AZ

Tütün məmuları ilə bağlı QADAĞALAR - Qaydaları pozanları BU CƏZA GÖZLƏYƏCƏK...

"Tütün məmulatlarının istifadəsi dünya miqyasında sağlamlığa ciddi təhlükələr yaradaraq insanların həyat keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbə görə də əksər ölkələr əhalinin sağlamlığını qorumaq və tütün istifadəsinin qarşısını almaq üçün müxtəlif qanunvericilik və məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər.
Düzdür, hazırda tütün məmulatlarından təkcə zərərli məqsədlər üçün istifadə olunmur.  Məsələn, onlardan tibbi və farmakoloji, tədqiqat məqsədləri ilə, eləcə də ətriyyat və kimya sənayesində də faydalanılır. Lakin onun insan sağlamlığı və ətraf mühit üçün ciddi zərərləri olduğundan buna dair müəyyən məhdudiyyətlər və qadağalar mövcuddur"
 
 
 Bu sözləri Moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov bildirib. 
 
"Dünya təcrübəsinə nəzər saldıqda görmək olar ki, məsələn, 2004-cü ildən etibarən Butan dövləti sevindirici haldır ki, siqaretin idxalını, satışını və istifadəsini tamamilə qadağan edib. Bu qərar ölkədə əhalisinin sağlamlığını qorumaq və siqaretin zərərlərindən uzaq tutmaq məqsədini güdür.
 
Böyük Britaniyada 2007-ci ildə siqaretin ictimai yerlərdə çəkilməsi qadağan edilmiş, nəticədə bu qərar xüsusilə restoranlar, barlar və ofislərdə siqaret istifadəsinin azalmasına gətirib çıxarmışdır. Avstraliya 2012-ci ildə siqaretlərin “standart qablaşdırma” (“Plain packaging”) qaydasını tətbiq edən ilk ölkə olub. Belə ki, ölkədə siqaret qutuları eyni rəngdə, loqosuz, və qorxu oyadan tibbi xəbərdarlıqla satılır. Ölkə həmçinin, ictimai yerlərdə, restoranlarda, iş yerlərində və çoxlu sayda digər məkanlarda siqaret çəkməyi tamamilə qadağan edib. Sinqapurda tütün məmulatlarının reklamı tamamilə qadağandır və ictimai yerlərdə siqaret çəkmək ciddi cərimələrlə cəzalandırılır. ABŞ-ın Nyu-York şəhərində hər il siqaretin qiyməti artırılır. Məqsəd isə onu əldə etməyin iqtisadi cəhətdən əlçatmaz etməkdir.
 
Tütün məmulatları ilə bağlı hüquqi tənzimləmə ölkəmizdə necə həyata keçirilir?
Ölkəmizə gəldikdə, qeyd edək ki, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə məsələlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Tütün və tütün məmulatları haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası müvafiq bəyanatla həm də 2003-cü il mayın 21-də imzalanmış "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyasına qoşulmuşdur.
 
 “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası qanununun 1.0.1-ci maddəsinə görə tütün məmulatı dedikdə, tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.) başa düşülür. Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.
 
Həmin qanunun 7-ci maddəsinə əsasən hər kəsin tütün məmulatlarının və onlardan tüstü ilə ayrılan məhsulların komponentləri, tütün çəkilməsinin zərərli təsiri, profilaktikası və məhdudlaşdırılması barədə məlumat almaq hüququ vardır. Tütün məmulatlarının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatlar istifadəçiyə bildirilməli, tütün məmulatları qutularının üzərində həmin məlumatlar əks etdirilməlidir.
 
Ölkəmizdə hüquqi və fiziki şəxslər tütün məmulatlarının satışında istifadəçiləri həvəsləndirə bilərlərmi?
Sözügedən qanunun 8-ci maddəsində hüquqi və fiziki şəxslərə tütün məmulatlarının satışında istifadəçilərin həvəsləndirilməsi üçün müəyyən üsullardan istifadə edilməsi qadağan edilir. Bu üsullar isə aşağıdakılardır:
 
- tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;
- tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;
- tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların, o cümlədən stimullaşdırıcı lotereyaların keçirilməsi.
 
Ümumiyyətlə, ölkəmizdə tütün istehsalı və satışı ilə məşğul olan şəxslər tərəfindən istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarının istehlakçılara hədiyyə və ya yardım kimi paylanmasına yol verilmir.
 
Tütün çəkilməsinə icazə verilməyən yerlər haqqqında nə deyə bilərsiniz?
 
Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
 
- təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
- tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
- ticarət obyektlərində;
- məişət obyektlərində;
- sosial xidmət müəssisələrində;
- yerləşdirmə vasitələrində;
- teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
- uşaq meydançalarında;
- yerüstü qapalı və yeraltı piyada keçidlərində;
 
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
- metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
- hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;
- hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
- taksafonlarda;
- yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.
Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri yuxarıda sadalanan yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.
Söhbət açdırığımız Qanunun 10.1.3-cü, 10.1.4-cü, 10.1.5-ci, 10.1.8-ci, 10.1.14-cü (su və dəmiryolu nəqliyyatında), 10.1.15-ci və 10.1.19-cu maddələrində göstərilən yerlərdə tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər.
Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.
 
Mediada tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliğ olunmasına dair hüquqi tələblər də varmı?
Məlumdur ki, media subyektləri tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliğində iştirak edirlər.
Müvafiq icra hakimiyyəti orqanları mediada tütündən istifadənin zərərli təsirləri barədə davamlı təbliğat işinin aparılması üçün müvafiq tədbirlər həyata keçirirlər.
Qanunun 12.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda proqramlar hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu proqramların 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında yayımlanır və proqramların surəti hər ay Azərbaycan Respublikasının Audiovizual Şurasına təhvil verilir.
 
Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı həyata keçirilə bilərmi? 
Xeyr,  yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.
Qanunun 13-cü maddəsinə görə tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir.
Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir.
Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.
 
Qanunvericilikdə tütün məmulatlarından istifadə ilə bağlı qaydaları pozanları hansı cəzalar gözləyir?
 
Bu cür hüquq pozuntularına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində bir sıra inzibati xətalar və onlara görə inzibati tənbeh tədbirləri nəzərdə tutulur. Məsələn, onlardan biri həmin məcəllənin 212-ci maddədə nəzərdə tutulmuş tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi ilə bağlı inzibati xətadır. Məcəllənin 212.3-cü maddəsində təsbit edilir ki, yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi yüz manat məbləğində cərimə edilir. 212.4-cü maddəyə əsasən isə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə edilir.
 
Adı çəkilən məcəllənin 299-cu maddəsində hava nəqliyyatında tütün çəkməyə görə yüz manat məbləğində cərimə, 305-ci maddədə dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə qırx manat məbləğində cərimə, 318-ci maddədə dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə qırx manat məbləğində cərimə nəzərdə tutulur.
 
Məcəllənin 455.2-ci maddəsinə görə isə etil (qida) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə  yüz manat məbləğində cərimə edilir".
 
Seçilən
29
moderator.az

1Mənbələr