AZ

Xatirə Talıbzadə: Könüllülük karyera yolunda ən böyük addımdır – MÜSAHİBƏ

Bakı, 7 mart, AZƏRTAC

Könüllülük fəaliyyəti bu gün gənclərin sosial aktivliyini artıran, onların şəxsi və peşəkar inkişafına töhfə verən ən mühüm platformalardan biridir. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fəaliyyət göstərən UNEC Könüllüləri Təşkilatı da bu məqsədə xidmət edir. Könüllülərin fəaliyyəti, təşkilatın layihələri və gələcək planları barədə daha ətraflı məlumat almaq üçün UNEC Könüllüləri Təşkilatının sədri, eyni zamanda, UNEC Sosial İş Qrupunun rəhbəri olan Xatirə Talıbzadə ilə həmsöhbət olduq. AZƏRTAC həmin müsahibəni təqdim edir:

– Xatirə xanım, UNEC Könüllüləri Təşkilatının yaranma tarixi və missiyası barədə danışardınız.

- UNEC Könüllüləri Təşkilatı 2020-ci ildə Maliyyə və Mühasibat Fakültəsinin tələbəsi Orxan Vəliyevin təşəbbüsü ilə yaradılıb və UNEC-in Elmi Şurası tərəfindən təsdiq edilib. 2025-ci ildə təşkilatımızın 5 illiyini qeyd edəcəyik. Təşkilatın əsas məqsədi könüllülük hərəkatına töhfə vermək, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək və onların şəxsi inkişafına dəstək olmaqdır. Xüsusilə COP29 tədbirindən sonra Prezident İlham Əliyevin könüllülərə verdiyi yüksək dəyər cəmiyyətin bu hərəkatı daha çox mənimsəməsinə səbəb olub. Könüllülük artıq karyera inkişafında mühüm rol oynayır.

- UNEC Könüllüləri Təşkilatı yalnız UNEC tələbələri üçün nəzərdə tutulub? Digər universitetlərdən qoşulmaq mümkündürmü?

-Bəli, UNEC Könüllüləri Təşkilatı yalnız UNEC tələbələri üçün fəaliyyət göstərir. Digər universitetlərdən tələbələr bizə qoşula bilməzlər, lakin müxtəlif universitetlərin könüllü təşkilatları ilə əməkdaşlıq layihələri həyata keçirə bilərik.

- Hazırda təşkilatda neçə könüllü var və onların əsas fəaliyyət istiqamətləri hansılardır?

- Hazırda UNEC Könüllüləri Təşkilatında 940-a yaxın aktiv könüllü var. Könüllülərimiz universitet daxilində keçirilən tədbirlərin təşkili və idarə olunmasında, sosial layihələrin icrasında, inklüziv təhsillə bağlı fəaliyyətlərdə iştirak edirlər. Bundan əlavə, imtahan sessiyalarında şəffaflığı təmin etmək üçün tələbə nəzarətçilərimiz də fəaliyyət göstərir.

- Könüllülərlə bağlı yeni layihələriniz hansılardır?

-Bu il bir çox yeniliklər nəzərdə tutmuşuq. Sentyabr ayında infosessiyalar təşkil edəcəyik. Yeni qəbul olan tələbələr universitetin sistemi, tarixi və qaydaları ilə tanış ola biləcəklər. UNEC-in Dəstək Mərkəzində könüllülərimiz abituriyentlərə və yeni tələbələrə kömək edirlər. Bundan əlavə, bu il sessiya dönəmində daha çox vörkşoplar və masterklaslara üstünlük verməyi planlaşdırırıq. Adətən UNEC tələbələrinin yalnız iqtisadi sahəyə yönəldiyi düşünülür, lakin biz tələbələrimizin keramika, rəsm və digər yaradıcı sahələrə olan maraqlarını da üzə çıxarmağa çalışırıq. Həmçinin UNEC muzeylərinə ekskursiyalar, xarici ekspertlərin iştirakı ilə təlimlər və sosial iş sahəsi üzrə layihələr həyata keçiririk.

- Universitet daxilində UNEC Könüllüləri Təşkilatına maraq necədir?

