Türkiyəli futbol mütəxəssisi Tuncay Şanlı TFF Birinci Liqada mübarizə aparan “Çorum” komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanlı futbolçu Coşqun Diniyevin forma geyindiyi “Çorum”la yeni baş məşqçi arasındakı müqavilənin müddəti cari mövsümün sonuna qədərdir. Amma bu işbirliyi uğurlu alınacağı halda, tərəflər müqavilənin müddətini artırmaqla bağlı indidən razılığa gəliblər.
Qeyd edək ki, Tuncay Şanlı daha öncə “Sakaryaspor” və “Ümraniyəspor”un da baş məşqçisi olub. O, “Çorum”da bir neçə gün öncə istefaya göndərilmiş Serkan Özbaltanı əvəz edib. 46 yaşlı mütəxəssis 2023-cü ilin noyabrından Çorumun eyniadlı təmsilçisini çalışdırırdı. Komanda bu mütəxəssisin rəhbərliyi altında 57 oyuna 24 qələbə, 16 heç-heçə, 17 məğlubiyyət görüb.
Coşqun Diniyev bu ilin fevral ayında Türkiyənin digər klubu “Bandırmaspor”dan azad agent kimi ayrılaraq “Çorum”la 1,5 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb. “Çorum”da 4 matça çıxmış azərbaycanlı futbolçu 2 qolla yadda qalıb.
Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.
Coşqun Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 28 oyun keçirib.
“Çorum” 28 oyuna topladığı 39 xalla 10-cu sırada qərarlaşıb. Coşqunun komandası 28 oyunda 10 qələbə qazanıb, 9 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.