AZ

Azərbaycandakı milyonluq futbolçuya keçmişinə baxın – Cənnətə düşüb!

Premyer Liqada cari mövsümün kəşfi Salifu Sumadır.

Düzdür, o, öncəki mövsümdə də “Zirə”dəydi. Lakin parlaqlıq və faydalılıq əmsalı indiki qədər deyildi.

21 yaşlı futbolçu karyerasının ən uğurlu mövsümünü keçirir. Elitada meydana çıxdığı 23 qarşılaşmada rəqib qapılarından 8 top keçirən qvineyalı vinger daha 4 qolun ötürməsini verib. Azərbaycan kubokunda 3, avrokuboklarda 4 oyunda şans qazanmasına baxmayaraq, məhsuldarlıq göstərməyib.

Topla əla rəftarı, inanılmaz sürəti və sol ayaqla öldürücü zərbələri ilə seçilən Suma istənilən baş məşqçinin arzuladığı fiqurdur.

Yaşının azlığı, yarımmüdafiənin hər iki cinahı ilə yanaşı hücumun sivri ucunda oynamaq bacarığı da əsas üstünlükləridir

Elə buna görə də “elçiləri daş üstündə oturub” yolunu gözləyir. Son bir ayda adı müxtəlif ölkələrin müxtəlif komandaları ilə yanaşı hallanıb. Ukraynada “Dinamo” (Kiyev) və LNZ, Bolqarıstanda ÇSKA (Sofiya), Türkiyədə “Fənərbağça”nın maraq dairəsində olmasına dair kifayət qədər xəbərlərə rast gəlmək mümkündür.

Ukraynalı və afrikalı həmkarlarımızın iddiasına görə, transferin baş tutmamasının başlıca səbəbi “Zirə”nin tələb etdiiyi məbləğin çox olmasıdır. Azərbaycan klubu Rəşad Sadıqovun kəşf etdiyi istedadı 1 milyon avrodan aşağı satmaq niyyətində deyil.

Bu da anlaşılandır. Salifu məhz Azərbaycana gəlişindən, xüsusən də “Zirə”də oyun və təcrübə şansı qazanandan sonra transfer vitrinində özünə yer etməyi bacarıb. Kimsə transfer dəyərinin çoxluğundan gileylənsə, yaxın keçmişə boylanıb, Sumanın dünəninə nəzər sala bilər.

“Zirə”yə gələn qədər kim idi? Nə etmişdi? Nələrlə yadda qalmışdı?

Yazaq, oxuyun.

2003 doğumlu futbolçu ilk peşəkar müqaviləsini 2021-ci ildə, 18 yaşında Fransa təmsilçisi “Kalum”la bağlayıb. Bir ildən sonra azad agent statusu ilə “Bastiya”ya keçib və bir aydan sonra müqaviləni pozaraq “Havr”la anlaşıb.

2022/23 mövsümündə əsas komandanın heyətində Liqa-2-də cəmi 1 oyunda 17, Fransa kubokunda 1 görüşdə 20 dəqiqə şans qazanmaqla 1 qola imzasını yazdırıb. “Havr”ın əvəzedici komandasında isə 15 qarşılaşmada meydana çıxsa da, məhsuldarlıq baxımından heç nə etməyib.

Salifu dünyanın diqqət mərkəzində olan Fransada ciddi mənada heç nə ilə yadda qalmasına baxmayaraq, “Zirə” 2023-cü ildə onunla müqavilə bağlamağa qərar verib.

Ötən mövsüm Premyer Liqada 35 oyunda 5 qol və 2 assistə imzasını atıb, Azərbaycan kubokunda 6 dueldə 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Cari mövsümdəki göstəriciləri yuxarıda qeyd olunub, - 23 oyun, 8 qol, 4 assist.

Odur ki, Azərbaycana gələnə qədər vur-tut 1 qol vuran və yeri Liqa-2 təmsilçisi “Havr”ın ikinci komandası olan futbolçu son ilyarımda 14 qol və 8 assistlə yadda qalıb.

Ölkə çempionatının və ölkə kubokunun gümüş medallarını qazanıb, avrokuboklarda iştirak edib.

İndi siz deyin, “Zirə”nin 1 milyon transfer məbləği tələb etmək haqqı var, yoxsa yox?

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
17
1
sportinfo.az

2Mənbələr