AZ

Tahir İmanov: "Neftçi” həmişə mənim qəlbimdədir" - MÜSAHİBƏ

“Planet Parni iz Baku” teatrınnın rəhbəri Tahir İmanov futbolinfo.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, komediya ustası DÇ-1986-dan sonra futbola böyük maraq göstərib.

Bu dəfə adaşımla sənət yox, futbol haqqında danışmaq üçün “Planet Parni iz Baku”nun ofisində görüşdük. Söhbətimiz zamanı o futbolun problemlərinə toxundu desək, doğru məlumat vermərik. O, “olmayan şeydən danışa bilmərəm” deməklə söhbəti elə zarafartla da bağlamaq istədi. Amma başqa maraqlı açıqlamar səsləndirdi.

– Müsahiblərimə ünvanladığım ənənəvi sualdan başlayaq: idmana marağınız haradan yaranıb, ümumiyyətlə, heç idmançı olmaq fikrinə düşmüsünüz?

– Yox, heç vaxt idmançı olmaq istəməmişəm, amma idmana həmişə böyük marağım olub. Məsələn, üzgüçülüyə getmişəm, sonra cəhd edib basketbolla da məşğul olmaq istəmişəm, amma məşqə başladığım ilk gündə ayağım qırılıb. Müalicə olundum, sağalandan sonra isə heç basketbol da yadıma düşmədi. Həvəsə gəlincə, biz – sovet dövrünün uşaqları hamımız idmana can atırdıq. O dövrdə idmanın təbliğatı çox güclü gedirdi. Xatırladığım ilk idman tədbiri 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunları idi. 1986-cı ildəki Meksikadakı futbol üzrə dünya çempionatını çox yaxşı xatırlayıram. Elə 1982-ci ildə İspaniyadakı mundial da yadımdadır. İtaliya millisinin heyətində Paolo Rossi var idi. Orada Maradona da var idi, amma onda dünya çempionu ola bilmədi. Ümumiyyətlə, 1986-cı ildə futbol mənim həyatımda böyük rol oynadı. Bu oyuna böyük marağım var idi. 90-cı illərə qədər demək olar ki, bütün böyük oyunları izləyirdim. Amma sonradan Şən və Hazırcavablar Klubu məsələsi ortaya çıxdı. Nəticədə futboldan uzaqlaşdım.

– Futbolçu olsaydınız, hansı mövqedə oynayardız və hansı klubda çıxış etmək istərdiz?

– “Əgər”lərdən heç vaxt xoşum gəlmir, bir şeydən də xoşum gəlmirsə, ona necə cavab verə bilərəm? Amma uşaqlarla oynayanda daha çox müdafiəçi ampluasını seçirəm.

– Süleyman Ələsgərovun nəvəsisiniz. Böyük bəstəkarın futbola, ümumiyyətlə, idmana marağı olub?

– Onun heç vaxt boksdan xoşu gəlməyib. Deyirdi ki, “bu necə idman növüdür ki, bir-birinin burnunu və ya çənəsini sındırırlar. Bu idman yox, nəsə başqa bir şeydir”. Amma futbolu, xüsusən də hokkeyi çox sevirdi. Dünya çempionatları və Olimpiadaları xüsusi olaraq izləyirdik. Kanada Kubokuna böyük maraqla baxırdıq.

– Sizin tamaşalarınızdan danışanda, birinci yadımıza baş məşqçi Şahin Diniyevin paltardəyişmə otağında millimizin futbolçuları ilə söhbəti düşür. Bu səhnəciyin ssenarisini kim yazıb və bundan sonra Şahin Diniyevlə üz-üzə gəlmisinizmi?

– Yox, Şahin Diniyevlə rastlaşmamışam. İdeya isə ssenari müəllifi, aktyorumuz və prodesserimiz Ələkbər Əliyevə məxsusdur. O, bizə bunu ssenari şəklində gətirmişdi, nəticədə onun “sağını-solunu düzəldib” tamaşaçıların qarşısına çıxdıq.

– Azərbaycan futbolununun indiki inkişafı üçün nə çatışmır: struktur, uşaq futbolu, yoxsa idarəetmə?

– O qədər bu haqda danışırlar ki, mənim nəsə danışmağım düzgün olmaz. Demək olar ki, bu haqda hamının fikri var. Mən bu sualı mütəxəssislərin öhdəsinə buraxıram. Biz ancaq öz sənətimizdən danışa bilərik.

– Bəs subyektiv fikir?..

