AZ

Tənhalıq: Sosial problemdən psixoloji çıxmaza

İnsan sosial varlıqdır. Bütün tarix boyu insanlar bir yerdə yaşamağa, icmalar yaratmağa, ailə və dostluq münasibətləri qurmağa can atıblar. Hətta texnologiyanın, internetin və qlobal əlaqələrin inkişaf etdiyi müasir dövrdə belə, insanın daxilində bir başqasına ehtiyac duyduğu dəyişməz bir həqiqətdir. Lakin paradoksal olaraq, indiki dövrdə tənhalıq problemi heç vaxt olmadığı qədər geniş yayılıb.

Tənhalıq bəzən müvəqqəti, bəzən isə uzunmüddətli və dərin bir hiss kimi insanın həyatına hakim kəsilə bilər. Tənha olmaq sadəcə fiziki olaraq kimsəsiz qalmaq demək deyil. Bəzən insan ətrafında onlarla insan olduğu halda da özünü tənha hiss edə bilər. Çünki tənhalıq əsasən emosional və psixoloji bir təcrübədir - fərd ətrafındakı insanlarla mənalı, dərin bağlar qura bilmədikdə və ya anlaşılmadığını düşündükdə, tənha hiss etməyə başlayır.

Müasir dünyada tənhalığın səbəbləri çoxşaxəlidir. Sosial münasibətlərin zəifləməsi, texnologiyanın insanları virtual əlaqələrə sürükləməsi, şəhərlərdə fərdiləşmiş həyat tərzi, psixoloji problemlər, ailə bağlarının qopması, karyera təzyiqləri - bunlar hamısı tənhalığın yayılmasına təsir edən faktorlardandır. Xüsusilə gənclər və yaşlılar bu problemdən daha çox əziyyət çəkirlər. Gənclər sosial mediada çox vaxt keçirsələr də, real münasibətlər qura bilmədiklərinə görə özlərini tənha hiss edirlər. Yaşlı insanlar isə sosial mühitdən uzaqlaşdıqları, yaxınlarını itirdikləri və cəmiyyət tərəfindən unudulduqları üçün tək qalırlar.

Tənhalıq təkcə psixoloji problem deyil, həm də ciddi bir ictimai-sosial məsələdir. Bu hal insanın ruh halına, sağlamlığına və hətta ömrünün uzunluğuna belə təsir göstərə bilər. Aparılan tədqiqatlar göstərir ki, uzunmüddətli tənhalıq depressiyaya, ürək-damar xəstəliklərinə və hətta erkən ölüm riskinin artmasına səbəb ola bilər.

Tənhalığın səbəbləri

Tənhalığın yaranmasına bir çox faktor təsir edir. Bunları sosial, psixoloji və texnoloji aspektlərdən dəyərləndirmək mümkündür.

Sosial faktorlar

Şəxsi münasibətlərin zəifləməsi - İnsanlar arasındakı ünsiyyət getdikcə daha səthi xarakter alır. Sosial şəbəkələrin yayılması ilə real ünsiyyət azalmış, münasibətlər daha çox virtual müstəviyə keçmişdir.

Şəhər həyatı və fərdi yaşam tərzi - Böyük şəhərlərdə fərdlər arasında sosial bağlar zəifləyir, insanlar daha çox öz dünyalarına qapanır. Küçədə, ictimai nəqliyyatda və ya iş yerlərində belə ünsiyyət minimum səviyyəyə enir.

Ailə və dost əlaqələrinin pozulması - Boşanmaların artması, ailə münasibətlərinin zəifləməsi, dostluqların formal xarakter alması da tənhalığa səbəb olan əsas amillərdəndir.

Yaşlılıq və sosial təcrid - Yaş artdıqca insanların sosial çevrəsi daralır, yaxınlarını itirən şəxslər daha çox tənha qalır. Bu, xüsusilə yaşlı nəsil üçün böyük bir sosial problemə çevrilir.

Psixoloji faktorlar

Özünəqapanma və özgüvən problemi - Bəzi insanlar sosial münasibətlərdə çətinlik çəkir, özlərini rahat ifadə edə bilmədiklərinə görə insanlardan uzaq dururlar.

