Futbol üzrə II Liqada mübarizə aparan "Şəmkir"in üzvü Vidadi Cəfərov PFL tərəfindən mükafatlandırılıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçunun çempionatın XIII turu çərçivəsində "Lerik"ə vurduğu qol 2024-cü il dekabr ayı üçün "Ayın qolu" nominasiyasında qalib olub.

Bu münasibətlə futbolçuya mükafatı bu gün PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.

Qeyd edək ki, V.Cəfərov hazırda II Liqanın bombardiridir. O, 15 matçda 20 dəfə fərqlənib. Ötən ilin dekabrında ümumilikdə 7 qol vuran hücumçu dekabrın 11-də "Füzuli"yə qarşı görüşdə isə rəqib üçün əsl kabusa çevrilib. Vidadi həmin matçda 4 qola imza ataraq, Azərbaycan çempionatlarında nadir hallarda rast gəlinən pokeri rəsmiləşdirib.