"Oynadığı çempionatın səviyyəsini nəzərə alsaq, deyə bilərəm ki, Kriştiano Ronaldu karyerasında 1000-ci qolu vurmağı bacaracaq. Fikrimcə, bu göstəriciyə yaxın iki mövsümdə çatacaq".

Offsideplus.az xəbər verir ki, bu sözləri İngiltərə yığması və "Mançester Yunayted"in sabiq hücumçusu Teddi Şeringem deyib.

O, rəqib futbolçuların Ronalduya qarşı zəif çıxış etdiklərini nəzərə çatdırıb: "Yaşlandıqca, qol vurmaq da çətinləşir. Xüsusilə 40 yaşdan sonra. Amma görünən odur ki, onu meydançada əziyyətə salmaq istəmirlər. Hər dəfə Kriştiano meydançaya çıxanda, sanki onun ayağının altına qırmızı xalça sərirlər, mərkəz müdafəçiləri isə yəqin ki, belə deyirlər: "Ronaldu, nəyə qadir olduğunu bizə göstər, qol vur ki, biz səni alqışlayaq və oyundan sonra formanı alaq".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda forma geyinən portuqaliyalı ulduzun hesabında 926 qol var.