Heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək.
Korrespondent.az xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “Rossiya 24” telekanalının efirində bildirib.
“Əlbəttə, bu axmaqlıqdır, heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək. Nə biz, nə amerikalılar, nə də ümumiyyətlə nüvə silahının yayılmaması rejimi buna imkan verməyəcək”, - deyə, TASS onun sözlərindən sitat gətirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi daha əvvəl nüvə silahı ilə bağlı yaranan müzakirələri “normaların aşınması” kimi qiymətləndirmişdi.
Xatırladaq ki, sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndəsi, Bundestaqın Müdafiə Komitəsinin üzvü Rüdiqer Lukassen bildirib ki, dəyişən təhlükəsizlik vəziyyətinə görə Almaniya öz nüvə silahına sahib olmalıdır.
“Buna nail olmaq üçün ən qısa zamanda Əsas Qanuna dəyişiklik etmək lazımdır”, - deyə deputat bildirib.
Lukassen qeyd edib ki, bu, ABŞ-ın “nüvə çətiri”nin işləmədiyi halda zəruridir. Onun sözlərinə görə, Böyük Britaniya və Fransanın nüvə silahı Avropanın təhlükəsizliyini təmin etmək üçün kifayət etməyəcək.
Fevralın sonunda “The Daily Telegraph” qəzeti yazıb ki, ABŞ qoşunları Avropadan çıxarılarsa, Fransanın nüvə silahı daşıyan qırıcıları Almaniyada yerləşdirilə bilər.