AZ

Ölkəmizdə qadın hüquqlarının müdafiəsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir



Əziz xanımlar,
Xətai rayonundan dəyərli xanım seçicilərim,
Qəhrəman şəhid anaları, yoldaşları, qızları,

Hər birinizi 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirəm. Sizə can sağlığı, firavan həyat arzu edirəm!

Azərbaycan tarixində qadınların rolu uzun illər boyu xüsusilə seçilib. Tariximizin müxtəlif dövrlərində qadınlar, Azərbaycan xalqının müdafiəsində və inkişafında fəal iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində öz vətənpərvərlik hisslərini nümayiş etdirmişlər. Azərbaycan qadınlarının döyüş meydanında göstərdikləri şücaət, Mömünə Xatun, Sara Xatun, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi lider qadınlarımızın qəhrəman və cəsarətli həyat yolu buna nümunədir.

Azərbaycan qadınları məğrurdur, cəsarətli və qayğıkeşdir. Tarix boyu qadınlarımız müxtəlif çətinliklərə, iztirablara məruz qalmış, etnik təmizləmələr, soyqırımlar, itkinlik, 90-cı illərin əvvəllərində qaçqınlıq, köçkünlüklə üzləşiblər. Bu çətinliklər zamanı ailənin qayğısına qalan, onları bir arada saxlayan qadın iradəsi olmuşdur. Artıq torpaqlarımız işğaldan azad edilib və qaçqınlıq/köçkünlük arxada qalıb. Bugün Azərbaycan qadını ailəsini bir araya toplayıb azad olunmuş torpaqlarına geri qayıdır və qayıdış prosesinə böyük töhfə verir.

Dövrümüzün Tomrisi, Həcəri, Nigarı - bizim şəhid analarımızdır - övladlarını vətən uğrunda döyüşə yola salan, mərd, igid analardır. Oğulları tarix yazan bu anaların fədakarlığını xalqımız heç zaman unutmayacaq.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımız seçib-seçilmək hüququnu qazanmışlar.

Ulu Öndər Heydər Əliyev öz hakimiyyəti dövründə ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirməyə çalışmışdır.

Ölkəmizdə qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir.

Qadınlarımız cəmiyyətdə mühüm qərarlar alınmasında böyük liderlik qabiliyyətlərinə malik olmuş, cəmiyyətin inkişafında və dövlətin möhkəmlənməsində, müstəqil Azərbaycan dövlətinin qurulmasında misilsiz rol oynamışdır.

Bir daha qadınlarımızı təbrik edirəm!
Yaşasın Azərbaycan Qadını!

Pərvanə Vəliyeva, Milli Məclisin deputatı
Seçilən
22
newscenter.az

1Mənbələr