AZ

Vəfat edən şəxsin kredit borcu silinir? -

Kredit götürmüş şəxsin vəfat etməsi onun borc öhdəliklərinin necə yerinə yetiriləcəyi məsələsini gündəmə gətirir. Bu halda borcun ödənilməsi prosesi müxtəlif hüquqi qaydalara əsaslanır və bir neçə mümkün həll yolu mövcuddur. İqtisadçı ekspert Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, kredit borclarının silinməsi yalnız bankların idarə heyətləri tərəfindən qəbul edilən qərarlarla mümkündür: “Bu qərarlar adətən korporativ sosial məsuliyyət çərçivəsində, məsələn, 2020-ci il müharibəsindən sonra şəhid ailələrinə və müharibə iştirakçılarına qarşı verilən qərarlara bənzəyir. Bəzi hallarda isə həssas sosial qrupların nümayəndələrinə və ya fərdlərə qarşı belə qərarlar qəbul edilə bilər. Lakin vətəndaşın vəfat etməsi onun kredit borcunun silinməsi ilə nəticələnmir”. R.Həsənov qeyd edib ki, vətəndaşın vəfatı ilə bağlı iki mümkün həll mövcuddur: “Birinci halda əgər kredit müqaviləsi həyat sığortası ilə əhatə olunubsa, vəfat sığorta hadisəsi sayılır və sığorta şirkəti qalan borcun ödənişini həyata keçirir. İkinci halda isə borc miras qalır. Yəni vətəndaşın əmlakı və digər aktivləri kimə keçirsə, borcun öhdəlikləri də həmin şəxsin üzərinə düşür. Bu, kredit kartları, istehlak kreditləri və biznes kreditləri üçün də eynidir. Varis öhdəlikləri müvafiq şəkildə yerinə yetirməlidir”. İqtisadçı əlavə edib ki, bəzi hallarda varisin müraciəti əsasında kreditin şərtləri dəyişdirilə bilər: “Məsələn, gəlirlərin dəyişməsi və ya digər amillər nəzərə alınaraq kreditin restrukturizasiyası baş verə bilər. Lakin ümumilikdə, əgər varis əmlakdan və ya varislik hüququndan imtina etmirsə, borc öhdəliklərini yerinə yetirməyə borcludur. Bu, mülki hüququn əsas prinsiplərindən biridir. Əgər varis bütün bu hüquqlardan, yəni varislik hüququndan imtina edirsə və bu halda əmlak və borc "toksik aktiv"ə çevrilir. Bu halda borc öhdəlikləri vəfat edən şəxsin əmlakı və digər aktivləri həll olunmalıdır. Əgər əmlak və aktivlər borc öhdəliklərini yerinə yetirmək üçün istifadə edilirsə, problem yaranmaz. Lakin borc öhdəlikləri yerinə yetirilməzsə, qalıq borc bank tərəfindən ləğv edilmiş borc statusuna salınır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
27
metbuat.az

1Mənbələr