Türkiyə çempionu "Qalatasaray" rəhbərliyi komandanın müdafiə xəttindəki problemləri aradan qaldırmaq üçün yay transfer mövsümündə heyətini gücləndirmək niyyətindədir.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cim Bom" bu məqsədlə Almaniyanın "Şalke" klubunun türk əsilli futbolçusu Taylan Bulutla maraqlanır.
Almaniyada doğulan türk əsilli futbolçunun 19 yaşı var. 188 sm boya malik Taylan müdafiənin həm mərkəzində, həm də sağ cinahında oynamaq bacarığına malikdir. O, "Şalke" klubunun yetirməsidir. Cari mövsüm bu komandanın heyətində 22 matçda 1 qol vurub.
Hazırda "Şalke" heç də yaxşı günlərini yaşamır. Helzenkirxen şəhərinin təmsilçisi 2-ci Bundesliqada 13-cü pilləni tutur. Buna görə klubun yayda perspektivli gənc futbolçunu heyətdə saxlaya biləcəyi çətin görünür.
Onu da əlavə edək ki, Taylan Bulut Almaniyanın 19 yaşlılardan ibarət yığmasının üzvüdür. Onun "Şalke" ilə 2029-u ilədək müqaviləsi var.