İranla İngiltərə arasında diplomatik gərginlik yaşanır. Bu gərginləyə səbəb isə Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvisin İnqilab Keşikçiləri Korpusu və Kəşfiyyat Nazirliyi də daxil olmaqla bütün İran dövlətini qarşıdan gələn Xarici Təsirlərin Qeydiyyatı Sxeminin (FIRS) ən yüksək kateqoriyasına daxil etməsidir.
Demokratikmusavat.com xəbər verir ki, Tehran Londonun bu qərarına cavab olaraq Britaniyanın Tehrandakı səfiri Hüqo Şorteri Xarici İşlər Nazirliyinə çağırıb.
İran XİN-nin Qərbi Avropa baş direktoru Əlirza Yusefi görüşdə britaniyalı diplomata Tehranın Londonla münasibətini yenidən nəzərdən keçirməli olduğunu vurğulayaraq bildirib ki, Britaniya rəsmilərinin qərəzli münasibəti və əsassız iddiaları beynəlxalq hüquq və diplomatik təcrübələrə ziddir.
“Bu durum İran xalqının İngiltərənin İran və Yaxın Şərqdəki siyasətlərinə inamsızlığını daha da artıracaq", - iranlı diplomat qeyd edib.
Böyük Britaniyanın Tehrandakı səfiri Şorter məsələni Londona çatdıracağını bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvis çərşənbə axşamı İnqilab Keşikçiləri Korpusu və Kəşfiyyat Nazirliyi də daxil olmaqla, bütün İran dövlətinin Xarici Təsir Reyestri Sxeminin ən yüksək kateqoriyasına daxil ediləcəyini elan edərək
deyib: “Hökumət İrandan gələn təhdidlərin qarşısını almaq və azaltmaq üçün kəşfiyyat və təhlükəsizlik agentliklərinə bütün lazımi səlahiyyətləri verməkdə qərarlıdır”.
Mürtəza
Demokratikmusavat.com