“Bizi “Qarabağ”a qarşı çox çətin oyun gözləyir. Rəqibin gücü məlumdur. Bununla belə, meydana yaxşı nəticə qazanmaq üçün çıxacağıq”.
İdman.biz xəbər verir ki, bunu Futbolxeber.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əyyub Allaş deyib.
Belçikalı “Qarabağ”a qarşı keçiriləcək həm kubok, həm də çempionat oyununun komandası üçün vacib olduğunu bildirib: “Mən daha əvvəl “Qəbələ” ilə Azərbaycan kubokunun qalibi olmuşam. Kuboku qazanmaq gözəl hissdir. Eyni hissləri “Araz-Naxçıvan”la da yaşamaq istəyirəm. Ona görə də “Qarabağ”la həm çempionat, həm də kubok oyunu bizim üçün vacibdir”.
27 yaşlı futbolçu ötən tur “Sabah”a qarşı keçirdikləri matçdan (2:2) da söz açıb: “Çətin oyun oldu. Qalib gələ bilərdik. Əlimizdən gələnin ən yaxşısını etdik. İki dəfə hesabda geri düşsək də, təslim olmadıq. Sona qədər mübarizə apardıq. Təəssüf ki, qələbə qolunu vura bilmədik”.
İdman.biz