Depressiya və stress - Tənhalıq depressiya ilə bir-birini gücləndirən iki faktordur. Depressiyada olan insan tənhalaşır, tənha olan insan isə depressiyaya düşür.

Özünü başa düşülməz hiss etmək - Ətrafdakıların onu anlamadığını düşünən insan sosial münasibətlərdən çəkinir və getdikcə daha çox özünə qapanır.

Texnologiya və rəqəmsal dünya

Sosial şəbəkələr və virtual əlaqələr - İlk baxışda sosial şəbəkələr insanları bir-birinə daha yaxın edir. Lakin əslində, real ünsiyyətin azalmasına səbəb olur. İnsanlar ekran arxasında saatlarla vaxt keçirir, lakin dərin və emosional bağlar qura bilmir.

Dijital asılılıq və tənhalıq - İnsanlar texnologiya ilə həddindən artıq məşğul olduqda real sosial əlaqələrdən uzaq düşür. Xüsusilə yeniyetmələr və gənclər bu problemdən əziyyət çəkir.

Tənhalığın təsirləri

Tənhalıq yalnız emosional bir problem deyil. O, həm psixoloji, həm də fiziki sağlamlığa ciddi təsirlər göstərə bilər.

Psixoloji təsirlər

Depressiya və narahatlıq pozuntuları inkişaf edə bilər. Fərd özünü dəyərsiz hiss edə bilər, özgüvən problemi yaşaya bilər. Tənhalıq uzunmüddətli olduqda intihar riskini artıra bilər.

Fiziki təsirlər

Ürək-damar xəstəliklərinin artması, immunitet sisteminin zəifləməsi, yuxusuzluq və yüksək stress səviyyəsi ilə nəticələnə bilər.

Sosial təsirlər

Cəmiyyət daxilində fərdlərarası münasibətlərin zəifləməsi, ailədaxili və dostluq münasibətlərinin pozulması, sosial institutların, o cümlədən ailə və dostluq sistemlərinin zəifləməsi kimi təsirlər göstərə bilər.

Mövzu ilə bağlı psixoloq-konsultant Zeynəb Əyyubovanın fikirlərini öyrəndik. Psixoloqun sözlərinə görə, tənha hiss etmək təkcə fiziki olaraq tək qalmaq deyil, həm də emosional və sosial baxımdan təcrid olunmaq hissidir:

"Tənhalıq hissinin yaranmasına bir çox psixoloji və sosial amillər təsir edir:

Uşaqlıq dövründə valideynlər və ya yaxın insanlarla yetərli emosional bağın olmaması, travmatik hadisələr insanın sonrakı həyatında tənha hiss etməsinə səbəb ola bilər.

İnsan sosial əlaqələr qurmaqdan çəkinirsə, özünü kifayət qədər dəyərli hiss etmirsə və ya başqalarının onu qəbul etməyəcəyindən qorxursa, tənha qalmağa meylli olur.

Müasir dövrdə sosial şəbəkələrdə çox vaxt keçirmək, real münasibətlərin əvəzinə virtual əlaqələrə üstünlük vermək də tənha hiss etməyə səbəb ola bilər. Çünki onlayn münasibətlər çox vaxt səthi olur və real emosional dəstək təmin etmir.

Şəhərləşmə, fərdi həyat tərzinin geniş yayılması, ailəvi və dost münasibətlərinin zəifləməsi kimi sosial faktorlar insanların daha çox tənha hiss etməsinə gətirib çıxarır.

Yeniyetməlik dövrü, ailə qurmaq, yaşlılıq kimi fərqli həyat mərhələlərində insanlar psixoloji dəyişikliklər səbəbindən tənha hiss edə bilərlər.

Depressiya, narahatlıq pozuntuları və digər psixi sağlamlıq problemləri tənha hiss etməyə səbəb ola bilər. İnsan depressiyada olduğu zaman özünü cəmiyyətdən uzaqlaşdırmağa meylli olur və bu, vəziyyəti daha da ağırlaşdırır.

Bundan əlavə Özünü tanımaq və emosional ehtiyaclarını anlamaq - İnsan özünün niyə tənha hiss etdiyini başa düşməli və bunun arxasında duran səbəbləri araşdırmalıdır.

