Məlum olduğu kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üçün elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini açıqlayıb.
QHT.az müsabiqənin nəticələri ilə bağlı "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin mövqeyini öyrənib.
Təşkilat rəhbəri qeyd edib ki, QHT Agentliyinin elan etdiyi qrant layihələrinin nəticələri göstərir ki, proses bütövlükdə ədalətli, şəffaf və hamı üçün bərabər imkanlar yaradacaq şəkildə təşkil olunub.
"Müsabiqənin bütün mərhələlərinə, yəni müsabiqəyə bütöv bir sistem kimi baxmaq lazımdır. Yalnız nəticələrə deyil, bütövlükdə prosesin bütün mərhələlərinə diqqət yetirmək vacibdir. Qeyd etməliyəm ki, müsabiqənin normativ hüquqi bazası, elan, məlumatlandırma, layihələrin qəbulu, ekspertizası və nəticələrin açıqlanması qaydalara uyğun aparılıb. Seçim prosesi obyektiv şəkildə həyata keçirilib və yekun qərarlar açıq şəkildə cəmiyyətə təqdim olunub.
Bu müsabiqənin ən mühüm məqamı ondan ibarətdir ki, vətəndaş cəmiyyətinin inkişafı üçün real imkanlar genişlənməyə doğru gedir. Hər bir təşkilatın layihəsini təqdim etmək, bərabər şərtlər altında dəyərləndirmək və nəticələri açıq şəkildə görmək imkanı var. Bu şəffaf və ədalətli yanaşma QHT-lərin fəaliyyətinə inamı artıracaq, onların sosial problemlərin həllində daha fəal iştirakını stimullaşdıracaq və uzunmüddətli təsirə malik layihələrin icrasına yeni imkanlar açacaqdır. Əsas odur ki, müsabiqə yalnız maliyyə dəstəyi vermək üçün deyil, cəmiyyətə faydalı ideyaların həyata keçirilməsi üçün bir platformaya çevrilib. Düşünürəm ki, bu ənənə gələcək illərdə də qorunub saxlanacaq və vətəndaş cəmiyyətinin güclənməsinə töhfə verməyə davam edəcəkdir.
Prosesin davamlı izlənilməsi və inkişafı üçün açıq dialoq mühiti qorunmalıdır, vətəndaş cəmiyyəti təşəbbüsləri daha geniş miqyasda dəstəklənməli və təsiri artırılmalıdır. Əlbəttə ki, Dövlət Dəstəyi Agentliyinə ayrılan maliyyə vəsaitlərinin artırılması çox əhəmiyyətli olardı. Bu, həm vətəndaş cəmiyyətinin layihələrinin dayanıqlıq prosesinə müsbət təsir edər, həm də nəticələrin keyfiyyətinə töhfə verərdi. Şübhəsiz ki, böyük, orta və kiçik qrant müsabiqələrinin elan edilməsi vətəndaş cəmiyyətinin peşəkarlığını artırır.
Son illərdə təqdim edilən layihələrin sayına baxsaq, görərik ki, 800-ə yaxın layihə təqdim olunub. Bu, həm də rəqabətli bir mühitin olduğunu göstərir. Eyni zamanda, ekspertlərin peşəkarlığı və layihələrin hazırlanması prosesi getdikcə daha yüksək səviyyəyə çatır. Bu da əlavə olaraq rəqabətli bir sistemin formalaşdığını sübut edir.
Ümumiyyətlə, düşünürəm ki, vətəndaş cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlər daha da genişləndirilməli və artırılmalıdır. Eyni zamanda, yeni milli donorlar institutu inkişaf etməlidir. Özəl sektor bu prosesə dəstək verməyə başlamalı və daha da genişləndirməlidir. Bu isə ölkədə dövlət, vətəndaş cəmiyyəti və özəl sektor arasındakı münasibətlərin daha da inkişafına töhfə verə bilər."