AZ

Lord Dennis Roqan: Azərbaycan və Britaniya arasındakı münasibətlərin güclü olması sevindiricidir

London, 7 mart, AZƏRTAC

Dünyada, xüsusən də Amerikada və digər yerlərdə baş verən geosiyasi hadisələr fonunda Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlərin sabit və güclü olması sevindirici haldır. Ümid edirəm ki, bu münasibətlər daha da möhkəmlənəcək.

Bunu AZƏRTAC-ın London müxbirinə açıqlamasında Böyük Britaniya Parlamentinin Lordlar Palatasının sədr müavini Lord Dennis Roqan deyib. O bildirib ki, iki dəfə Azərbaycana səfər edib: “Ölkənizə ilk dəfə iş adamı kimi, ikinci dəfə isə parlament nümayəndə heyətinin tərkibində gəlmişəm. Azərbaycanda olduğum müddətdə ölkənizi və insanlarınız çox maraqlı, məlumatlandırıcı və qonaqpərvər gördüm. Ümid edirəm ki, gələcəkdə Bakıya yenidən səfər etmək imkanım olacaq”.

Böyük Britaniya və Azərbaycan arasındakı münasibətləri dəyərləndirən Lord Roqan, Azərbaycanla əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib.

İki ölkə arasında əməkdaşlığın genişləndirilə biləcəyi sahələrdən danışan Lord Roqan, xüsusilə gənclər arasında mübadilə proqramlarının vacibliyini vurğulayıb. “Azərbaycan və Böyük Britaniya arasında tələbə mübadilə proqramlarının həyata keçirilməsini çox vacib hesab edirəm. Azərbaycanlı gənclərin Böyük Britaniyaya, britaniyalı tələbələrin isə Azərbaycana səfər etməsi münasibətlərin inkişafına müsbət töhfə verə bilər. Çünki gənclik dövründə qurulan əlaqələr gələcəkdə hər iki ölkə üçün faydalı ola bilər”, - deyə Lord Roqan bildirib.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
18
azertag.az

1Mənbələr