AZ

“Haiti reytinq cədvəlində bizdən irəlidədi” – Arif Əsədov millimizin rəqibləri haqda

Məlum olduğu kimi, yığmamız martın 22-də Haiti, 25-də Belarus, iyunun 7-də Latviya, 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşləri keçirəcək.

Maraqlıdı ki, millimizin rəqiblərinin kimliyi futbol ictimaiyyətinin bəzi nümayəndələrinin etirazına səbəb olub. Onlar yığmamızın daha səviyyəli və güclü komandalarla qarşılaşmasını istəyir.

Bəs, adı çəkilən rəqiblərlə oyunlar yığmamız üçün faydalı olacaqmı?

“Football-plus.az”ın sualını təcrübəli mütəxəssis Arif Əsədov cavabladı:

“Fikrimcə, rəqiblərə zəif və ya güclü adıyla yanaşmaq düzgün deyil. Haiti millisi reytinq cədvəlində bizdən irəlidədi. Statistik göstərici bu rəqibin bizdən güclü olduğunu göstərir. Belə yığma komandanın ölkəmizə gəlməsi müsbət haldı. Burda qələbə qazanıb futbolçuların özünəinamını bərpa etmək və yeni gənc simaların nəyə qadir olduğunu öyrənmək olar. Bilindiyi kimi, millimiz Qazaxıstan yığması üzərində qələbədən sonra uğursuz dönəm keçirdi. İndi qalib gəlmək vacibdi. Bəzən böyük komandalar da zəif rəqiblər seçib həm planlarını sınaqdan keçirirlər, həm də qalib gəlməklə psixoloji durumu yaxşılaşdırırlar. Bu baxımdan, millimizin Belarusla matçı da gələcək üçün müsbət məqamdı. Haiti millisi tarixdə ilk dəfə ölkəmizə gəlir. Deməli, fərqli bir ölkənin mədəniyyəti və futbol fəlsəfəsiylə tanış olmaq imkanımız olacaq. Bu üzdən yoldaşlıq görüşlərinin millimiz üçün faydalı olacağını düşünürəm. Müsbət haldı ki, yığmamız Estoniya ilə Qəbələdə qarşılaşdı. İndi də Masazırda və Sumqayıtda oyunlar baş tutacaq. Azarkeşlərin bu matçlara cəlb edilməsi də bizim üçün xeyirli olacaq. Həmçinin Haiti millisində “Qarabağ”ın sabiq futbolçusu Vild-Donald Gerye də çıxış edib. Ümumiyyətlə, bu millilərdə Avropa klublarında top qovan futbolçular var. Deməli, rəqiblərin səviyyəsi aşağı deyil. Yığmamıza uğurlar arzulayıram”.


KƏNAN BAHADIR
Seçilən
6
football-plus.az

1Mənbələr