AZ

“Əbülfəz Əliyevə dəfələrlə müraciət etdim ki, əgər “KQB” agentiyəmsə, arxivləri açdırın və dosyemi qoyun ortalığa...”

“Cavab verdi ki, yox, açsam, vətəndaş müharibəsi olar. Mən də cavab yazdım ki, Azərbaycanda uzaqbaşı, 5-10 min “KQB” agenti olar və sizin sözünüzdən belə çıxır ki, 10 min agentin üzə çıxarılmasına görə ölkədə vətəndaş müharibəsi olacaq.  Vətəndaş müharibəsi o vaxt olur ki, xalq siyasi-ideoloji baxımdan tən yarı bölünür...”
 
“Azərbaycan Xalq Cəbhəsini mən yaratmışdım və o dövrdə həmin təşkilatın ən nüfuzlu aparıcı şəxsi idim. Ancaq Əbülfəz Əliyev gəldi AXC-yə  və məni kənarlaşdırmaq üçün işlər görməyə başladı. Çünki o və tərəfdarları yalnız “vur, yıx, dağıt” şüarıyla hərəkət edirdilər, mən isə deyirdim ki, gəlin danışaq, tədbir görək, quraq... O zaman onlar bütün Azərbaycana şayiə yaymağa başladılar ki, Zərdüşt Əlizadə “KQB” agentidir. Lap yaxşı... Zərdüşt Əlizadə də axırda bezdi, usandı və 1990-cı il yanvarın 7-də AXC rəhbərliyindən istefa verərək getdi. Son sözü də bu oldu ki, bu cür təxrubat, dava, qan çağırışlarıyla xalqın evini yıxacaqsınız. Bir həftədən sonra həmin “KQB” Bakıda həmin təxribatçı qüvvələr vasitəsilə erməni talanlarını təşkil etdi. Daha bir həftədən sonra isə 20 Yanvar qətliamı baş verdi. Və 3 iyun 1992-ci ildə AXC çevrilişlə hakimiyyətə gələndən az sonra mən yazdım ki, sizi bir ildən sonra devirəcəklər. 4 iyun 1993-cü ildə Gəncədə qiyam başladı. Bircə gün səhv etmişdim”.
 
Bunu Moderator.az-a açıqlamasında “KQB” arxivlərinin açılması probleminə toxunan keçmiş ASDP sədri, politoloq Zərdüşt Əlizadə söyləyib.
 
“Əbülfəz Əliyev prezident olanda mən ona dəfələrlə rəsmən, yazılı şəkildə müraciət etdim ki, neçə ildir ölkədə şayiə yayırsız ki, Zərdüşt Əlizadə “KQB”-nin agentidir – indi prezidentsiniz, xahiş edirəm, əmr edin, əgər arxivlərdə mənim dosyem varsa, açsınlar, millət də gəlsin “KQB” agenti kimi tüpürsün mənim cəmdəyimə... Amma öz dosyeni də aç, Xalq Cəbhəsinin İdarə Heyətinin 15 üzvünün hamısının dosyesini aç. Bir dedim, iki dedim, Azərbaycan Respublikası Prezidenti Əbülfəz Əliyevə açıq məktub” yazdım. Daşdan səs çıxdı Əbülfəz Əliyevdən səs çıxmadı... 
 
Nəhayət, mətbuat konfranslarından birində bir jurnalist prezident kimi ona sual verdi ki, Zərdüşt Əlizadə dəfələrlə sizə müraciət edir ki, “KQB” arxivlərini açın və mənim dosyem varsa, onu açıb xalqa göstərin, niyə açdırmırsız arxivləri. Əbülfəz Əliyev cavab verdi ki, yox, açsam, vətəndaş müharibəsi olar. Mən də cavab yazdım ki, Azərbaycanda uzaqbaşı, 5-10 min “KQB” agenti olar və sizin sözünüzdən belə çıxır ki, 10 min agentin üzə çıxarılmasına görə ölkədə vətəndaş müharibəsi olacaq.  Vətəndaş müharibəsi o vaxt olur ki, xalq siyasi-ideoloji baxımdan tən yarı bölünür. Bir sözlə, Əbülfəz Əliyev DTK arxivlərini açmadı və dediyim kimi, cəmi  bir il hakimiyyətdə qaldıqdan sonra Heydər Əliyev hakimiyyətə gəldi və bu məsələ öz aktuallığını itirdi. Amma onu da deyim ki, hələ AXC hakimiyyətdə olan dövrdə keçmiş Azərbaycan SSR DTK-nın istintaq idarəsinin polkovniki Əziz Rəsulov onu MTN-dəki işindən haqsız yerə çıxardıqları üçün “İstiqlal” qəzetinin baş redaktoru kimi mənə müraciət etdi, onun müsahibəsini dərc etdim.  Və həmin müsahibədə Əbülfəz Əliyevin özünün kimliyi açıq şəkildə ortalığa qoyuldu...”
 
Sultan Laçın 
 
Seçilən
12
moderator.az

1Mənbələr