AZ

"SOCAR İsrailin "Tamar" qaz yatağının işlənməsində iştirak edəcək" - "Globes" nəşri

"Bu, Avropanın enerji təhlükəsizliyi üçün mühüm hadisədir..."
 
Yaxın həftələrdə "New Med" (İsrail), "British Petroleum" (Böyük Britaniya) və SOCAR şirkətlərinin daxil olduğu konsorsium İsrail Enerji Nazirliyi ilə müqavilə imzalamaq niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Globes" iqtisadi nəşri məlumat verib. Məlumatı "blacksea-caspia.eu" nəşri yayıb.
 
Məlumatda deyilir ki, konsorsium İsrailin Aralıq dənizindəki eksklüziv iqtisadi zonasında, Livan və Kiprin iqtisadi zonaları ilə sərhəddə, "Karish" və "Tanin" yataqlarının şimalında yerləşən birinci blokda təbii qaz axtarmağı planlaşdırır.
 
Bu addım iş adamı Aaron Frenkelin "Tamar" qaz yatağındakı səhmlərinin 10 faizini SOCAR-a satmağa razılıq verməsindən sonra atılıb. Bu müqavilənin imzalanması strateji qərar kimi qiymətləndirilir. İlk dəfə olaraq Azərbaycanın milli qaz hasilatı şirkəti öz ərazisindən kənarda qazma işləri aparacaq.
 
Bunun eyni zamanda bölgə üçün mühüm geosiyasi nəticələri var. SOCAR həm Türkiyə, həm də İsrail üçün əsas enerji tədarükçüsüdür. Türkiyədə şirkət ən iri xarici investordur, son 17 ildə 18,5 milyard dollar sərmayə yatırıb və SOCAR-ın Türkiyədəki törəmə müəssisələrində 10 mindən çox insan çalışır.
 
Bundan əlavə, Azərbaycan İsrailə enerji resurslarının əsas tədarükçülərindən biridir. 2024-cü ildə neft ixracı Bakıya 14,4 milyard dollar gəlir gətirib və İsrail bu tədarükün həcminə görə altıncı yerdə qərarlaşıb. Türkiyənin İsrailə qarşı ticarət embarqosu tətbiq etməsinə rəğmən, "Globes"in məlumatına görə, İsrailin "Hayfa" limanına neft tədarükünü davam etdirmək qərarına gəlib.
 
İsrail və Azərbaycan arasında əlaqələr çox sıxdır. 2018–2022-ci illərdə Bakı İsrailin müdafiə sənayesi məhsullarının ikinci ən böyük alıcısı olub (İsrailin ümumi hərbi ixracının 9 faizdən çoxu). Bundan əlavə, iki ölkə münasibətləri İranın yaratdığı ortaq təhdidə qarşı birgə mübarizə üzərində qurulub.
 
Nəşr yazır ki, indiyədək Şərqi Aralıq dənizindən Avropaya təbii qaz tədarükü uzaq perspektiv kimi qiymətləndirilib. Lakin artıq bu, real konturlara sahib olur. Bu, Avropada qaz istehlakçıları üçün sevindirici xəbərdir.
 
"Cənub Qaz Dəhlizi"ndən qaz alan ölkələrə əlavə olaraq, SOCAR-ın "Həmrəylik halqası" çərçivəsində imzalanmış memorandum əsasında Rumıniya, Macarıstan və Slovakiyaya da qaz tədarük etməsi gözlənilir. Avstriya da "Qazprom"a alternativ olaraq SOCAR ilə əməkdaşlıq sayəsində qaz təchizatını şaxələndirməyi planlaşdırır.
 
SOCAR-ın İsrailin "Tamar" qaz yatağında pay alması bir neçə səbəbə görə əhəmiyyətlidir. Birincisi, bu, Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlığın göstəricisidir. Azərbaycan İsrailin ən böyük neft tədarükçüsüdür və Bakı-Tbilisi-Ceyhan kəməri sayəsində bu tədarük asanlıqla həyata keçirilir.
 
İkincisi, bu əməkdaşlıq siyasi olduğu qədər praktiki dəyərə də malikdir. Azərbaycan artıq "Cənub Qaz Dəhlizi" vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya qaz tədarük edir. Bu marşrut indi Serbiya və Moldovanı da əhatə edir. "Tamar" yatağı sayəsində Azərbaycan İsrail qazını da Avropaya çatdıra bilər.
 
SOCAR Avropaya qaz tədarükü üçün müasir və etibarlı infrastruktura malikdir. Azərbaycan və Avropa Komissiyası arasında SOCAR-ın Avropaya qaz ixracını iki dəfə artırmaq barədə razılıq mövcuddur. Bu isə həm bazarın, həm də infrastrukturun hazır olduğunu göstərir.
 
İsrail qazının Avropaya çatdırılmasının əsas çətinliyi investisiya xərcləri və nəqliyyat marşrutu ilə bağlıdır. Aralıq dənizinin dibi ilə Yunanıstana boru kəməri çəkmək nəzərdə tutulsa da, bu, olduqca bahalı layihədir. Türkiyə üzərindən keçən marşrut isə Ankara-Təl-Əviv münasibətlərinin gərginliyi səbəbindən çətinliklər yaradır.
 
SOCAR-ın "Tamar" layihəsində iştirakı bu maneələri aradan qaldıra bilər. Azərbaycan həm İsrail, həm də Türkiyə ilə yaxın münasibətlərə malikdir və bu layihə İsrail qazının Avropaya nəqlinə yol aça bilər.
 
Buna baxmayaraq, bu əməkdaşlığa qarşı çıxan qüvvələr də olacaq. Qazın Şimali Afrikadan gətirilməsini dəstəkləyənlər, Yunanıstan vasitəsilə alternativ boru kəməri layihəsini müdafiə edənlər və bəzi lobbi qrupları buna qarşı çıxacaq.
 
Lakin ümumi mənzərə nikbinliyə əsas verir. Avropa İttifaqının investisiya bankları artıq fosil yanacaq layihələrini maliyyələşdirməkdən imtina etsə də, təbii qazın sənaye üçün vacib xammal olduğunu unutmamalıdır.
Seçilən
11
moderator.az

1Mənbələr