Yeni insanlarla tanış olmaq, maraq dairəsinə uyğun sosial qruplara qoşulmaq, köhnə dostlarla münasibətləri yenidən qurmaq tənhalıq hissini azalda bilər.

Ətrafda çox insanın olması yetərli deyil. İnsan yalnız özü üçün mənalı və emosional baxımdan dərin əlaqələr qura bildikdə tənhalıq hissindən xilas ola bilər.

Onlayn dünyada çox vaxt keçirmək əvəzinə real həyatda görüşlər təşkil etmək, sosial fəaliyyətlərə qoşulmaq daha faydalıdır.

Əgər tənhalıq hissi uzun müddət davam edirsə və insanın gündəlik həyatına mənfi təsir edirsə, mütəxəssis dəstəyi almaq vacibdir.

İdman, meditasiya, kitab oxumaq, yeni hobbilər tapmaq kimi fəaliyyətlər həm özünüdərki artırır, həm də sosial əlaqələr üçün yeni imkanlar yaradır.

Bəzən insanın dostları və yaxınları olsa da, yenə də tənha hiss edə bilər. Bunun bir neçə səbəbi ola bilər:

Ətrafda çox insanın olması yetərli deyil, əsas məsələ həmin insanlarla emosional yaxınlığın olub-olmamasıdır. Əgər münasibətlər səthi və formal xarakter daşıyırsa, insan özünü tənha hiss edə bilər. İnsan ətrafındakıların onu həqiqətən başa düşmədiyini, hisslərinə və düşüncələrinə dəyər vermədiyini düşünəndə tənha hiss edə bilər. Bəzi insanlar problemlərini başqaları ilə bölüşməkdən çəkinir, öz hisslərini içində saxlayır. Bu, zamanla insanın özünü tənha hiss etməsinə səbəb ola bilər. Əgər insan ətrafındakı insanlarla eyni maraqlara, dəyərlərə və məqsədlərə sahib deyilsə, onlarla ünsiyyətdə olsa belə, özünü təcrid olunmuş hiss edə bilər"

Bəs biz bu hissdən qurtulmaq üçün nə edək?

"Ən birincisi, insan öz yaxınları ilə daha açıq və səmimi ünsiyyət qurmağa çalışmalıdır. Duyğularını bölüşmək, başqalarının hisslərini anlamaq münasibətləri daha dərinləşdirir. Əgər mövcud münasibətlər insana kifayət qədər emosional dəstək vermirsə, yeni sosial çevrələrə daxil olmaq faydalı ola bilər. Günlük yazmaq, sənətlə məşğul olmaq, könüllü fəaliyyətlərə qoşulmaq insanın özünü daha faydalı və əlaqəli hiss etməsinə kömək edə bilər. Əgər insan uzun müddətdir bu hissi yaşayırsa və bununla mübarizə aparmaqda çətinlik çəkirsə, mütəxəssis dəstəyi almaq tövsiyə olunur.

Tənhalıq, insanın həyat keyfiyyətinə ciddi təsir edə bilən bir hissdir, lakin onunla mübarizə aparmaq mümkündür. Əsas məsələ, problemin səbəblərini anlamaq və onu həll etmək üçün doğru addımları atmaqdır".

Tənhalıq hər bir insanın həyatında müəyyən vaxtlarda üzləşə biləcəyi bir hissdir. Lakin onun uzunmüddətli və xroniki hala çevrilməsi psixoloji və fiziki sağlamlıq üçün ciddi təhlükə yaradır. Müasir cəmiyyətdə texnologiyanın, sosial izolyasiyanın və şəxsi münasibətlərin zəifləməsinin təsiri ilə tənhalıq daha çox yayılmış bir problem halına gəlib. Bununla mübarizə aparmaq üçün fərdi və cəmiyyət səviyyəsində addımlar atılmalı, real ünsiyyətə, sosial dəstəyə və emosional sağlamlığa daha çox önəm verilməlidir.

Tənhalığın çarəsi cəmiyyətin içindədir - bir-birimizi dinləməyi, anlamagı və birlikdə olmağı unutmamalıyıq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr