Dünya İqtisadi Forumunun hesabatında deyilir ki, dünyada qadınlar və kişilər arasında həyatın bütün sahələrində gender bərabərliyinə nail olmaq üçün təxminən 130 il lazım olacaq. Amerikanın Səsinin müxbiri Svetlana Pristinskanın məlumatında Kolorado ştatında iki qadının uğur hekayəsindən bəhs edilir.
Qorxmadan yaşamaq və sevdiyin işlə məşğul olmaq - İraqlı alim və peşəkar musiqiçi Mirna Aişoa Amerikadakı həyatını belə təsvir edir.
“İraqda qadınların vəziyyəti ABŞ-da qadınların vəziyyətindən çox fərqlidir”, o deyir.
Aişoa İraqda bakalavr təhsilini başa vurduqdan sonra 2015-ci ildə 22 yaşında ABŞ-a gəlib və 2017-ci ildə Kolorado Dövlət Universitetini hüceyrə və molekulyar biologiya üzrə magistr dərəcəsi ilə bitirib.
O, əvvəlcə tibbi cihazların və digər vasitələrin işi və keyfiyyətini yoxlamaq üçün testlər apararaq, laboratoriya cihazları mütəxəssisi kimi təcrübə keçib. Bundan sonra isə bu sahədə mütəxəssis kimi fəaliyyətə başlayıb.
Mirna Aişoa: “Mən texnologiyanı çox sevirdim və çox sayda qadının bu işi gördüyünü görmürdüm”.
ABŞ-da o həm də konsertlər və festivallarda çıxış edərək, peşəkar zərb alətləri ifaçısı kimi azadlıq əldə etdiyini və bunun vətənində mümkün olmadığını deyir.
“İraqda mənim kimi zərbçi metallisti təsəvvür edin. Məni müəyyən stereotiplərlə bağlayardılar”, Mirna Aişoa deyir.
8 Mart Beynəlxalq Qadınlar Günü qadınların sosial, iqtisadi, mədəni və siyasi uğurlarının qeyd olunduğu bir gündür.
BMT-nin Qadın məsələləri üzrə sözüsü Paloma Eskudero bildirib ki, bu günü qeyd etmək o demək deyil ki, qadınların həyatlarını yaxşılaşdırmaq üçün daha çox iş görülməsi lazım deyil.
“Qadınlar demək olar ki, hər sahədə bərabərlikdən uzaqdırlar və biz görürük ki, dünyanın üzləşdiyi bir çox müharibə və COVID-19 da daxil olmaqla, böhranlarda həmişə ilk növbədə və ən çox əziyyət çəkən qadınlar olur”, onun bəyanatında deyilir.
Aişoa qaçqın qadın və uşaqların Amerikada məskunlaşmasına kömək edən qeyri-kommersiya təşkilatlarında könüllü işləyir.
Tədbirlərin birində o, Rusiyanın müdaxiləsindən sonra vətəni Ukraynadan qaçan aşpaz Tatyana Stratilatla tanış olub. Aişoa ona immiqrasiya ilə bağlı bəzi məsləhətlər verib, Stratilat isə onu Ukrayna mətbəxi ilə tanış edib.
Stratilat deyir ki, Ukrayna və İraqda qadınların həyatı fərqlidir, lakin qadınların qeyri-ənənəvi karyeralarda uğur qazanmaq uğrunda mübarizəsi universaldır.
Tatyana Stratilat: “Ukraynada, elə burada da aşpaz qadınlar çox deyil, əksəriyyəti kişilərdir. Bunun əksini sübut etmək asan deyil”.
Stratilat deyir ki, müxtəlif ölkələrdən olan qadınların bir-birini dəstəkləməsi və bir-birindən öyrənməsi onu ruhlandırır.
“Mən ABŞ-a köçəndən sonra nəhayət aşpaz kimi işləməyə başladım. Kolorado Dövlət Universitetində, yerli restoranlarda tələbələrə kulinariya dərsləri verirəm və müxtəlif icmalarda Ukrayna mətbəxini öyrədirəm və özəl kulinariya təlimatçısı kimi işləyirəm. Müxtəlif ölkələrdən olan digər qadınlarla yemək bişirmək kimi həvəsimi bölüşmək mənə böyük sevinc bəxş edir”, Tatyana Stratilat deyir.
İnnovativ texnologiyaların inkişafı sayəsində Aişoanın seçdiyi fəaliyyət sahəsi inkişaf edir və o öz yerini tapdığına görə sevinir.
Mirna Aişoa: “Aerokosmik texnologiyalara böyük marağım var idi, ona görə də SpaceX və NASA kimi bir çox kosmik agentliklərlə əlaqə qura bildim və onlara müəyyən kimyəvi maddələri təhlil etmək üçün düzgün laboratoriya cihazlarını seçməyə kömək etdim. Hal-hazırda mənim işim kosmosa və ya kosmosdan göndərilən hər şeydən gələn radiasiyanı təhlil etməkdir”.
Dünya İqtisadi Forumunun 2024-cü il hesabatına görə, iqtisadi iştirak və imkanlar, təhsilə nail olmaq, sağlamlıq və həyatda qalma və siyasi səlahiyyətlər kimi dörd əsas ölçü üzrə tam gender bərabərliyinə nail olmaq üçün 134 il və ya təxminən beş nəsil lazım olacaq.
visiontv.az