Meyxanaçıların Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq arzusu cəmiyyətdə böyük müzakirəyə səbəb olub. Hətta məsələyə AYB sədri Anar Rzayev də münasibət bildirib:
“Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər. Qəbul komissiyası tərəfindən ərizələrinə baxılacaq”.
Birlik sədrinin bu açıqlaması isə bəzi yazıçı və şairlərdə narazılıq yaradıb. Qələm əhli meyxanaçılara “Niyə AYB üzvü olmaq istəyirlər” sualına cavab vermələrini istəyir.
Meyxanaçı Ağamirzə Məmmədov Qaynarinfo-ya açıqlamasında meyxanaçıların yaradıçılıqda onlardan geri qalmadığını bildirib:
“Bizim də onlar kimi geniş yaradıcılığımız var. Onlar da şeir yazır, meyxanaçılar da. Bir halda ki, biz də şeir yazırıqsa, niyə də Yazıçılar Birliyinə üzv olmayaq? Birliyə şeir yazanlar üzv olur da”.
Anar Rzayevin “Meyxanaçılar da AYB-yə üzv olmaq istəyirlərsə, həmin nizamnamə ilə tanış olub üzv olmaq istədikləri ilə bağlı ərizə versinlər” mesajına gəlincə, Ağamirzə Məmmədov düşünüb addım atacağını diqqətə çatdırdı:
“Fikirləşib, doğru qərar qəbul edərəm”.