AZ

Milli Məclisin iclasında...

Parlament Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Ombudsmanın illik məruzəsi dinlənilib

Martın 7-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyinə 14 məsələnin daxil olduğunu bildirib.

İl ərzində ombudsmana 29 min 371 müraciət daxil olub

Əvvəlcə Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinlənilib. Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib. O qeyd edib ki, ötən il ombudsmanın ünvanına 29 min 371 müraciət daxil olub: “Müraciətlərə baxılıb, araşdırmalar aparılıb, insanların üzləşdikləri problem və çətinliklərin həlli məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər edilib, pozulmuş hüquqların bərpası istiqamətində zəruri tədbirlər görülüb, həmçinin səlahiyyətli dövlət qurumlarına insan hüquqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə yönəlmiş təklif və tövsiyələr təqdim olunub”.

S.Əliyeva bildirib ki, illik məruzədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin təhlili əks etdirilməklə yanaşı, hüquq pozuntularının qarşısının alınması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında səmərəli dialoqun və əməkdaşlığın dərinləşdirilməsi bir daha önə çəkilir: “Ümid edirəm ki, illik məruzə insan hüquqlarının daha effektiv müdafiəsinə, dövlət qurumları ilə ictimaiyyət arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq ruhunun gücləndirilməsinə təkan verməklə yanaşı, insan hüquq və azadlıqlarının təmin olunmasında sistemli və davamlı irəliləyişlərə, habelə hüquq mədəniyyətinin yüksəlməsinə öz töhfəsini verəcək”.

Müvəkkil qanunvericiliklə əlavə səlahiyyətlər istəyir

Qeyd edək ki, illik məruzədə müvəkkil qanunvericiliklə əlavə səlahiyyətlər istəyir. Belə ki, ombudsmanın qanunvericilik təşəbbüsü hüququnun təsbit olunması, onun insan hüquqlarına dair qanun layihələrinin parlamentdə müzakirəsində iştirak etməsi və rəy bildirməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi, ombudsmanın Azərbaycan Konstitusiyasının və qanunlarının şərh edilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun qanunvericiliklə təsbit olunması, ombudsmanın Məhkəmə-Hüquq Şurasının tərkibində təmsil olunması məsələsinə baxılması təklif olunur.

Məruzədə həmçinin vurğulanır ki, hakimlər həbs qətimkan tədbiri seçərkən qərarı əsaslandırmalıdır: “Hakimlər tərəfindən məhkəmələrdə həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyü yoxlanılmalıdır. Hakimlərə təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasının əsaslandırılması tövsiyə olunur. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar cəza siyasətinin humanistləşdirilməsini və cinayətlərin dekriminallaşdırılmasını, qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl olunmasını, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsini nəzərdə tutur”.

Bundan əlavə, insan hüquqları üzrə müvəkkil məruzədə “Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın hazırlanması və qəbul edilməsini təklif edib. Sənəddə vurğulanıb ki, yeni dövlət proqramı BMT-nin “Biznes və insan hüquqları üzrə rəhbər prinsipləri”ni və “Biznes və insan hüquqları üzrə Milli Fəaliyyət Proqramlarına dair Təlimatı”nı, eləcə də bu sahədə xarici ölkələrin müsbət təcrübəsini nəzərə alaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsini, hüquq-müdafiə vasitələrinin daha əlçatan olmasını təmin etmək, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial-iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədi daşımalıdır.

Müzakirələr zamanı çıxış edən millət vəkilləri məruzə ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra ombudsmanın illik məruzəsi nəzərə alınıb.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişiklik edilib

Sonra “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub. Bu sənədlə Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.

Daha sonra iclasda “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, sənədə “Orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi” adlı 8-1-ci maddə əlavə edilir. Layihəyə görə, qurumun rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edir. Korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər. Qurumda hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi aparılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olan qurumda orqanın rəhbərinin qərarına əsasən digər müddətlərdə də risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi keçirilə bilər.

Sənədə əsasən, korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və bununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barədə məlumatlar hər il iyunun 1-dək müvafiq komissiyaya təqdim edilməlidir. Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraq ictimaiyyətə açıqlanır. Komissiya bu Qanunun 8-1.4-cü maddəsinə uyğun olaraq ona təqdim edilən məlumatların təhlili əsasında müvafiq orqana (quruma) korrupsiya risklərinin idarə edilməsinə dair tövsiyələr, həmçinin korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər.

Müzakirələrdən sonra layihə qəbul edilib.

Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevanı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib

Millət vəkilləri gündəlikdə olan digər qanun layihələrini də qəbul ediblər.

Spiker Sahibə Qafarova Milli Məclis adından  Birinci vitse-prezident Mehriban Əliyevanı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. S.Qafarova, həmçinin parlamentin martın 14-də keçiriləcək iclasında Azərbaycan Hökumətinin 2024-cü ilin yekunlarına dair hesabatının dinləniləcəyini bildirib.

Nardar BAYRAMLI

Seçilən
16
yeniazerbaycan.com

1Mənbələr