"İnsanlar küçələrdə yaşayan heyvanlarla bağlı iki cəbhəyə bölünüb. Bir tərəf sahibsiz küçə itlərinin dərhal küçələrdən toplanması və sığınacaqlara salınmasını tələb edir, digər tərəf isə qısırlaşdırılmasını və peyvənd edilməsini, yenidən küçələrə buraxılmasını. Küçə heyvanları sterilizasiya olunmasa, yəni qısırlaşdırılmasa, cütləşmək dövrü gəldikdə aqressivləşirlər". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, sterilizasiya edildikdə daha itaətkar olurlar, aqressiyaları itir: "Ev heyvanları saxlayan insanlar bunu asanlıqla müşahidə edə bilər: "Üstəlik, erkək və dişi heyvanın mütəmadi cütləşməsi il ərzində sahibsiz küçə heyvanlarının çoxalmasına səbəb olur. Lakin, heyvanların toplaşaraq insanlara hücum etməsinin, onların sterilizasiya olub-olmaması ilə heç bir əlaqəsi olmadığı da iddia olunur. Ümumiyyətlə, sterilizasiya hazırkı vəziyyətdə çarə deyil. Qısırlaşdırılmayan heyvanların daha aqressiv olması faktı həmçinin, ac heyvanlara da aiddir. Ac küçə itləri qrup halında gəzirlər, özləri bir ərazi müəyyənləşdirir və həmin əraziyə daxil olan yad təhlükələrə (insanlar da daxil olmaqla) hücum edir, onları ərazilərini ələ keçirmək istəyən işğalçı kimi görürlər. İnsanlar şəhərləri, insanlara görə dizayn edib. Biz, küçələri, yolları, prospektləri özümüzə görə tikdik, onların təbii yaşayış yerlərini əllərindən aldıq. Təəssüf ki, küçədə yaşamaq uğrunda daim mübarizə gedir. Çünki, onların təbii yaşayış yerlərini dağıdaraq tikdiyimiz binalar, ucaltdığımız göydələnlər onların həyatını çox çətinləşdirdi. Küçələrdə yaşayan heyvanlar günlərinin çoxunu qida axtarışında keçirirlər, qidanı da insanların sıx məskunlaşdığı ərazilərdən tapa bildikləri üçün sürü halında yaşayış yerlərimizə gəlirlər. Olanlar da bundan sonra olur. Bu dünya bütün canlıların, eləcə də küçə heyvanlarının evidir. Uyğun həll yollarını tətbiq etməklə küçələrdəki sahibsiz heyvanlarla dinc yaşamamız mümkündür. Sadəcə, onların sterilizasiya olunması və qida ilə təmin olunması bu həll yollarından ən vacibidir".