AZ

"Apple"ın əfsanəvi simasından Tramp və Maska ağır sözlər

"Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak adətən texnologiya dünyasının sakit liderlərindən biri kimi tanınsa da, bu dəfə İlon Mask və Donald Tramp haqqında sərt fikirlər səsləndirib.

Bir vaxtlar Maskı dəstəkləyən Voznyakın artıq texnologiya nəhəngi barədə fikrini dəyişdiyi görünür.

Stiv Cobsla ilə yanaşı "Apple" əfsanələrinin ən önəmlilərindən hesab olunan Voznyak adətən sakit açıqlamaları və dəqiq proqnozları ilə seçilir. Lakin fərdi kompüter inqilabının əsas simalarından biri olan Voznyak CNBC kanalına müsahibəsində həm İlon Maskı, həm də Donald Trampı kəskin tənqid edib. O, hər iki şəxsi federal hökumətə "çəkiclə zərbə vuran zorakılar" adlandırıb.

Voznyak hökumətdəki səmərəsizliklərin araşdırılmasının vacibliyini bildirərək, bu məsələyə fərqli yanaşmanı müdafiə edib. Onun fikrincə, büdcə kəsintiləri və fəaliyyət dayandırmaları "çəkickə deyil, neştərlə" həyata keçirilməli idi. Bu məqsədlə geniş analizlər aparacaq böyük bir departamentin yaradılmasını təklif edib.

Lakin Voznyakın sözlərinə görə, Mask və rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamenti ("DOGE") komandası "öncə vur, sonra soruş" prinsipilə fəaliyyət göstərir. Bu yanaşma isə hökumət müqavilələrinin demək olar ki, təsadüfi şəkildə ləğvinə və gələcəkdə yenidən işə götürülməsi lazım olan əməkdaşların işdən çıxarılmasına səbəb olur. Voznyak xüsusilə nüvə proqramları və hava hərəkətinə nəzarət kimi kritik sahələrdə mütəxəssislərin işinin əhəmiyyətinə diqqət çəkib.

Müsahibədə Voznyak Mask barədə müsbət fikir bildirməkdən çəkinərək deyib: "Maska nə olduğunu bilmirəm. Böyük şirkətlərdə çox varlı olduğunuzda, zirvədə olmağın təsiri ilə özünüzü dünyanın ən inanılmaz və ən ağıllı insanı kimi görməyə başlayırsınız və digərlərinə nə etməli olduqlarını diktə edirsiniz".

Voznyak Mask və Trampın idarəetmə tərzini "zorakılıq" kimi xarakterizə edib.

Xatırladaq ki, bir vaxtlar Maskın ən böyük dəstəkçilərindən biri olan Voznyak əvvəllər də ona qarşı tənqidlər səsləndirmişdi. 2017-ci ildə "Mask və "Tesla" ətrafında həddindən artıq həyəcan olduğunu" bildirərək şirkəti şişirdilmiş vədlər verməkdə ittiham etmişdi. 2018-ci ildə isə bu tənqidləri daha da sərtləşdirərək demişdi: "İlon Maskın və ya "Tesla"nın dediyi heç nəyə inanmıram". \\Qaynarinfo

Seçilən
29
hurriyyet.az

1Mənbələr