AZ

Narkotacir eşşək, narkodiler quş, indi də heroin dronu

Bu gün, 11:41

Bu əziz gündə bəlkə də narkotranzitdən bəhs etmək yerinə düşməyəcək. Amma aktual məsələdir. Həm də vacib. Təsəvvür edin, dünyanın üç ən pullu işindən biridir.
O biri iki gəlirli biznes silah və insan alveridir, amma o hər adamın işi deyil. O mənada ki, birinciyə hər adamın əli çatmır, ikinci isə sırf namus-qeyrət, vicdan-şərəf məsələsidir, hələm-hələm adam o alverə girişməz.
Narkotik maddələrlə alverdən gələn çuval-çuval pul-para isə çox adamın beynini çöndərə bilər - necə ki, oxumuş adamlar demişkən, elə bir tendensiya var.
Amma bu, heç kəsə asan iş kimi gəlməsin, çox çətinlikləri var. O vaxt Pablo Eskobar söz düşəndə dostu Migelə deyirmiş ki, Migel, bu kokain kimi gözüm ağarsın yalan deyirəmsə, bu neməti Amerikaya çatdırana qədər itin zülmünü çəkirəm.
Adam tonlarla narkotik maddələri təyyarələrlə, gəmilərlə Birləşmiş Ştatlara daşıtdırırmış, oradan gələn ton-ton dollarları da alıb anbara vururmuş.
İndi çox çətindir, andırı nə açıq daşımaq olur, nə də gizli şəkildə. Sərhədlərdə rentgenlər quraşdırılıb, kinoloqların bəslədikləri itlər də bir yandan maddənin iyini alan kimi “hav-hav-hav” edir. Ayıb olmasın, adamın gödən bağırsağındakı 200 qramlıq həşişi də tapıb çıxarırlar.
Hərçənd 5-6 il əvvəl İrandan Azərbaycanda keçirilimiş, aldadılmış gömrükçülərin baş üstündən Gürcüstana adladılmış, sonra Türkiyə sərhədində tutulmuş 2950 litr maye heroinin axırı necə oldu, bilinmədi. Daşıyan adamı tutdular, amma daşıtdıran Eskobarı tapa bilmədilər.
Budur, xəbər yayılıb ki, sərhədçilərimiz "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 515 qram olan narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkəmizə keçirilməsinin qarşısını alıblar.
İndi siz işə baxın, görün, narkotacirlərin beyni necə işləyir, söhbətə kiçik həcmli dronu da cəlb ediblər. Bəlkə də onlar “Harop” və “Bayraqdar”a da əl atardılar, amma onlar gözə tez görünür, həm də səsi var, salamatı elə videoçəkən PUA-lardır. Hər dəfə bir yerinə yarım kilo “mal” bağlayıb uçurdursan. Günə 10 reys eləsə, nəyinə bəs deyil?
Gerçəkdən də ehtiyac insanları ixtiraçı olmağa vadar edirmiş. Bir müddət əvvəl Ələt tərəflərdə dənizdə “Yamaha-200" mühərriki ilə təchiz edilmiş sürətli qayıqda da narkotik maddə tutulmuşdu. Bir-birinə yaraşan adlar daşıyan Mehran və Şəhram adlı İran vətəndaşlarından 41 kq 535 qr marixuana və 1 kq 015 qr metafetamin tapılmışdı.
Sonra da deyirlər ki, İran qonşu ölkələrə məzhəbçilik, “yaşıl inqilab” ixrac etmək istəyir. Bu saat o aktual deyil. Ortada konqkret ixracat məhsulları var: tiryək-miryək, həşiş-məşiş, heroin-meroin, metam-fetam və s. İnqilaba baxmayın, bunların alıcısı çoxdur.
Narkotranzit işlərinə baxanların əl atmadığı üsul yoxdur. 5-6 İl İranla quru sərhədlərimizin olduğu dağlıq rayonlarda tacirlər bir eşşəyi narkoman ediblərmiş. İranda iynəsini vurur, qarnının altına narkotik maddə sarıyır, dağ cığırları ilə göndərirmişlər bu tərəfə. Burada yükü açırmışlar, eşşəyin iynələnmək dəmi gələndə göndərirmişlər o tərəfə. Yazıq eşşək çatırmış, lazımi dozasını alıb kayfını tuturmuş, yenidən hallı-hallı və yüklü-yüklü gəlirmiş bəri tərəfə. Axırda sərhədçilər şübhələniblər ki, bu dilsiz-ağızsız heyvan nə çox o tərəfə-bu tərəfə keçir, burda bir iş var. Tutub eşşəyi ifşa ediblər, amma o da kişi kimi heç kəsi satmayıb.
Narkotik maddə daşımaqla bağlı daha bir kuryoz əhvalat öz ölkəmizdə, Abşeronda, yerli türmələrin birində baş verib. Türmədə yatan bir quşbaz qaqaş rəislərin icazəsi ilə göyərçin saxlayırmış – hobbi kimi. Hər gün damdan quşları uçurdub fıştırıqlayırmış. Azad göyərçinlər uçub “zon”dan çıxır, bir azdan qayıdıb gəlirmişlər. Sonradan məlum olub ki, həbsxanaya qayıdan quşların bəziləri ayaqlarında 1-2 qramlıq bükülüdə narkotik maddə gətiriirlər. Heç demə, qaqaşın “volya”dakı qaqaşı öz əzizini və ehtiyacı olan türmə əhlini bu yolla təmin edirmiş. Axırda quşbazı tutub, işini artırıblar, narkodiler quşları da başqa quşbaza veriblər.
Vəziyyət bu cürdür. Bəziləri də deyir, bu işdə yaxşı pul var. Ola bilər ki, pul var, amma əziyyəti çoxdur, daima öz üzərində işləməyi, novatorluq etməyi, müasir texnoloji vasitələrdən yararlanmağı tələb edir.
Samir SARI

Seçilən
9
Reportyor.tv

1Mənbələr