AZ

Françesko Totti İtaliyadakı ən yaxşı futbolçudan söhbət açdı

İtaliya futbolunun əfsanəsi, “Roma”nın keçmiş hücumçusu və kapitanı Françesko Totti İtaliyada ən yaxşı futbolçu haqda qənaətini açıqlayıb.

Arena.az “Marka” nəşrinə istinadən məlumat verir ki, Totti bu futbolçunun “Roma”nın argentinalı hücumçusu Paulo Dibala olduğu qənaətindədir:

“O, istedad nöqteyi-nəzərindən dünyada ən güclülər arasındadır. Mənim zəmanəmlə müqayisədə, ola bilsin ki indi istedadlar azdır, amma o, çox güclüdür… Hal-hazırda o, İtaliyada ən yaxşı futbolçudur, onun iki ay əvvəl olduğundan fərqli nəbzi var, o, topa sahib olanda isə, top mahnı oxuyur. Paulu indi əzab çəkmir, əvvəllər o, dayanar, zərbələr “yeyər”, qıc olardı, indi isə o, maşındır, hazırda o, son dəqiqədə topa oynayır, onun zərbəsi də var”, deyə Françesko Totti məmnunluqla vurğulayıb.

Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlayan Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “Qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb. Argentinalı futbolçunun paytaxt klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dibala “canavarlar”ın heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.

Dibalanın “Roma”nın heyətində çıxışının ümumi mənzərəsi isə 111 oyun, 42 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.

Paulo Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 40 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı argentinalı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
20
arena.az

1Mənbələr