Böyük kainatımızın kiçik parçası olan bu dünyanı qadınlar öz isməti, ləyaqəti, şücaəti ilə bəzəyirlər. Erkən dövrlərdə qadınlar qayaüstü təsvirlərə öz imzalarını ataraq bu kainatda “biz də varıq” deməyi bacarıblar. Gözəllik, ülvilik rəmzi olan qadınlar bu gün ictimai-siyasi, elmi-mədəni, estetik həyatımızda böyük rol oynayırlar.
Ölkəmizdə qadına hər zaman böyük dəyər verilib. Hələ 20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti yarandığı dövrdə qadına seçib-seçilmək hüququ verilmişdi. O zaman bəzi Avropa ölkələrində belə qadınların bu hüququ tanınmırdı. Sovet dönəmində və hazırkı müstəqillik dövründə qadınlarımızın hüquqları daha da genişlənib, gender bərabərliyinə riayət olunub və qadınların yaradıcılıq potensialını göstərməsi imkanları daha da artıb.
Ədəbiyyat, mədəniyət və incəsənətimizdə çoxlu qadın sənətkarımız parlayıb, Eləcə də, qadın mövzusu hər zaman sənətdə böyük önəm daşıyaraq, əsas yer tutub. Həm şifahi, həm yazılı xalq ədəbiyyatında, rəngarəng nağıl və dastanlarımızda qadın obrazları cəmiyyətin tərbiyəsinə xidmət edib. Biz bunu “Kitabi-Dədə Qorduq” dastanının boylarında, Nizami Gəncəvinin “Xəmsə”sində və s.-də aydın görürük. Zəngin ədəbiyyatımızda yer alan qadın qəhrəmanlarımız Selcan Xatun, Banuçiçək, Nigar və Həcər eşq vüsalının maneələrini aradan qaldırmaq üçün əllərinə qılınc alırdılarsa, Əsli, Pəri, Şahsənəm, Sara və Gülgəz saz və söz sənətini nümayiş etdirməklə sevgiləri uğrunda mübarizə aparırdılar. Nizami Gəncəvinin Nüşabə, Şirin, Leyli kimi obrazları Azərbaycan qadınının ən poetik formada təsvir edilmiş formasıdır desək, yanılmarıq.
Rəssamlıqda da sənətkarlarımızın yaratdığı qadın obrazları görünüş və xarakterlərinə görə rəngarəngdir. İlk zamanlar rəssamlarımız qadın portretlərini canlandırarkən dahi şairlərimizin qadın qəhrəmanlarını əsas götürüblər. Nizami Gəncəvinin Leylisi, Fitnəsi, Şirini rəsmlərdə, miniatürlərdə ustalıqla öz əksini tapıb, həmin təsvirlər bu gün də aktuallıq kəsb edir.
İllər keçdikcə, zaman ötdükcə, rəssamlar qadın gözəlliyini artıq rənglərin dili ifadə etməyə başlayıb, öz təxəyyüllərindəki qadın obrazlarını üzə çıxarıblar. Fırça ustaları Azərbaycan qadınının gözəlliyi fonunda milli geyimlərimizi, zinət əşyalarımızı, atributlarımızı kətan üzərində canlandırıblar. Azərbaycanın məşhur Xalq rəssamlarından Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Oqtay Sadıqzadə, Tahir Salahov, Ələkbər Rzaquliyev, Altay Hacıyev, Tokay Məmmədov, Arif Hüseynov, Maral Rəhmanzadə, Həyat Abdullayeva, Hafiz Zeynalov və bir çox digər sənətkarlarımızın yaradıcılığına nəzər saldıqda qadın mövzusuna böyük önəm verildiyini görürük.
Biz qadın mövzusuna toxunmuşkən öz rəngarəng koloriti, mövzusu və eyni zamanda, möhtəşəmliyi ilə seçilən Xalq rəssamı Toğrul Nərimanbəyovun “Ana” adlı portret əsərindən də bəhs etməliyik. Rəssamın 1966-cı ildə ərsəyə gətirdiyi bu əsər kətan üzərində yağlı boya texnikası ilə çəkilib. Real və romantik obraz kimi təsvir olunmuş portretdən üzü qırışlı, düşüncəli və dalğın formada uzaqlara baxan ağbirçək qadın baxır. Sənət dünyasına öz möhürünü vuran bu əsərdə rəssam model olaraq öz dayəsini seçmişdir.
