AZ

Bakı-Sumqayıt qatarları gecikir - İnsanlar stansiyada qalıb

“Təqdim olunan qanun layihəsinin məram və məqsədi ölkə başçısı tərəfindən prioritet kimi irəli sürülən enerji resurslarından səmərəli istifadə, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və bu kimi məqsədlərə xidmət edir”.

“AzPolitika” xəbər verir ki, bunu parlamentdə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı Milli Məlisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Millət vəkili bu istiqamətdə kompleks irimiqyaslı işlərin görüldüyünü açıqlayıb: “Bu işlər eyni zamanda qanunvericilik, institusional, təşkilati və sair istiqamətləri əhatə edir. Müzakirəyə çıxarılan qanun layihəsi həmin kompleks işlərin yalnız bir hissəsidir. Enerji səmərəliliyi məsələsi bir neçə gün öncə - fevral ayının 3-də hörmətli sədrimizin dəstəyi və tövsiyəsi ilə komitəmizin təşkilatçılığı ilə keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə aidiyyəti qurumların və bu sahədə tanınmış ekspertlərin iştirakı ilə ətraflı müzakirə olundu”.

S.Qurbanov qeyd edib ki, enerji səmərəliliyi yalnız enerji resurslarından qənaətli istifadə deyil, o iqtisadi inkişaf, həm də ekoloji davamlılıq baxımından olduqca aktual və strateji əhəmiyyət kəsb edir: “Hazırda bütün dünyada enerjinin səmərəli istifadəsi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi üçün təməl prinsiplərdən hesab olunur. İctimai müzakirədə qeyd edildiyi kimi enerjidən səmərəli istifadənin üstünlükləri ən müxtəlif sahələri təsir edir. Bunlardan bəzilərini qeyd etmək istəyirəm.

İqtisadi faktor: yeni istehsal güclərinin yaradılmasına tələbatın azaldılması, son nəticədə bu sahəyə qoyulacaq investisiyanın digər prioritet sahələrə yönəldilməsi imkanı, iqtisadiyyatda rəqabət qabiliyyətinin güclənməsi, məhsulların, xidmətlərin maya dəyərinin azalması;

Ekoloji faktor: ekoloji balansın qorunması, təbii resursların səmərəli idarə olunması, ətraf mühitə atılan tullantıların azaldılması; enerji təhlükəsizliyi faktoru: möhkəmləndirilməsi;

Sosial faktor: istehlakçıların enerjiyə sərf etdiyi xərclərin azalması. Enerjidən səmərəli istifadə özü enerjinin yeni bir mənbəyi kimi çıxış edir”.

İctimai müzakirənin keçirilməsinə verdiyi dəstəyə görə spikerə təşəkkür edən komitə sədri bildirib ki, közərmə lampalarının istehsalının, satışının və idxalının qadağan olunması barədə məsələ də bu fəaliyyətin tərkib hissəsidir və enerji səmərəliliyinin bütün məqsədləri ona da şamil edilir.

Daha sonra çıxışında sözügedən qanuna dəyişikliyi əsaslandıran millət vəkili bildirib ki, dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışına qadağa qoyulub. Onun sözlərinə görə, buna səbəb, onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır. Deputat vurğulayıb ki, közərmə lampalarının kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz edilməsi tövsiyə olunub, lakin artıq bəzi ölkələrdə tamamilə LED lampalarına keçid hədəflənib, çünki CFL lampalarının insan sağlamlığına və ətraf mühitə mənfi təsirləri müəyyən edilib.

“LED, CFL və közərmə lamplarının texniki və iqtisadi səmərəsinin istehlakçı nöqteyi-nəzərindən müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, 15000 saat istehlak müddəti olan 1 ədəd LED lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu, lampa xərcində 2 dəfəyə qədər, elektrik enerjisi xərcində isə 8 dəfədən çox fərq verir”, - o bildirib.

S.Qurbanovun sözlərinə görə, bundan əlavə, 60 Vt gücündə 1 milyon közərmə lampasının istifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi və bu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbon emissiyasının miqdarı hesablanıb və LED lampa ilə müqayisə edilib: “Müqayisə zamanı müəyyən edilmişdir ki, 1 il ərzində istifadə olunan 1 milyon közərmə lampaları 131.4 mln. kVt.st elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 mln. m3 təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaq”.

Sadiq Qurbanov deyib ki, közərmə lamplarına mərhələli qadağanın tətbiqi məqsəduyğun hesab edilmişdir. “Beləliklə, közərmə lampalarının ölkəmizdə qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən Azərbaycan Respublikasının götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu “Bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi”nə öz töhfəsini verəcək”, - millət vəkili çıxışını yekunlaşdırıb.

Rasim

“AzPolitika.info”

Seçilən
11
azpolitika.info

1Mənbələr