– Olmayan bir şey haqda danışa bilmirəm.

– 2000-ci illərdən üzü bəri inkişafı görürsünüz?

– Mənim üçün hazırkı Azərbaycan futbolu “Qarabağ”la başlayır, “Qarabağ”la da bitir.

– Futbolla komediya arasında oxşarlıq varmı? Məsələn, bizim futbol hansı janra daxildir?

– Bizim futbol artıq komediya yox, faciə janrındadır.

– Azərbaycan futbolunu inkişaf etdirmək üçün, çempionat və ya milli matçlarından əvvəl və ya fasilələrdə şou-proqram hazırlamağa ehtiyac var? Çünki futbolla stadiona azarkeş cəlb etmək olmur.

– Bir şey yüksək səviyyədədirsə, ona nə reklam, nə də strategiya lazımdır. Sadəcə, futbolun özünü qaldırmaq lazımdır ki, stadionlar dolsun. Mənim yadımdadır ki, 1980-ci illərdə biz “Neftçi”nin oyununa sevə-sevə gedərdik. Heç kimi bizi stadionlara dartmaq üçün nəyəsə əl atmırdı. O vaxt heç bir reklam da yox idi. “Neftçi” bizim vizit kartımız idi. Stadion da həmişə dolu olardı. Ümumiyyətlə, təzədən velosiped ixtira etməyə ehtiyac yoxdur. Bütün ixtiralara artıq imza atılıb.

– Hələ də “Neftçi” sevginiz qalıbmı?

– “Neftçi” həmişə mənim qəlbimdədir. “Neftçi” ilk yerli futbol klubudur ki, mən həmişə ona azarkeşlik etmişəm. Bu sevgini ömrümüzün axırına kimi qoruyacağıq!

– Bəs “Qarabağ”la oyunlarda da “Neftçi”yə azarkeşlik edirsiniz?

– Təssüf ki, “Neftçi”nin oyunlarını izləmək üçün stadiona getməmişəm. Amma “Qarabağ”dan daha çox dəvət almışam. Sağ olsun Qurban Qurbanov, bizi yaddan çıxartmır. Doğrudur, son vaxtlar dəvətnamə göndərmir, yəqin başı qarışıqdır (gülür). Ona görə də indi nə “Qarabağ”ın, nə də “Neftçi”nin oyunlarını izləmək üçün stadiona gedirəm. Amma “Neftçi”dən dəvətnamə alsam, gedərəm. Ən azı bir dəfə də olsa, uşaqlıq illərinə qayıdaram.

– “Planet Parniz iz Baku” futbol mövzusunda bir film çəksəydi, süjet xətti nə olardı?

– Yenə “əgər” (gülür). Fikrimcə, bu suala artıq cavab vermişəm, bizim futbol haqda heç nə edə bilmirəm. Nə yaza bilirəm, nə yarada bilirəm…

– Amma hamımızı heyrətləndirən veteran futbolçularımız olub axı…

– Gördüklərimin adlarını çəkim də: Maşallah Əhmədov, İsgəndər Cavadov, İqor Ponomaryov, Şakir Qəribov, Nazim Süleymanov, Yunis Hüseynov, Aleksandr Jidkov, Vyaçeslav Çanov, Əsgər Abdullayev, Samir Ələkbərov, Arif Əsədov… Bunlar hamısı bizim uşaqlıq qəhrəmanlarımız idi.

– Elə söhbəti ora gətirirdim. Onlardan kimlərsə haqda film çəkərdiz?

– Əlbəttə! Özü də bilirsiniz süjet xəttini hansı oyunun ətrafında qurardım? Heç vaxt yadımdan çıxmaz. 1988-ci ildə Qarabağ hadisələrinə görə “Neftçi”ni doğma stadionda oynamaqdan məhrum etmişdilər. Oyunlar başqa arenalarda keçirilirdi. “Neftçi” kənarda 10 oyun keçirdi. Həmin oyunlarda da ya uduzurdu, ya da heç-heçə edirdi. 11-ci matçı axır ki, Bakıda oynamağa icazə verdilər. Bu matçda komandanın qələbəyə hava-su kimi ehtiyacı var idi. Təsəvvür edin ki, rəqib də Tiflis “Dinamo”su idi. Oyun 0:0 hesabı ilə davam edirdi. Matçın sonlarında Maşallah Əhmədov meydana çıxdı. Bir az keçdi, o cərimə zərbəsindən elə möhtəşəm qol vurdu ki. İndiyə kimi o stadionda qola görə çıxan uğultu qulağımda, tribunalarda insanların sevinci gözümün qabağındadır. Onda mənim 14 yaşım var idi, amma hər şey yadımdadır. Bax, bu oyun üzərində dramatik bir film çəkmək olar.

