AZ

Azərbaycan – Türkiyə: Naxçıvan sinerjisi

II MƏQALƏ

Strateji baxış

Azərbaycan Prezidentinin lider kimi özəlliklərindən biri istənilən dövlət əhəmiyyətli məsələyə strateji baxışının olmasıdır. Bunu həmişə milli maraqların taktiki təmini ilə uzaq strateji hədəfə çatmanın realpolitik vəhdətində edə bilir. Azərbaycan qazının Naxçıvana Türkiyə ərazisindən verilməsinin bu anlamda mənası böyükdür. Dövlət başçısı, hər şeydən öncə, Naxçıvanın ayrılmaz Azərbaycan torpağı kimi qazla tam təmin edilməsində yeni mərhələnin başladığını ifadə edir. Əlbəttə, insanların həyatının təmini baxımından olduqca vacib praktiki addımdır. Bununla yanaşı, Prezident İlham Əliyev dövlət başçısı və lider kimi bu hadisəyə strateji anlam verir. Həmin aspekt üzərində dayanmaq çox faydalı olardı.

Naxçıvanın Türkiyə ərazisindən keçməklə qazla təmin edilməsinin bir neçə rəmzi mənası vardır. Birincisi, nəyə görə, Azərbaycan öz halal ərazisinin bir regionunu enerji ilə təmin etmək üçün başqa dövlətlərin ərazisindən istifadə etməlidir? Həmin dövlətlər ya İran, ya da Gürcüstan – Türkiyə tandemi ola bilər.

İkincisi, Azərbaycan Naxçıvanın enerji ilə etibarlı, davamlı və təhlükəsız təminatı üçün niyə Türkiyəni seçməli olmuşdur?

Üçüncüsü, dünyada ədalətdən, humanizmdən, hüquqdan dəm vuran güclü dövlətlər bu vəziyyətin geosiyasi izahını verə bilərlərmi? Məsələn, Rusiya hər hansı əyalətinin enerji ilə təminini ikinci və ya üçüncü ölkə ərazisindən keçən marşrutla reallaşdımasının hansı “dövləti, mənəvi, hüquqi və ya maliyyə zövqünü yaşayardı”? Yaxud, İran özünün ərazisində yerləşən hər hansı əyalətin başqa dövlətlərin məcburən ərazisindən keçən marşrutla təminindən çoxmu məmnun olardı? Bəlkə, bu, ABŞ, Fransa və ya Almaniya üçün qəbul edilən variantdır?

Sizi inandırım: daş atıb başlarını altına tutarlar. Bağıraraq “suverenlik, beynəlxalq hüquq” deyərək, vay-şivən qopararlar! Hətta, hərbi yolla vəziyyəti dəyişməyə çalışarlar. Haqsızmı olarlar? Qətiyyən haqsız olmazlar. Bizim dediyimiz də odur ki, Azərbaycanın da bu kimi məsələlərə müstəqil dövlət kimi reaksiya vermək haqqı təbiidir! Ancaq artıq 100 ildən çoxdur ki, dünya bu ədalətsizliyi həzm edir və hətta bizi qınamağa çalışırlar.

Neçə illərdir Zəngəzurda baş verənləri görməzlikdən gəlməkdədirlər. O vəhşiliyin, ağlasığmaz soyqırımı üsullarının hansını beynəlxalq məhkəməyə çıxarıblar? Heç etiraf edirlər ki?

Azərbaycan Prezidenti bütün bunları dərindən həm emosional olaraq yaşayan, həm də strateji zəka səviyyəsində təhlil edib ədalətli nəticələr çıxaran dövlət başçısı kimi kənardan ancaq maddi kontekstdə görünən İğdır – Naxçıvan qaz kəmərini qiymətləndirir.

Bu baxımdan qaz kəmərinin açılışı mərasimindəki çıxışında məsələni iki aspektdə mənalandırır.

İki aspekt

Birincisi, İlham Əliyev deyir: “Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı – Tbilisi – Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə, Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir”.

Bu dərin fikirlərin altqatları vardır.

1.Azərbaycan Prezidenti, hər şeydən öncə deyir ki, rəsmi Bakı öncədən enerji layihələrini nəqliyyat layihələri ilə müstəqil dövlətçilik naminə fundamental olaraq vəhdətdə götürmüşdür. Ulu öndər Heydər Əliyev bu kursun əsas müddəalarını həmin prinsipi nəzərə alaraq müəyyən etmişdir. Yəni 1993-cü ildən başlayaraq, Azərbaycan rəhbərliyi enerji və nəqliyyat layihələrini, hər şeydən əvvəl, müstəqil dövlətçilik maraqlarının təmini üçün nəzərdə tutmuşdur.

2. İkincisi, bu kursun strateji məqsədi güclü müstəqil Azərbaycan yaratmaqdan ibarət olmuşdur.

3. Azərbaycanın güclü və müstəqil dövlət olmasının müasir mərhələdə daxili komponentlərinin mövcudluğu ilə yanaşı, Türkiyə ilə müttəfiqliyi də çox vacibdir.

4. Bununla yanaşı, Azərbaycanın güclü və müstəqil dövlət olması üçün Türk dünyasının geosiyasi, geoiqtisadi, mədəni, siyasi, nəqliyyat və digər aspektlərdə real birləşməsi, koordinasiyalı fəaliyyət göstərməsi və konkret təşkilat yaratması ilə sıx bağlıdır.

Bu alttezisləri əsaslandırmağa indi Prezident İlham Əliyevin ehtiyacı yoxdur. Çünki dəfələrlə bu barədə bəhs etdərək əsaslandırmışdır. Həm də ortada aydın tarixi təcrübə, Azərbaycanın müasir mərhələdə keçdiyi yol vardır. Buna baxmayaraq, Azərbaycan Prezidenti Ankarada məharətlə Zəngəzur faktoruna çoxmənalı kontekstdə işarə etmişdir.

Deməli, dövlət başçısı İlham Əliyev qısa bir mətndə iki aspektin strateji kontekstini açmışdır – güclü Azərbaycanın yaranması üçün daxili güclə Türk dünyasının gücünü birləşdirmək tarixin və geosiyasətin diktəsidir!

Ortaq maraqlar və ortaq tarix

İlham Əliyevin bu tezisinin fəlsəfi və politoloji tədqiqi çox vacibdir. Geniş və dərin yanaşma tələb edir. Burada ancaq onu vurğulayaq ki, strateji hədəf budur! Heç bir gizliliyi yoxdur! Azərbaycan Prezidenti də incə diplomatik jestlə bu prosesdə öncədən Türkiyənin “bir millət, iki dövlət” formulu çərçivəsində iştirakını ifadə etmişdir. İlham Əliyev demişdir: “Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan eyni fikri ifadə etmişdir. Qardaş dövlətin başçısı açılış mərasimində demişdir: “Bir azdan açılışını edəcəyimiz İğdır – Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq”.

Naxçıvan – ortaq taleyimizin nişanəsi

Açığı, çox gözəl tarixi və geosiyasi ifadədir! Çünki Heydər Əliyevin müstəqil dövlət quruculuğu naminə keçən əsrin son onilliyində yaratdığı Naxçıvan sinerjisi sonra bütün Azərbaycanı və növbəti mərhələdə bütün Türk dünyasını birləşdirməkdə təkanverici rol oynadı.

Bəlkə də bu, tarixin bizim şüurumuzdan asılı olmayan gedişat məntiqidir: təcriddə qalmış Naxçıvandan birləşmə sinerjisi ölkəyə və türk dünyasına birləşmək enerjisi verdi və o, Türkiyə ərazisi ilə maddi nemət kimi özünə qayıtdı! Burada bir “inkişaf ilgəyi” görürük. Prezident İlham Əliyevin açılış mərasimində ifadə etdiyi aşağıdakı fikrə bir də bu aspektdə baxaq: “Bugünkü mərasim bir daha Türkiyə – Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək”.

Zəngəzur–Xocalı faciələrindən “Ümid körpüsü”nə

Azərbaycanla Türkiyənin iki müstəqil, lakin qardaş dövlət kimi bu günlərə çatması, hamı bilir ki, asan olmamışdır. Zəngəzur, Göyçə, Xocalı faciələrinin qanı, kədəri və itkisini birgə yaşamışıq. Böyük imperiyaların hiyləgər və amansız oyunlarından salamat çıxmaq üçün savaşmalı olmuşuq. Bunların fonunda “Ümid körpüsü” sadəcə ərazini birləşdirmədi, ümumilikdə, “bir millətin iki dövləti”nin yeni tarixi mərhələyə başlamasının rəmzi oldu! Azərbaycan Prezidenti açılış mərasimində bu kontekstdə demişdir: “Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir”.

İndi bu körpü hətta qlobal geosiyasi anlam almışdır – Zəngəzur dəhlizinin davamı kimi! “Ümid körpüsü” olmasa, Zəngəzur dəhlizi necə olardı? R.T.Ərdoğanın fikri: “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir”.

Və onun bugünkü davamı: “Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq. Bir azdan açılışını edəcəyimiz İğdır – Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq...”.

Türkiyə Prezidenti bütün bu qardaşlıq, geosiyasi müttəfiqlik, siyasi vəhdətlik, enerji, iqtisadi, nəqliyyat, mədəni, informasiya, təhlükəsizlik üzrə əməkdaşlığın strateji anlamını yığcam ifadə etmişdir. R.T.Ərdoğan bəyan etmişdir: “Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”.

Əlbəttə, bu, son deyildir. Əksinə, yeni başlanğıcdır. Azərbaycan Prezidenti bu barədə dəfələrlə fikirlərini bildirmişdir. Açılış mərasimində də dövlət başçısı İlham Əliyev növbəti dəfə bəyan etmişdir: “Bu gün Türkiyə və Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun, təxminən yarısı, Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir”.

Bu uğurlu və faydalı proses davam edir. İki qardaş dövlət daha neçə-neçə layihələri birlikdə reallaşdıracaqdır. Bütün türk dövlətləri bu prosesin iştirakçısıdır və bundan sonra da olacaq. Türk dünyası müəyyən zaman fasiləsindən sonra yenidən böyük bir geosiyasi məkanın birləşdirici faktoru roluna sahiblənməkdədir!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
8
xalqqazeti.az

1Mənbələr