AZ

Rusiyada olan azərbaycanlı miqrantların sayı məlum olub- ARAŞDIRMA

Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb. Bildirilib ki, bu ilin aprelin 30-na kimi 700 minə yaxın miqrant Rusiya Federasiyasını tərk etməli olacaq. Onların arasında minlərlə Azərbaycan vətəndaşı da var. Rəsmi Moskva ölkədə miqrantlarla bağlı son statistikanı, Rusiyaya ən çox hansı ölkdən miqrant gəldiyini də açıqlayıb.

APA-nın Moskva müxbiri Fərid Əkbərov Rusiyada hazırda nə qədər azərbaycanı miqrantın olduğunu araşdırıb, onlardan neçə nəfərinin miqrasiya uçotuna alındığını öyrənib, deportasiya təhlükəsi ilə üzləşən azərbaycanlı miqrantla həmsöhbət olub.

Rusiyaya miqrant axını davam edir? Rəsmi məlumatlarla ekspert rəyləri ziddiyyət təşkil edir…

Rusiyada bu ildən etibarən miqrasiya ilə bağlı qanunvericiliyin sərtləşdirilməsinə baxmayaraq rəsmi Moskva, ölkəyə miqrant axınının davam etdiyinini açıqlayıb. Qeyd olunub ki, Rusiyaya gələn əcnəbilərin sayı demək olar ki, tarixi maksimumu keçib. Ötən ilin yekunlarına görə, Rusiyada miqrasiya artımı 568,5 min nəfər təşkil edib. Dövlət Statistikası üzrə Federal Agentlik- Rosstatın məlumatına görə, ötən il ölkəyə gələn miqrantların sayı 4 milyon, ölkədən gedənlərin sayı isə 3,5 milyon nəfər olub. Bu göstərici 2023-cü illə müqayisədə təxminən 3 dəfə artıb. Buna qədər Rusiyada ən çox miqrasiya artımı 1995-ci ildə müşahidə olunub. Həmin il bu göstərici 599 min nəfər təşkil edib.

Lakin ekspertlər bunun əksini iddia edirlər, bildirilər ki, Rusiyada əmək miqrantlarının sayında hazırda azalma müşahidə olunur.

Rusiyanın Əmək Miqrantları Həmkarlar İttifaqının sədri Renat Kərimov bildirib ki,Rusiyaya gələn miqrantların sayı azalıb: “Rusiyadan çıxarılan miqrant, bir daha geri qayıtmır. Ümumiyyətlə, ölkəyə indi daha az miqrant gəlir. Çünki Rusiyada bütün 2024-cü il əmək miqrasiyasının sərtləşdirilməsi şüarı altında keçib. Ona görə də, bura gələn hər bir əmək miqrantı risk edib gəlir. Bu səbəbdən Rusiyaya gələn miqrantların sayı azalıb”.

Kərimovunsözlərinə görə, miqrantların sayının azalmasına ölkədəki əmək bazarı da öz növbəsinə müvafiq reaksiya verir. Rusiayda işçi qüvvəsi çatışmazlığı yaranıb.

Rusiyada azərbaycanlı miqrantların sayı 331 min 727 nəfərdir-Rəsmi statistika

Ən son məlumatlara görə Rusiyada hazırda 331 min 727 nəfər azərbaycanlı miqrant (Azərbaycan vətəndaşı-red) yaşayır. Bu, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə aid olan ən son rəsmi statistik məlumatdır. Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, hazırda Rusiyada olan azərbaycanlı miqrantlarından 122 min 568 nəfər miqrasiya qeydiyyatına alınıb. Bu məlumatı Səfirliyimizə Rusiya Daxili İşlər Nazirliyi təqdim edib.

Bu ilin fevralında 5-dən qüvvəyə minən qanuna görə, Rusiyada qanunsuz miqrantların reyestri yaradılıb. Martin 5-dən etibarən isə Rusiya ərazisində qanunsuz yaşayan miqrantlar barəsində ölkədən çıxarılma rejimi işə düşüb. Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin açıqladığı məlumata görə, reyestrə artıq 700 minə yaxın miqrant düşüb ki, bu ilin aprelin 30-a kimi onlar Rusiya ərazisini tərk etməli olacaq.

Deportasiya təhlükəsi ilə üzləşmiş azərbaycanlı miqrant

Deportasiya təhlükəsi ilə üzləşmiş miqrantlar arasında minlərlə həmyerlilərimiz də var. Azərbaycan vətəndaşı olan Amin Cabbarov 3 ilə yaxındır ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayır. Həmyerlimiz uzun müddətdir ki, Rusiyada qanunsuz olaraq əmək fəaliyyəti ilə məşğul olduğunu və yaşadığını bildirir.