– Sizə elə gəlmir ki, elə indi də futbolumuzun belə bir azarkeş dəstəyinə ehtiyacı var…

– 100 faiz. Futbolumuzun azarkeşlərə ehtiyacı var. Hər klubun öz fan-klubu olmalıdır. Əslində, fan-klublar var. Amma stadionda onların sayı azdır.

– Azərbaycan futbolunun gələcəyini bir zarafatla necə təsvir edərdiz? “Bu gün futbolumuz yoxdur” deyirsiniz, bəs gələcək haqda məzəli nə demək olar?

– Olduqca çətin sualdır. Əslində, bir şey indi yoxdursa, nə onun indiki vəziyyətindən, nə də gələcəyindən danışmaq olar. Hələ doğulsun ki, biz onun gələcəyindən danışaq da. Futbolumuz hələ doğulmayıb.

– Təsəvvür edin, sizi millinin düşərgəsinə dəvət ediblər ki, futbolçular qarşısında motivasiyalı çıxış edəsiniz. Futbolçuların beyninə nüfuz etmək üçün hansı aspektləri xüsusi qabardardız, onları necə ruhlandırardız?

– Belə bir şey olub da. 20-25 il əvvəl Anar Məmmədxanovla birgə bizi millinin düşərgəsinə dəvət etmişdilər. Biz uşaqlarla görüşmüşdük, aramızda da isti münasibət olub. Anar Məmmədxanov bizə nə deyibsə, futbolçulara da eyni sözləri deyib: “Vətən sizə baxır, ümidimiz sizədir!” Əlavə olaraq da “nə vaxta qədər məğlubiyyətləriniz davam edəcək” söyləyib.

– AFFA yenə də belə bir dəvət göndərsəydi, millinin üzvlərinin qarşısına çıxardız?

– Yox, daha getməzdim. O vaxt uşaq kimi idim, amma indi onu başa düşürəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır. Amma bunu bizə bir iş kimi təklif etsələr, bilsək ki, işimiz budur, o başqa məsələ.

– Təsəvvür edin ki, mesenatsınız, əlinizdə hər cür imkan var. Bir qayğıkeş azarkeş kimi futbolumuza hansı töhfələri verərdiniz? Klub yaradardınız, yaxud futbol akademiyası açardınız…

– Mesenat olsaydım, birinci öz teatrımın binasını tikərdim (gülür). Əvvəlcə, öz problemlərimizi həll etmək lazımdır. Ona görə də futbola hansısa töhfədən danışa bilmərəm.

– Bu qədər problemlərin içində “Qarabağ” futbolumuzun sanki ağ ləkəsidir. Sizcə, Ağdam klubu nəyin hesabına bu qədər uğur qazanır?

– Klubun güclü motivasiyası var. Menecment işləri qaydasındadır. Komandanın ilk növbədə güclü baş məşqçisi var! “Qarabağ”da istəyi hamımız görürük. Uşaqlar çox istəklidir. Sona qədər mübarizə aparırlar və nəticədə də ölkəmizi Avropada yüksək səviyyədə təmsil edirlər.

– Heç kim əbədi deyil. Sizcə, nəvaxtsa Qurban Qurbanov bu postu tərk etsə, “Qarabağ” yenə də belə uğurlu çıxış edə bilər?

– Niyə uğurlu çıxış etməsin ki?! Hamımız dua etsək, komandanın işləri qaydasında gedəcək. Uca Tanrıdan istəyim budur ki, Qurban Qurbanovun işləri asanlaşsın və onun səsi həmişə zirvələrdən gəlsin.

– Qarşıdakı tamaşalarınızda futbol mövzusunda səhnəciklər hazırlamağı planlaşdırırsınız?

– Xeyr! Belə bir planımız yoxdur!

– Heç idman mediasını izləyirsiniz?

– Təəssüflər olsun ki, xeyr!

– Bəs TV vasitəsilə futbol matçlarını izləyirsiniz?

– Hə, futbol matçlarına baxıram. Xüsusilə də avrokubokların pley-off mərhələlərini maraqla izləyirəm.

İdman.biz

Seçilən
38
idman.biz

1Mənbələr