AZ

Orta Dəhliz: Şərqdən Qərbə ən qısa yol-Ekspert rəyi

Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal nəqliyyat dəhlizi kimi Orta Dəhliz Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsi olmaqla, həm iqtisadi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Şərqdən Qərbə ən qısa yol olan dəhlizin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən beynəlxalq tədbirlər dünyanın güc mərkəzlərinin layihəyə marağını getdikcə daha da artırır. Martın 4-də Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Çin, Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın əlaqədar qurumlarının nümayəndələri iştirakı ilə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Bakıda keçirilən 22-ci iclası bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Təbriz Yadigarov Xalq qazetinə bu istiqamətdə elspert kimi verdiyi rəyində bildirib ki, Qazaxıstan, Azərbaycan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin və Avropanı birləşdirən multimodal nəqliyyat dəhlizi kimi rolu son dövrlərdə Rusiya ərazisindən keçən dəniz nəqliyyatının artan siyasi riski ilə əlaqədar olaraq, daha çox artmaqdadır.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın Avropa dəmir yolu nəqliyyat marşrutlarına çıxışını məhdudlaşdırdığından, Orta Dəhlizdə yükdaşımalar daha da intensivləşib.

Transxəzər marşrutu ilə yükdaşımaların həcmi 2024-cü ildə 62% artaraq 4,5 milyon tona çatıb. 2027-ci ilə qədər isə onun ötürmə qabiliyyətinin 10 milyon tona çatdırılacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, Orta Dəhlizin çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Bu baxımdan da Xəzər dənizində daha çox barjalara, eləcə də Gürcüstanın Qara dənizdəki konteyner limanlarında ötürmə qabiliyyətinin artırılması, Orta dəhliz boyunca dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan, Azərbaycan və Gürcüstan Orta Dəhliz üçün tranzit marşrutları kimi əsas həlledici rol oynayır.

Orta Dəhlizin əsas çətinliyi intermodal daşımaların olmaması və onun baha olmasıdır. Dəhlizin yükdaşıma əməliyyatlarının səmərəliliyinin artırılması və mövcud problemlərin aradan qaldırılması üçün regional yanaşmanın işlənib hazırlanması məqsədi ilə keçirilən beynəlxalq tədbirlər bu istiqamətdə öz töhvəsini verməkdədir.

Orta Dəhlizin əhəmiyyətli dərəcədə təkmilləşdirmək üçün tələb olunan ümumi investisiya təxminən 18,5 milyard avro həcmində qiymətləndirilir.

Bu investisiya ehtiyacları Mərkəzi Asiyanın bütün beş ölkəsində dəmir yolu və avtomobil yolları şəbəkəsinin bərpası və modernləşdirilməsi, heyətinin genişləndirilməsi, limanın ötürücülük qabiliyyətinin artırılması, sərhəd-keçid məntəqələrinin, multimodal logistika qovşaqlarının və köməkçi şəbəkə birləşmələrinin təkmilləşdirilməsi ilə bağlıdır.

Avropa və Asiya arasında quru nəqliyyat dəhlizlərinin tədqiqinə əsasən, Aİ ilə Mərkəzi Asiya arasında ümumi ticarət son on ildə 38,8% artıb.

Aİ-nin idxal etdiyi əsas məhsullar mineral məhsullar, adi metallar və onlardan hazırlanan məmulatlar, kimyəvi maddələr və əlaqədar məhsullardır (Aİ-nin bütün ixracının 92%-i). Aİ-nin Mərkəzi Asiyaya əsas ixracı maşın və avadanlıqlar, kimya və ya əlaqəli məhsullar və nəqliyyat avadanlığıdır (Aİ-nin ümumi ixracının 70,7%-i). Orta Dəhlizlə yükdaşımaların həcmi 2023-cü ildə 2 milyon 750 min ton olduğu halda, 2024-cü ildə 63,6% artaraq 4 milyon 500 min tona çatıb. Yeri gəlmişkən, Azərbaycanla, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Çin, Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın əlaqədar qurumlarının nümayəndələri iştirakı ilə Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağında TBNM BA Hüquqi Şəxslər Birliyinin işçi qrupunun 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat, ötən il üzrə ümumi yükdaşımalar, eyni zamanda cari il üçün yükdaşıma planı məsələləri ilə bağlı müzakirələr, Orta Dəhlizin mövcud potensialının səmərəliliyinin artırılmasında, bu marşruta daha çox yük axınının cəlb olunmasında, gömrük tarifləri, Xəzər dənizi limanları arasında fider bağlantısının təşkilində, eləcə də fider gəmilərin yüklənməsinin təmin edilməsində və intermodal daşımalarla bağlı problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq. Bütün bunlar gələcəkdə Orta Dəhliz üzrə yükdaşımaların ümumi həcminin artması ilə yanaşı, Orta Dəhlizin əsas tranzit ölkələrinin digər nəqliyyat növləri ilə yanaşı, dəmir yolu ilə, yükdaşımalarda əməkdaşlığının regional əhəmiyyətini daha da artıraraq, Zəngəzur nəqliyyat-logistika dəhlizinin reallaşdırılmasını şərtləndirəcəkdir.

Seçilən
37
moderator.az

1Mənbələr