Məlum olduğu kimi, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən bir sıra işlərin görülməsi nəzərdə tutulub.
Ölkə.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Bizim.Media-ya verilən açıqlamada Metropolitendə bu il ərzində görüləcək işlər barədə məlumat verilib.
""Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, cari ildə Bakı metropolitenində yeni stansiyaların tikintisi və mövcud stansiyaların yenidənqurulması istiqamətində işlər aparılır".
Verilən məlumata əsasən hazırda Yaşıl xəttin "Cəfər Cabbarlı" stansiyasının bir platforması və ona bitişik yolda əsaslı təmir və yenidənqurma işləri son mərhələdədir və il ərzində tamamlanması nəzərdə tutulub.
Qeyd edək ki, noyabrın 30-dan "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Bu işlərin nə vaxt bitəcəyi isə bir çox sərnişinə maraqlıdır. Bakı Metropoliteni QSC-dən bu barədə də açıqlama verilib.
"Qırmızı xəttin "Həzi Aslanov" stansiyasının dalan yolunda əsaslı təmir işləri görülür.
Təmir nəticəsində dalan yolu tamamilə yenidən qurulacaq, infrasturkturu müasir tələblər səviyyəsinə çatdırılacaq. Dalanda təmir-bərpa işləri tamamlandıqdan sonra "Həzi Aslanov" stansiyasının da əsaslı təmir və yenidənqurulmasına başlanılacaq.
Aparılan təmir işləri ilə bağlı dövrü olaraq ictimaiyyətə əlavə məlumatlar təqdim ediləcək".