-Birinci və ikinci kurs tələbələri arasında təşkilata maraq çox yüksəkdir. Təəssüf ki, dördüncü kursda bu maraq bir qədər azalır, çünki tələbələr karyera və təhsil qayğıları ilə daha çox məşğul olurlar. Lakin düşünürəm ki, bu, doğru yanaşma deyil. Könüllülük gənclərin gələcək karyeraları üçün böyük imkanlar yaradır.

-UNEC Könüllüləri Təşkilatının əməkdaşlıq etdiyi qurumlar varmı?

-Bəli. Ötən il təşkilatımız 3 memorandum imzalayıb. Əsas əməkdaşlıqlarımız isə UNEC İnklüziv Təhsil Mərkəzi, Ubuntu Sosial İş Dərnəyi və Sosial İş Klubudur. Bu əməkdaşlıqlar çərçivəsində inklüziv təhsilin inkişafı üçün yeni sosial layihələr və təlimlər, sosial iş ixtisasının inkişafında yerli və xarici mütəxəssislərin iştirakı ilə birgə layihələr həyata keçiririk. Bundan əlavə, Bakı Dövlət Universitetinin könüllü təşkilatları ilə əməkdaşlıq imkanlarımız da mövcuddur.

– Könüllülük fəaliyyəti ilə bağlı UNEC Könüllülərinə qoşulmaq istəyən tələbələrə nə tövsiyə edərdiniz?

- Mən UNEC-dəki uğurlarımı könüllülük fəaliyyətimə borcluyam. İlk dəfə 17 yaşımda, birinci kursda oxuyarkən DOST Agentliyində könüllü kimi fəaliyyətə başladım. Sonra ASAN Xidmət, Miqrasiya Xidməti, müxtəlif deputatların ofisləri və beynəlxalq təşkilatlarda könüllü oldum. Bu illər ərzində 100-dən çox layihədə iştirak etmişəm və UNEC-də bu fəaliyyətlər sayəsində bir çox nailiyyətlər qazanmışam. Belə ki, UNEC-in “Ən yaxşı tələbəsi” və “Ən uğurlu xanım tələbəsi” adlarına layiq görülmüşəm. COP29 çərçivəsində Prezident tərəfindən Təşəkkürnamə və pul mükafatı ilə təltif olunmuşam. Bütün bunları sırf könüllü fəaliyyətlərimin nəticəsi olaraq qazandım. Ona görə də UNEC tələbələrinə səslənirəm, birinci kursdan könüllülük fəaliyyətinə başlayın! Bu, sizə həm şəxsi, həm də peşəkar həyatda böyük üstünlüklər qazandıracaq.

– Gələcək planlarınız nədir? UNEC Könüllüləri Təşkilatını daha da inkişaf etdirmək üçün hansı layihələr üzərində işləyirsiniz?

-Gələcəkdə UNEC Könüllüləri Təşkilatını daha da genişləndirmək, yeni tərəfdaşlarla əməkdaşlıqlar qurmaq və tələbələrə daha çox inkişaf imkanları yaratmaq istəyirik. Xüsusilə beynəlxalq layihələrə qoşulmaq və UNEC könüllülərinin bu sahədə tanınmasını təmin etmək əsas hədəflərimizdəndir.

– Sonda UNEC Könüllülərinə və tələbələrə əlavə nə demək istərdiniz?

-UNEC Könüllüləri böyük bir ailədir və bu ailənin bir üzvü olmaq sizə unudulmaz təcrübələr qazandıracaq. Əgər siz də həm universitetdə aktiv olmaq, həm də gələcək karyeranız üçün dəyərli təcrübə qazanmaq istəyirsinizsə UNEC Könüllüləri Təşkilatına qoşulmaq üçün ən doğru zamandır!

- Müsahibə üçün təşəkkür edirik.

- Mən də öz adımdan AZƏRTAC-a minnətdarlığımı bildirirəm ki, könüllülük fəaliyyətinin təbliğinə önəm verir və bu yöndə materialları geniş işıqlandırırsınız.

Seçilən
26
azertag.az

1Mənbələr