Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ombudsmanın məruzəsinə istinadla bildirib ki, hərbi çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var.
Bu mövzuda "Yeni Sabah"a danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, hərbi qanunvericilikdəki boşluqlar təkcə bundan ibarət deyil:
“Həmişə demişəm, Milli Məclis öküzün buynuzundan tutmaqdansa, quyruğundan tutur. Yəni bu gün mövcud hərbi qanunvericilik keçmiş SSRİ-dən qalmış tərcümədir və boşluqlarla doludur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin öz hərbi tibbi komissiyası var, Müdafiə Nazirliyinin də, üstəlik, bu işi həvalə edirik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Ekspertiza və Reablitasiya Agentliyinə. Bu gülüncdür!
Əvvəla, əgər o biri qurumlar etibarsızdırsa, onları saxlamağa nə ehtiyac var? Necə olur ki, Müdafiə Nazirliyinin hərbi tibb komissiyası yazır ki, bu adam hərbi xidmət dövründə xəsarət alıb və əlilliyi müəyyən edilməlidir. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, sənə əlillik düşmür. Bu insan necə yaşamalıdır?!”
Hərbi ekspert qeyd edib ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bu mövzuda işlər görməlidir:
“Narkomaniya cəmiyyətdə ən bəlalı xəstəliklərdən biridir. Bu gün heç kimə sirr deyil ki, xeyli adam var ki, narkoloji qeydiyyatdadır. O adamlar sabah hərbi xidmətə çağrılanda zabitlər üçün qara günlər başlayır. Zabit bilmir ki, bu adamlarla necə işləsin. Bunun yolunu düşünmək lazımdır. Belə adamların xidmətə çağrılıb-çağrılmaması, onlara silahın verilib-verilməməsi müzakirə edilməlidir. Sabah bunlar özlərinə də xəsarət yetirə bilər.
Milli Məclisdə Arzu Nağıyevin rəhbərlik etdiyi Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsi var. Həmin komitənin üzvləri hara baxır, axı bu məsələyə peşəkar rəy verməlidirlər”.
Nazim Hacıyev
Telegram kanalımız