AZ

“Turan”da “bıçaq sümüyə dirəndi” - Hələlik başqana görə dözürlər...

“Turan Tovuz”un himayədarı Ehtiram Quliyev komandasının hazırkı durumundan heç bir halda razı ola bilməz.

Düz iki ildir rəhbərlik etdiyi “Huner Group”un büdcəsindən futbol klubuna milyonlar ayıran sponsor şəxsin ən böyük arzusu bölgə təmsilçisini yayda avrokuboklarda mübarizə aparan komandaların arasında görməkdir.

Bir neçə ay əvvəl Ayxan Abbasovu göndərib Kurban Berdıyevi ona görə dəvət etmişdi ki, “Turan Tovuz” oyun planında artırsın, hücum futbolu oynasın, qolları sıralasın, yekunda vəsiqə qazananlardan biri olsun.

“Turan”ın cari mövsümdə göstərdiyi futbolu görənlər başını tutur ki, Berdıyevin oyun fəlsəfəsi bundan ibarətdir? Futbol adına heç nə yoxdur. Sanki məşqlərdə yarımmüdafiəçilərə ehtiyac duyulmur. Beş müdafiəçi arxada dayanır, iki hücumçu da qabaqda. Hər dəfə topu vururlar irəli, Allah kərimdir, nə olar, olar.

“Turan”ın oynadığı futbola baxanda adamın canı sıxılır. Bu günə kimi qalib gəldiyi matçların əksərində bəxtləri gətirib.

“Araz-Naxçıvan” azlıqda qalmasaydı, “Şamaxı” müdafiədə diqqətsizlik etməsəydi, indi beşinci pilləyə enməyin təhlükəsindən danışırdıq.

Futbol adına nəsə olsa, deyərsən ki, adam iş görür, adama vaxt lazımdır, zamanla yaxşı olacaq. Çempionatın ən bərbad futbolunu nümayiş etdirir

“Turan”. Hətta autsayderlər sırasındakı “Kəpəz”lə “Səbail” belə, bölgə təmsilçisindən daha yaxşı oynayır. Ayxan Abbasovun dönəmində göstərilən futbol indikindən "şirin" idi.

Komandanın özəyini Abbasov necə təşkil etmişdisə, bu gün də elədir. Köhnə heyətdəkilərdən Roderik Millerlə Denis Marandiçi yoxdur deyə, arxa xətt provaldır.

Yarımmüdafiəni Alexandro Serrano saxlayır, hücumda əsas ümidlər Aleks Souzayadır. Digərləri də Faiq Hacıyev, Xəyal Nəcəfov, Emanuel Hakmandır – hamısı Abbasovun bəyənərək bölgəyə dəvət etdikləri.

“Turan”ın oynadığı futbol tovuzlu azarkeşləri boğaza yığıb. Sadəcə, başqanın seçimidir deyə, ona görə dözüb oturublar.

Ancaq bu, çox çəkməyəcək. Finişə yaxın 1-2 uğursuz nəticədən sonra dilə gələcəklər. Həm də necə lazımdır.

İstənilən azərbaycanlı məşqçiyə Berdıyevə ayrılan maliyyəni ayırsan, Berdıyevə göstərdiyin münasibəti göstərsən, Berdıyev qədər güvənsən, vallah-billan, “Turan” həm könülləri şad edən futbol göstərər, həm də üzləri güldürən nəticələr göstərər.

Bu futbol və bu nəticələr üçün Berdıyevə gərək yoxdur axı.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
39
sportinfo.az

1Mənbələr