AZ

“Neftçi” “Kəpəz”lə oyunda qələbə qazanmaq üçün yetərincə motivasiyalı deyildi” – Adil Şükürov

Futbol üzrə ölkə çempionatında 25-ci tur da geridə qaldı
.
“Şamaxı” “Səbail”i, “Qarabağ” “Sumqayıt”ı məğlub etdi. Hər iki komanda səfərdə 2 cavabsız qolla hesabına 3 xal yazdı. “Kəpəz” “Neftçi”yə minimal hesabla qalib gələrək turnir cədvəlində mövqeyini yaxşılaşdırdı. Hazırda “Şamaxı” 24 xalla 7-ci, “Sumqayıt” və “Kəpəz” hərəyə 22 xalla 8 və 9-cu, “Səbail” isə 18 xalla 10-cu pillədə qərarlaşıb. Eyni zamanda, “Neftçi” 4-cü pillədəki “Turan Tovuz”dan 15, 5-ci pillədəki “Sabah”dan 7 xal geri qalır.

Bu məğlubiyyətdən sonra “Neftçi”nin 4-cü yer üçün ümidlərinin tükəndiyini demək olarmı? Elitada qalmaq uğrunda mübarizə əsasən “Sumqayıt”la “Səbail” arasında gedəcək, yoxsa “Kəpəz” də təhlükə yaşayır? Bu sualları təcrübəli mütəxəssis Adil Şükürova ünvanladıq:

“Neftçi” “Kəpəz”lə oyunda bəlkə də qələbə qazanmaq üçün yetərincə motivasiyalı deyildi. Bu da hardasa anlaşılandı. Qısa vaxt ərzində eyni komanda ilə ardıcıl oyunlar oynayanda futbolçularda psixoloji yorulma olur və tam konsentrasiya ilə matça köklənə bilmirlər. Kubok oyununda qalib gəlmiş “Neftçi” çempionat matçına tam motivasiya oluna bilmədi. “Neftçi” bütün fikrini kuboku qazanmağa yönəldib və anlayır ki, çempionatda qızıl medallardan başqa istənilən nəticə uğursuzluqdu. Komanda kuboku qazansa, bəlkə azarkeşlər indiki durumdan razı qala bilərlər. “Kəpəz”lə “Şamaxı”nın bu tur qazandığı qələbələr bu komandaların turnir cədvəlində mövqeyini möhkəmlətməsindən başqa bir şey deyil. “Sumqayıt”ın son turlarda göstərdiyi performans sanki komandanın qələbə qazanması üçün yetərlidi. Amma sonluq pis olur. Sumqayıtlılar “Sabah”la kubok oyununda 54-cü dəqiqəyə qədər rəqibdən daha baxımlı və üstün oynayırdı. Qoldan sonra komanda sanki parçalanmağa başladı və bunun nəticəsi 0:4 oldu. Premyer-liqada qalmaq uğrunda mübarizə son turlara qədər çox gərgin olacaq. “Şamaxı”, “Kəpəz”, “Sumqayıt” və “Səbail” arasında çox gərgin mübarizə gedəcək. Hər birinə uğurlar arzulayıram, amma biri elitanı tərk edəcək”.

ƏSƏD SEYİDOV
Seçilən
20
football-plus.az

1Mənbələr