AZ

Azərbaycan qadınlarının İQTİSADİ GÜCÜ

Azərbaycanda qadınların iqtisadi inkişafda rolu son illərdə əhəmiyyətli dərəcədə artıb. Qadınların sosial, iqtisadi və ictimai həyatda fəal iştirakı, yalnız onların şəxsi rifahını yaxşılaşdırmaqla yanaşı, bütövlükdə cəmiyyətin inkişafına müsbət təsir edir. Qadınların bu sahələrdə iştirakının artması cəmiyyətdə gender və  sosial bərabərliyin qorunmasına xidmət edir. Qadınların işçi qüvvəsinə inteqrasiyası ailələrin rifahını və cəmiyyətin iqtisadi sabitliyini də möhkəmləndirir.

Azərbaycan əhalisinin sayı 44 min 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci ilin yanvarın 1-nə  vəziyyətinə 10 milyon 224 min 889 nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə əhalinin 49,8 faizini kişi, 50,2 faizini isə qadınlar təşkil edir.

100 il əvvəl, 1926-cı ildə Azərbaycanda 1000 kişiyə 908 qadın düşürdü, bu gün isə bu rəqəm 1009 qadına yüksəlib. Ən ciddi fərq 1959-cu ildə qeydə alınıb. O zaman 1000 kişiyə 1105 qadın düşürdü ki, bu, İkinci Dünya Müharibəsinin ağır nəticələri ilə bağlı idi.

Azərbaycanda qadınların orta yaşı 78-dir, bu da kişilərdən 4 yaş çoxdur. Azərbaycan qadınları orta ömür müddəti dünya üzrə orta göstəricidən 3 yaş yüksəkdir.

Azərbaycanda 700 mindən çox xanım muzdlu işdə çalışır. Son 10 ildə muzdla çalışan qadınların sayı 625,8 min nəfərdən 705,1 min nəfərə yüksəlib.

Statistika göstərir ki, son illər işləyən qadınların sayı artsa da, kişilərlə müqayisədə onların xüsusi çəkisi azalıb. 10 il əvvəl işləyənlər arasında xanımların xüsusi çəkisi 42 faizə çatırdı. İndi bu göstərici 40 faizə doğru gedir.

Qadınların ən yüksək təmsil olunduğu sahə  səhiyyə və sosial sahələrdir, burada qadınların payı 77,9 faizdir. İkinci yerddə olan təhsil sahəsində çalışanların 73,4 faizi xanımlardır.

İstirahət, əyləncə və incəsənət sahəsində qadınların xüsusi çəkisi  61,1 faiz, peşə, elmi və texniki fəaliyyət sahəsində 43,7 faiz, maliyyə və sığorta sahəsində qadınların xüsusi çəkisi 37,4%-dir.

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar və inzibati xidmətlər sahələrində qadınların xüsusi çəkisi müvafiq olaraq 30 faiz ətrafındadır.

Emal sənayesində çalışan hər 100 işçinin cəmi 26-sı qadəndır. Kənd təsərrüfatında bu göstərici 22-dir.

Mədənçıxarma sənayesində, elektrik enerjisi istehsalı və təchizatı, tikinti sahəsində qadınların payı 8-12 faiz arasında dəyişir, bu sahələrdə xüsusilə fiziki iş tələbləri ilə əlaqəli qadınların iştirakı daha aşağıdır.

2024-cü ilə qədər qadınların orta aylıq əməkhaqqı 735,7 manat olub, bu, kişilərin orta aylıq əməkhaqqısının 68,8 faizini təşkil edir.

Ən yüksək maaşı mədən sənayesində işləyən xanımlar alır. Onların orta aylıq əmək haqqı 2800 manata çatır. İkinci yerdə 1600 manat orta aylıq əmək haqqı ilə maliyyə və sığorta sahəsində işləyən xanımlar gəlir.

İnformasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, dövlət idarəetmə sahələrində çalışan xanımların orta aylıq əmək haqqı 1000 manatdan yuxarıdır.  Azərbaycanda xanımlar üçün az gəlirli olan iş yerləri emal sənayesi, su təchizatı, tullantıların təmizlənməsi və emalı, tikinti, ticarətdir. Bu sahələrdə orta aylıq əməkhaqqı 550-600 manat arasında dəyişir.

Kişilərlə qadınların əməkhaqları arasında ən yaxın nisbət təhsil sektorundadır. Burada qadınların orta aylıq əmək haqqı kişilərin əmək haqqının 86 faizi qədərdir. Bu sahədə ən böyük uçurum peşə, elmi və texniki fəaliyyət sahəsindədir –  təxminən yarıbayarı.

Ümumiyyətlə Azərbaycanda işçi qüvvəsinin ümumi sayı 5  milyon 249 min nəfərdir ki, bunun 2 milyon 535 min nəfəri qadınlardır. Qadınların işçi qüvvəsindəki payı 48,3% təşkil edir.

Məşğul əhalinin ümumi sayı 4 milyon 963 min nəfərdir və bunun 2 milyon 376 min nəfəri və ya 47,8 faizi xanımlardır. İşsiz əhalinin 159,4 min nəfəri qadınlar. Qadınların işsizlikdəki payı 55,6 faiz təşkil edir.

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş qadın sahibkarların sayı 300 mindən çoxdur.  Sahibkar qadınların 25,4 faizi kənd təsərrüfatı, 21,5 faizi ticarət, 35,3 faizi isə xidmət sektorunda fəaliyyət göstərir. Son illərdə iqtisadi inkişafla bağlı təsdiq edilən sənədlərdə qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi, qadın sahibkarlığının inkişafına yönəlmiş müddəalar öz əksini tapıb.

Qadınların sosial, iqtisadi və ictimai həyatda fəal iştirakı müasir cəmiyyətin mühüm nailiyyətlərindəndir. Qadınların iqtisadi proseslərdə daha çox iştirak etməsi müsbət dəyişikliklərə səbəb olsa da, hələ də bərabərsizliklər mövcuddur.

Digər bir çətinlik isə qadınların ailə və iş həyatı arasında tarazlıq yaratmaqda yaşadıqları çətinliklərdir. Ailədəki məsuliyyətlər, xüsusilə uşaqlara baxmaq və ev işləri qadınların iş həyatında daha az zaman sərf etmələrinə səbəb olur. Bu, qadınların karyera inkişafını ləngidir və iş həyatında irəliləyişlərin qarşısını alır.

Seçilən
13
hokm.az

1Mənbələr