AZ

Yazıçı Qəni Camalzadə ilə görüş - MASALLIDA

Yazıçı Qəni Camalzadə ilə görüş - MASALLIDA 

 

Masallıda yazıçı-publisist, Prezident mükafatçısı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Qəni Camalzadə ilə görüş keçirildi.
Rayon mərkəzi kitabxanasında təşkil olunan görüşdə rayonun yaradıcı insanları, ziyalıları, mədəniyyət işçiləri və ədəbiyyatsevərlər iştirak edirdi.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi ehtiramla anıldı.  
Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov yeni nəslin mütaliə vərdişlərini inkişaf etdirmək, onlarda ədəbiyyata marağı gücləndirmək məqsədilə bu cür tədbirlərin mütəmadi olaraq keçirildiyiyini diqqətə çatdırdı. O, bu gün aktual əsərlər müəllifi kimi tanınan yazıçı Qəni Camalzadə ilə görüşün də oxucuların yaddaşında silinməz iz buraxacağına əminliyini ifadə etdi.  
Hacı Qəni Camalzadə yaradıcılıq xüsusiyyətləri, kitabları, mütaliə problemləri ətrafında fikirlərini bölüşdü. O, kitabın, mütaliənin, təhsilin vacibliyini vurğulamaqla yanaşı, gənclərin ədəbiyyata marağının artırılması barədə mülahizələrini söylədi.
Yazıçı-publisist Xodaşirin Cəbiyev tanınmış qələm ustasının həyat və yaradıcılığı barədə məlumat verdi.
Bildirildi ki, Qəni Camalzadə 1956-cı ildə Lerik rayonunun Durğan kəndində dünyaya göz açıb: “Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Bakı şəhərinin 230 və 156 nömrəli tam orta məktəblərində təhsil alıb. 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib. İxtisası üzrə müxtəlif vəzifələrdə işləyib. 1992-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Qarabağ müharibəsi veteranı, təqaüdçüdür.
Tələbəlik illərində ədəbi yaradıcılığa başlayıb. İlk hekayəsi 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan", "Kirpi" və digər jurnallarda, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində yumoristik və satirik hekayələri ilə oxucuların görüşünə gəlib. 1984-cü ildə "Yeni səslər" almanaxında hekayələri çap olunub. "Yaxşı oğlanın "dayısı", "Sonuncu yeznə", "Qohumların əsiri" hekayə kitabları ilə ədəbiyyatda öz imzasını təsdiq edib. “Qızıl xotuğ" (“Fosforlu əkizlər”), "Karxana", "Kiaksarın axırıncı savaşı", "Şeytana daş atanlar" romanları geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.  
Hacı Qəni Camalzadə son dövrlər roman janrına üstünlük verir. Romanları əvvəl "Azərbaycan" jurnalında, sonra kitab halında işıq üzü görüb. Əsərləri rus və ingilis dillərinə tərcümə olunub. 21 kitabın müəllifidir. Üç kitabı ingilis dilində Amerikada, hekayələri və "Zolotoy oslyonok" romanı rus dilində nəşr edilib. 15 cilddə nəşri nəzərdə tutulan seçilmiş əsərlərinin altı cildi dərc olunub.”
Şair Şahin Həmidli, jurnalist-publisist Akif Ağayev, yazıçı Dilşad Nüsrətqızı, Nazim Qərib, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, ziyalı Əlhəddin Nəzərov, gənc yazar Hurlan Hüseynzadə məhsuldar naşir, satirik əsərlər və oxunaqlı romanlar müəllifi Hacı Qəni Camalzadənin yaradıcılığını yüksək qiymətləndirdilər. 
Özünəməxsus yazı üslubu, xüsusi dəsti xətti ilə sayılıb-seçilən istedadlı yazıçının real həyat həqiqətlərini ustalıqla qələmə aldığını vurğulayan natiqlər onun Qarabağ müharibəsi mövzusundakı əsərlərinin gənclərin vətənpərvərlik tərbiyəsində rolundan söhbət açdılar, ədəbiyyatımızı dövrlə, zamanla səsləşən yeni əsərlərlə zənginləşdirən ədibə cansağlığı, yaradıcılıq uğurları arzuladılar. 
Sonda yazıçı Qəni Camalzadə maraqlı və yadda qalan görüşə, haqqında deyilən xoş sözlərə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi.
O, gənc oxucuların suallarını cavablandırdı, yaradıcılıq planlarından danışdı. 
Müəllif bir neçə kitabını kitabxanaya hədiyyə etdi. 

 

Akif AĞAYEV


 

Seçilən
53
qht.az

1Mənbələr