AZ

Gəncəyə olan dövlət qayğısı şəhərin inkişafında müstəsna rol oynayır - RƏY

Azərbaycan dövlətinin siyasəti sayəsində ötən dövr ərzində regionlarımızın sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Ölkənin digər regionları kimi, qədim tarixi, zəngin mədəniyyəti olan Gəncə şəhəri də Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Bunu "Report"a açıqlamasında Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, bu qayğı sayəsində Gəncə daim inkişaf edir, müasirləşir və günü-gündən gözəlləşir.

"Dövlət başçısının şəhərimizə hər səfəri, səfər zamanı atılan yeni təməllər və yeni obyektlərin açılışları Gəncənin inkişafına yeni təkan verir. Prezident İlham Əliyev ötən ilin aprelində şəhərə səfəri zamanı bir sıra təməllər atdı, eləcə də açılışlar reallaşdırdı. Martın 6-da isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın səfəri dövlətimizin şəhərin inkişafına olan diqqət və qayğısının növbəti parlaq nümunəsidir", - deputat qeyd edib.

O bildirib ki, Mehriban Əliyevanın Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olması Vətən müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə böyük ehtiramın ifadəsidir.

"Yarandığı gündən təhsil sahəsinə xüsusi diqqətlə yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramlar həyata keçirərək ölkəmizdə təhsilin inkişafına öz dəstəyini göstərir. Məktəblərdə təmir-tikinti işləri, mövcud şəraitin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də həyata keçirilən layihələr təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə təhsilinə mühüm töhfələr verilib", - P.Kərimzadə vurğulayıb.

O əlavə edib ki, Mehriban Əliyevanın Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə təmir-bərpa işləri ilə tanış olması, Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasına baş çəkməsi, həmçinin Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olması, Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə edilməsi şəhərimizdə təhsil və səhiyyə sahələrinin inkişafına verilən önəmin ifadəsidir:

"Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa edib, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirib. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanıb.

Gəncə şəhərinə səfər zamanı Şah Abbas və Hüseyniyyə məscidlərinin, Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinin ziyarət edilməsi dövlətimizin və Heydər Əliyev Fondunun dini dəyərlərimizə ehtiramın, o cümlədən tolerantlıq mühitinə olan diqqətin göstəricisidir.

Gəncə şəhəri təmsil edən deputat kimi deyə bilərəm ki, bu səfər şəhərimizin əhalisi tərəfindən böyük sevinclə qarşılandı. Çünki həm Prezident İlham Əliyevin, həm də Mehriban xanımın Gəncəyə olan qayğısı Nizami yurdu olan şəhərimizin gələcək inkişafında müstəsna rol oynayır".

Seçilən
20
3
report.az

5Mənbələr