“Mən, hardasa 2022-ci ilin sonlarından, 2023-cü əvvələrindən Rusiya Federasiyasındayam. Mənə bir çox vaxtlar sual verirlər ki, burada niyə görə qeyri-qanuni yaşayırsız? Demək istəyirəm ki, ona görə qeydiyyata düşmürük ki, çünki bizə sərf eləmir. Məsələn mən aya 110 min rub, 2 min Azərbaycan manatına yaxın vəsait qazanıramsa, bunun hardasa hər ay 10 min rublunu patent üçün Rusiyaya ödəməliyəm. Bu da hardasa ayda mənə gəlir, 100 min rubla oturur. Bu da mənə sərf eləmir. Niyə? Çünki, burada qida, kirayə ev Azərbaycandan çox bahadır. Fikirləşirəm ki, buna (patentə-red) 10 min rub verdiyimə, həmin pulu digər problemimə verərəm. Patentə bəribaşdan yaşadığın regiondan asılı olaraq 50-80 min rubl arasında pul ödəməlisən. Ona görə də burada yaşayan miqrantların 80 faizi, elə mən özüm də qeyri qanuni yaşayırıq”, deyə həmyerlimiz vurğulayır.

Hazırda deportasiya təhlükəsi ilə üzləşmiş azərbaycanlı miqrant vətənə qayıtmağın onun üçün problem olmadığını bildirir. Qeyd edir ki, Rusiya tərəfinin ölkədən çıxarılma qərarının ləğvi qarşılığında xüsusi hərbi əməliyyata cəlb olunmaq təklifi onun üçün məqbul deyil.

“Əgər aprelin 30-dan sonra bu qaydalara uymayanlar, qanun dəyişikliyinə mən daxil, əməl etməyənləri deport edərlərsə, əlbəttə ki, bizim gedəcəyimiz yer var, vətənimiz var. Şükür Allaha güclü qüdrətli dövlətimiz var. Biz ac qalmamışıq ki?! Gəldiyimiz kimi də gedəcəyik. Amma düşünürlər ki, biz miqrantlar hansısa bir dövlətin suverenliyi uğrunda vuruşacağıq. Xeyir”, deyə A. Cabbarov bildirir.

Miqrantlara reyestr “tələsi”

Rusiyada qanunsuz miqranların reyestrinin fəaliyyətə başlaması miqrantlar arasında narazılığa səbəb olub. Belə ki, həmin reyestrə təkcə qanunu pozan miqrantların deyil, həm də qaydalara riayət edən xarici vətəndaşların adının salınması miqrantlar arasında deportasiya təşvişi yaradıb.

Rusiyada fəaliyyət göstərən azərbaycanlı vəkil Ələkbər Qarayev həmyerlilərimiz arasında da bu problemlərlə üzləşənlərin çox olduğunu söyləyib: 5 fevral 2025-ci ildən Rusiya ərazisində qanunsuz yaşayan miqrantları artıq ümumi bir reyestrdə cəmləşdiriblər. Təəssüflər olsun ki, bu reyestrə elə vətəndaşlar da düşüblər ki, onların sənədləri tamamilə qaydasındadır. Bu şəxslərə müraciət edirik ki, onlar özlərini həmin siyahıda görəndə təlaşa düşməsinlər və ərizə ilə Daxili İşlər Nazirliyininin yerli idarələrinə, bölmələrinə müraciət etsinlər. Artıq bizim neçə necə vətəndaşlarımız bununla üzləşiblər. Biz, Moskvanın Azərbaycanlı İcmasının rəhbəri Şamil Tağıyevlə belə qərara gəldik ki, icmanın saytında bununla bağlı məlumat yerləşdirək, bu problemlə üzləşmiş vətəndaşlarımıza təmənnasız hüquqi yardım göstərəcəyik”.

P.S “Rosstat”ın açıqladığı son məlumatlara görə, ötən il Rusiyaya rəsmi olaraq son 29 ilin ən böyük miqrant axını olub. Dövlət Statistikası üzrə federal Agentlik Rusiyaya ən çox hansı ölkələrdən miqrantların gəldiyini də açıqlayıb. Belə ki, siyahıya 128 min nəfərlə Tacikistan rəhbərlik edir. İkinci sırada 107 min nəfərlə Özbəkistan, üçüncü sırada 104 min nəfərlə Qırğızıstan qərarlaşıb. Ümumilikdə, 2024-cü ildə demək olar ki, Rusiyanın miqrasiya artımının 97%-i Mərkəzi Asiya ölkələrinin payına düşüb. Ötən ilin rəsmi statistikası da göstərir ki, Rusiyada miqrant siyahısında Azərbaycan vətəndaşları ən son yerlərdən birini tutur.

Rusiyada Rusiyada Rusiyada Rusiyada Rusiyada Rusiyada Rusiyada Rusiyada Rusiyada Rusiyada Rusiyada
Seçilən
24
1
apa.az

2Mənbələr