AZ

Ata ərindən boşanan qızına küçədə şiddət göstərdi, anası isə...

Gədəbəy rayonunda 1985-ci il təvəllüdlü Əhməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızı Məlahətə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 avqust 2024-cü ildə baş verib. Əhməd həmin gün, saat 17 radələrində qızı Məlahət ilə Gədəbəy rayonu, Plankənd kəndində “Koroğlu” qalasına gedən yolda sonuncunun onun ünvanına nalayiq ifadələr işlətdiyinə əsəbləşib.

Əhməd aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı onun sol qolundan tutaraq, sıxıb, saçını yolub. Sonra özünə tərəf çəkərək, yumruqla başının sol tərəfinə və bədənin müxtəlif nahiyyələrinə zərbələr endirib. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nüşabə ilə 2004-cü ildə ailə həyatı qurub: “Ailə münasibətlərimizdən Məlahət adlı qızlarımız və Nicat adlı oğlan övladımız var. Nüşabə ilə 2018-ci ildə ayrılmışıq. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinə əsasən qızım Məlahət Nüşabənin, oğlum  Nicat isə mənim himayəmə verildi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, qızı Məlahət bir müddət bundan əvvəl boşanıb: “Bundan sonra Məlahətə zəng edərək, tərbiyəli olmasını, kənddə haqqında pis şayiələrin olmasını bildirdim. Qızım mobil telefonda ünvanıma nalayiq ifadələr işlətdi. Qızımın məni nalayiq ifadələrlə təhqir etməsindən əsəbləşdım”.

Əhmədin ifadəsinə görə, 18 avqust 2024-cü ildə, saat 17 radələrində Gədəbəy rayonu, Plankənd kəndində ərazisində yerləşən “Koroğlu” qalasının yaxınlığında qızı Məlahət çiçək yığan zaman ona yaxınlaşıb: “Yaxınlaşan zaman Məlahət məni söydü. Buna görə də əsəbləşərək  onun sifətinə bir şillə vurdum. Bundan sonra Məlahət tərk edərək anası ilə birlikdə yaşadığı evə getdi”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Məlahətin sözlərinə görə, atası və anası 2018-ci ildə ayrılıblar: “Gədəbəy rayonunun kəndində anam ilə birlikdə yaşayıram. Avqustun 18-də, saat 17 radələrində Gədəbəy rayonu, Plankənd kəndinin yaxınlığında çiçək yığmağa gedən zaman “Koroğlu” qalası deyilən ərazidə atam ilə rastlaşdım. Atam yaxınlaşaraq heç bir səbəb olmadan məni söyüb təhqir etdi. Mən atamın içkili olduğunu gördüm və ondan kənarlaşmaq istədim. Atam sol qolumdan tutaraq, sıxdı, saçımı yoldu. Özünə tərəf çəkərək yumruqla başımın sol tərəfinə və bədənimin müxtəlif nahiyyələrinə zərbələr endirdi. Döydükdən sonra anam ilə birlikdə işlətdiyimiz çörəkbişirmə sexini yandıracağını dedi. Atamın əlindən çıxaraq kəndə evimizə qaçdım. Evə gələrək anama bu barədə dedim. Anam isə mənim atam tərəfindən döyülməm barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi. Hadisə zamanı orada atam və mən olmuşam, hadisəni kənardan heç kəs görməyib. Hadisə təxminən 10-15 dəqiqə davam etdi”.
Zərərçəkmiş qeyd edib ki, atası Əhməd müalicə edilməsi üçün ona maddi yardım etməyib və barışığa cəhd göstərməyib. O, atasına ağır cəza verilməsini xahiş edib.

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhməd 1 il müddətə islah işləri cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
16
demokrat.az

1Mənbələr