AZ

Aqrar Sığorta Fonduna bu il şaxtavurma ilə bağlı 30-a yaxın müraciət daxil olub

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın müxtəlif bölgələrində meyvə bağlarına qar yağması və şaxtavurma (donvurma) hadisələri ilə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə 30-a yaxın müraciət daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fonddan bildirilib. 

Məlumata görə, əsas müraciətlər Lənkəran, Yevlax, Şəmkir, Xaçmaz, Qax, Ağdaş və Ağstafa rayonlarından daxil olub.

Şaxtavurmadan zərər görmüş meyvə bağları əsasən limon, mandarin, şaftalı, nektarin, ərik, badam, gilas, gavalı və fındıq bağlarıdır.

Bütün müraciətlər qeydə alınıb və araşdırılması üçün təsərrüfatlara müstəqil aqrar sığorta ekspertləri yönləndirilib. Hazırda araşdırmalar davam edir.

Aqrar sığorta çərçivəsində meyvə bağları və əkin sahələri dolu, fırtına, qasırğa, sel-subasma, doluvurmadan keyfiyyət itkisi, leysan yağışları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalanır.

Dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizminə əsasən sığorta haqqının 50%-ni dövlət ödəyir. Bu da fermerlərə cüzi ödənişlə əkin sahələrini və meyvə bağlarını sığortalamaq imkanı yaradır. 

Seçilən
13
report.az

1Mənbələr