Təbii ki, ilk qadın rəssamlarımızı da ehtiramla xatırlayırıq. Rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət, teatr-dekor rəssamlığı, heykəltəraşlıq onların fəaliyyət sahələri olub. Azərbaycanda ilk professional qadın rəssam Qeysər Kaşıyeva və ilk peşəkar təhsil almış qadın rəssam Vəcihə Səmədova idi. Vəcihə Səmədova Azərbaycan rəngkarlığının kraliçası adlanır. O, aspirantura səviyyəsinə çatmış ilk qadın rəssamımızdır. Yaradıcılığının əsas mövzusu da elə güclü qadın obrazlarıdır. Misal olaraq, Şamama Həsənova, Gilas Verdiyeva, Leyla Bədirbəylinin portretlərini göstərmək olar.
Rəssamın yaradıcılıgının şah əsəri “Aktrisa Leyla Bədirbəyli”dir. Bu tablo 1954-cü ildə ərsəyə gəlib. Vəcihə Səmədova bu əsərində qadın gözəlliyi, cazibəsi, istedadı və təfəkkürünü əks etdirməyə çalışıb. Gümüşü-yasəməni tonların ən zərif nüanslarından işlənmiş bu əsəri Azərbaycan portret rəngkarlığı tarixində şedevr kimi də qiymətləndirmək olar. Əsərdə canlanmış kövrək, zərif qız obrazında böyük əzmin hiss olunduğunu aydın şəkildə görmək olar.
Şərqin ilk azərbaycanlı qadın heykəltəraşı Zivər Məmmədova yaradıcılığında görkəmli şəxslərin fərdi obrazlarını ardıcıl surətdə canlandırıb. Buna misal olaraq dahi bəstəkarımız Üzeyir Hacıbəylinin gipsdən heykəlini göstərmək olar. Bu abidə bəstəkarın naturadan çəkilmiş yeganə portreti kimi tarixə düşüb. Zivər xanım görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovun anası idi.
Təhsil almış ilk qadın teatr-dekor rəssamı Bədurə Əfqanlının adı ilə rəssamlıq sənətində bir çox ilklər bağlı olub. O, Bakı Rəssamlıq Məktəbində təhsil alan ilk azərbaycanlı qadınlarımızdan biri idi. Rəssamın tamaşalar üçün hazırladığı maraqlı geyim və dekorasiya eskizləri öz möhtəşəmliyi ilə seçilərək bu gün də görənləri heyrətləndirir.
İlk qadın qrafika ustası Maral Rəhmanzadə olub. Birinci işi də elə qadın azadlıgına həsr olunmuş əsər idi. O, yaradıcılığı boyunca qrafikanın bütün janrlarına müraciət edib. Eyni zamanda, neft mövzusunda rəsmlər çəkən ilk qadın rəssamlarımızdan olub.
Peşəkar xalça ustası, “Əmək veteranı” medalı laureatı – Zibeydə Şeydayeva ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirib. Zibeydə Şeydayevanın toxuduğu incə xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərbaycan tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilən ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilib. Ən qocaman əmək veteranı Zibeydə Şeydayeva 1981-ci ildə 121 yaşında vəfat edib.
İlk Əməkdar İncəsənət Xadimi adına layiq görülmüş qadın rəssamımız Reyhan Topçubaşova olub...
Günümüzün qadın sənətçiləri də şanlı tariximizə, nəğməli, bayatılı ədəbiyyatımıza, ən əsası, həyatımıza naxış vurur, bəzək salırlar. Bu gün yüzlərlə dövlət adamı, mədəniyyət xadimi, şairlər, ədiblər arasında çoxlu sayda qadınlar yer alır. Həmin qadınlar arasında adını tarixə qızıl hərflərlə həkk edənlər də az deyildir. Dahi mütəfəkkir şair Hüseyn Cavid necə də gözəl deyib:
Qadın gülərsə, bu ıssız mühitimiz güləcək.
Sürüklənın bəşəriyyət qadınla yüksələcək.
Ziyarət Qəhrəmanova-CABAROVA,
sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi