AZ

Ramazanda düzgün qidalanma

İslam dünyasında ən müqəddəs ay sayılan və müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyan Ramazan ayı. Bu ayda müsəlmanlar oruc tutur, ibadət edir, dua edir və ehtiyacı olan insanlara yardım göstərirlər. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. Müsəlmanlar üçün ramazanın bir neçə əhəmiyyəti var:

Qurani-Kərim bu ayda nazil olmuşdur: Müsəlmanların müqəddəs kitabı Qurani-Kərim Ramazan ayında nazil edildiyi üçün bu ay böyük əhəmiyyət daşıyır. Bu ay mənəvi təmizlənmə və səbr ayıdır: Orucluq zamanı insanlar nəfsini tərbiyə edir, səbirli olmağı ilə  Allaha daha yaxınlaşır. Ramazanda edilən ibadət və duaların xüsusi savabı olduğuna  inanılır. Oruc, sübh namazından əvvəl, imsak vaxtı yeyilən sahur yeməyi ilə başlayır və gün batanda, iftar vaxtı açılır. Orucluq Ramazan ayında başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın".
Ramazan ayında düzgün qidalanmaq həm orqanizmin sağlamlığı, həm də enerjinin balanslı bölüşdürülməsi baxımından çox vacibdir. Uzun saatlar ac və susuz qaldıqdan sonra iftar və sahurda düzgün qidalanmaq gün ərzində özünüzü daha yaxşı hiss etməyə kömək edəcək. 

Ramazanda düzgün qidalanma ilə bağlı həkim-dietoloq Şəfa Yadigarova Olaylar qəzetinə açıqlama verib.
Həkim-dietoloq Ramazan ayında düzgün qidalanma və sağlam həyat tərzinin  həm bədən, həm də ruh üçün vacib olduğunu qeyd edib:
"Ramazan ayında hər insan qidasına xüsusi diqqət etməlidir. Təbii ki, qidaya 12 ay diqqət etmək   lazımdır. Bu ay xüsusi bədən təmizləmə, detoks ərəfəsidir. Detoks təkcə  bədənə olan deyil , düşüncələrə də, fikirlərə və ətrafa da olmalıdır. İnsan əməllərini, düşüncələrini və bədənini də sağlam etməlidir".
Həkim-dietoloq bildirib ki, Ramazanda düzgün qidalanma və fiziki aktivlik həm sağlamlıq, həm də oruc müddətində enerjili qalmaq üçün vacibdir:
"İmsakda yeməyi günəş çıxmazdan əvvəl, iftarda günəş batandan sonra qəbul edirik. Bu təbiətdən gələn bir qanundur. Fizioloji qanunları heç kim dəyişə bilməz. Bu qanunlarda deyilir ki, insan günəş qalxanda daha çox karbohidrat, enerji verən qidaları qəbul etməlidir ki, gün ərzində enerjili olsun.
Günəş batandan sonra isə az kaloriləri olan, az karbohidratlı qidalardan istifadə edir ki, yeməklər  toplanıb bədəndə yağ çəkisinə keçməsin. Əks halda axşam az hərəkətdə olur, metabolizmamız zəifləyir və yediyimiz yeməklər piy qatına keçir.  Bəzi insanlar deyir ki, "mən ramazanda kilo verəcəm". Orucluqda kilo vermək bir az mühüm məsələdir. Çünki orucluq pəhriz, çəki vermək dövrü deyil, insanın nəfsinə "yox" demək dövrüdür.  Tövsiyyə edərdim ki, insanlar Ramazan başlamazdan 10 gün öncə qidalarını, qəhvə qəbulunu azaltsınlar, su balanslarını artırsınlar ki, bədəndə susuzluq yaranmasın. Ramazanda ən çox qəbul olunan maye təbii ki, sudur. İmsak və iftar su ilə açılır. Əksər insanlar imsakda və iftarda çay da içirlər. Tövsiyyə edirəm ki, təbii, orqanik çaylardan, məsələn orqanik  Lənkəran çayından istifadə etsinlər. İmsakda təbii çay içilməlidir ki, gün ərzində halsızlıq, yorğunluq, baş ağrıları olmasın. Çünki ilkin mərhələdə  baş ağrıları, susuzluq olur və bu hal toksinlərin xaric olduğunun göstəricisidir. Toksin xaric olduğuna görə ağızdan xoşagəlməz qoxu gəlir. Ona görə də imsak və iftar mütləq təbii su ilə başlanmalıdır. Səhər yeməyində sıyıqlar, zövqə görə zülal məhsulları və yağlar olmalıdır. Avakado yağları və ya az miqdarda kərə yağlarından( 82%-dən aşağı olmayan yağlar) istifadə etmək olar. İftar zamanı su içildkdən sonra,  ilk şorba ilə başlanmalı,  20-30 dəqiqə sonra digər yemək yeyilməlidir. Tərəvəzlər və daha çox bişmiş ət tövsiyyə edirəm. Axşam vaxtı şirniyyat və meyvə yeməyi tövsiyyə etmirəm. İftardan15-20 dəqiqə sonra  fiziki hərəkət və ya  yüngül idman etmək lazımdır. Aktivlik olmalıdır ki,  maddələr mübadiləsi zəifləməsin, bağırsaq normal işləsin və yediklərimiz kalori şəklində toplanmasın. Bu həyat tərzi düşünürəm hər kəs üçün daha faydalı olacaq. Allah tutulan orucları, edilən duaları qəbul eləsin".

Zeynəb  Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr