq çox önəmlidir. Arxadan danışılanlar ruh yüksəkliyini itirməyə əsas olmamalıdır. Əksinə mənfi mühitdən uzaqlaşmaq üçün daha irəli getməyə əsaslı səbəb sayılmalı və əzmlə addımlamaq üçün stimul verməlidir. Ruh yüksəkliyini aşağı salan "aşağı" adamlara ən doğru cavab liderlik zirvəsinə çatanda aparılan mübarizənin nəticəsini göstərmək kifayətdir".

Sonda Xəyalə Mütəllimova qadınlara müraciət edərək onları cəmiyyətin inkişafında aktiv rol almağa çağırıb:

"Dəyişiklik istəyirsənsə, öncə özündən başlamalısan. Cəmiyyəti dəyişmək üçün fərdi dəyişmək öncəliklidir. Fərdlər dəyişdikcə inkişafın ilk addımı atılır. Dəyişən fərdlər birləşdikcə əsl və ali cəmiyyət o zaman formalaşır. Bu dəyişiklik üçün istər dövlət, istər özəl sektor - fərq etmədən, hamılıqla bir addım atmalıyıq. İstər təhsil, istər hüquqi sferada öhdəliyimiz qadının dəyərli olduğunu təlqin, təbliğ və təqdim edən bir anlayışın yaranmasına dəstək olmalıyıq. Rəqəmlə bir olmaq kifayət etmir. Gələcəyin güclü və lider Azərbaycan qadınını görmək istəyiriksə, sözdə və əməldə də "bir" olmalıyıq, birgə hərəkət etməliyik. Həyatda heç bir uğur birdən qazanılmır, ancaq illərlə aparılan mübarizənin nəticəsini bir gün əldə etmək mümkündür. Düşünürəm ki, 8 mart da bunun üçün nümunələrdən sadəcə biridir. Başqa bir nümunə də biz ola bilərik, şübhəsiz. Tam da bu yerdə qadınlarımıza sual ünvanlayıram: Hazırsınızmı?"

 

Pərvanə Fərhadqızı

QHT.az

 

Seçilən
22
qht.az

1Mənbələr