AZ

"Trampın bu mövqeyi NATO-ya üzv olan dövlətlər arasında ciddi qıcıq və narazılıq yaradıb" — ŞƏRH

NATO daxilində inamsızlıq böhranı ABŞ prezidenti Donald Trampın siyasəti səbəbindən daha da güclənir. 

Bu barədə “Politico” yazıb.

Bildirilib ki, alyans daxilində kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı problemlər daha kəskin hal alıb.

Nəşrin yazdığına görə, NATO-da gərginlik əvvəllər də mövcud olub, xüsusilə Qərbi Avropa ölkələri ilə Şərqi Avropanın yeni üzvləri arasında. Lakin Ukrayna münaqişəsi başladıqdan sonra vəziyyət daha da pisləşib.

Macarıstan və Slovakiya kimi Rusiya mövqeyində olan ölkələr artıq etibarsız tərəfdaş kimi qəbul edilir. Bu barədə NATO və təhlükəsizlik xidmətlərinin səkkiz keçmiş və hazırkı əməkdaşı anonim olaraq məlumat verib.

Məqalədə qeyd olunub ki, Trampın siyasətinin Rusiyaya yönəlmiş kursu NATO daxilində ciddi narahatlıq doğurur. Beş yüksəkvəzifəli rəsmiyə görə, alyans üzvləri artıq Vaşinqtonla kəşfiyyat məlumatlarının mübadiləsinin məqsədəuyğunluğunu şübhə altına alırlar.


Trampın Rusiya siyasəti NATO-da parçalanmaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Donald Tramp artıq ilk prezidentlik dövründə NATO-nun məqsəd və vəzifələrinə yeni konseptual və fundamental yanaşmanın tərəfdarı olmuşdu:

“Trampa görə, NATO-nun maliyyə və hərbi xərclərinin təxminən 70%-nin Birləşmiş Ştatların üzərinə düşməsi ədalətli deyil. Buna görə də Tramp bir neçə dəfə Avropa Birliyindəki müttəfiqlərinə ÜDM-in 2%-ni deyil, 5%-ni müdafiə xərclərinə, yəni NATO xərclərinə yönəltməklə bağlı təzyiqlər edib. Bu təzyiqlər Avropa Birliyinə üzv olan dövlətlərin əksəriyyəti tərəfindən birmənalı qarşılanmayıb. Hətta Fransa Prezidenti Emmanuel Makron, həmin dövrdə Avropa Birliyinin təhlükəsizlik problemlərini təmin edə biləcək yeni alyansın yaradılması məsələsini gündəmə gətirmişdi. Hərçənd o zaman bu fikirlərin gələcəkdə həyata keçirilməsi istiqamətində Makronun irəli sürdüyü təkliflər Avropa Birliyinin böyük dövlətləri tərəfindən dəstək almadı. 

Təbii ki, Trampın bu mövqeyi NATO-ya üzv olan dövlətlər arasında ciddi qıcıq və narazılıq yaradıb. Çünki məlum məsələdir ki, Birləşmiş Ştatlar NATO-dan çıxacağı təqdirdə, alyansın əvvəlki güc və nüfuzundan demək olar ki, əsər-əlamət qalmayacaq. Digər tərəfdən, NATO daxilində bu məsələyə münasibət birmənalı deyil. Şərqi Avropa ölkələri ilə Qərbi Avropa ölkələri arasında bu məsələdə kifayət qədər fərqli mövqelər var.
Əsas problem isə ondan ibarətdir ki, NATO büdcəsinin formalaşması ilə bağlı məsələlərdə alyansa üzv dövlətlərin imkanları eyni səviyyədə deyil. Elə ölkələr var ki, onlar NATO-ya Almaniya, Fransa və ya Böyük Britaniya ilə müqayisədə olduqca kiçik məbləğ ödəyirlər. Onların NATO çətiri altında qalması bu mənada alyansın maliyyə məsələləri baxımından çətinlik yaradır. NATO bu problemlərdən fayda götürmür”. 

Politoloq onu da qeyd edib ki, hələ Bayden administrasiyası dövründə Birləşmiş Ştatların NATO-dan çıxmasını qadağan edən qanun qəbul olunub:

“Bu  qanun 2019-cu ildə qəbul edilmişdir və qanuna görə, ABŞ-nin NATO-dan çıxacağı təqdirdə, bunun yalnız Konqresin təsdiqi ilə mümkün ola biləcəyi qeyd olunub.2019-cu ildə Konqres tərəfindən qəbul edilmiş qanun əslində, Birləşmiş Ştatların NATO tərkibindən çıxmasını qadağan edən qanundur. Bununla belə, təbii ki, Birləşmiş Ştatlar prezidentinin qanunvericilik mexanizmlərindən istifadə edərək bu qanunu yan keçmək imkanları var. Hərçənd ki, prezidentin belə bir təşəbbüsü mütləq Konqreslə ABŞ administrasiyası arasında məhkəmə çəkişməsinə səbəb olacaq.  Şübhəsiz ki, prezident özünün xarici siyasət sahəsindəki səlahiyyətlərindən istifadə edərək bu qanundan yan keçə və ABŞ-nin NATO-dan çıxması məsələsini Konqres qarşısında qaldıra bilər. Təbii ki, Konqresin bu məsələyə necə yanaşacağı artıq orada qüvvələr nisbətindən asılı olacaq”. 

Leyla Turan
Demokrat.az
Seçilən
11
demokrat.az

1Mənbələr