AZ

Laporta Bakıda nə tapıb? - YAZI

Xuan Laporta Bakını su yoluna döndərib. Deyəsən, boş vaxt tapan kimi Azərbaycan, ölkəmizin paytaxtı yada düşür.

Elə noyabrın 16-da da burda idi. COP29-a qatılmaq üçün gəlmişdi. Bildiyimə görə, onda heç bir rəsmi görüşdə iştirak etmədi.

Təbii, mən o qədər sadəlövh deyiləm ki, belə səfərləri təsadüfün ayağına yazım. Adnan Əhmədzadənin “Barselona”nın rəhbərliyi, konkret elə Xuan Laporta ilə də xoş münasibətləri var. Hətta o dərəcədə ki, həm prezidenti, həm də bu komandanın ulduz futbolçularını “bir dənə çay verərsən” trendinə də qoşub. Dünya ulduzu Lionel Messinin səfərini də yada sala bilərəm. Amma məni düşündürən Laportanın üç ay ötəndən sonra yenə bura təşrif buyurmasıdı. Laporta hətta İlham Əliyev ilə də görüşdürülürsə, Prezidentin sıx təqvimində, özü də qeyri-iş günündə “Barsa”nın rəhbəri ilə görüşə vaxt tapılırsa, deməli, bu səfərə bir qədər geniş prizmadan yanaşmaq lazımdı.

Rəsmi versiya belədi ki, görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Amma diqqətimi çəkən ifadə başqadı: “səfərin məqsədi potensial investisiya imkanlarının axtarışıdı”. Sadəcə, bu səfər və görüşlər ilə bağlı o qədər məhdud informasiya verilir ki, adam bilmir investisiya imkanlarını axtaran kimdi, tərəflərdən hansı o birinin puluna ehtiyac duyur?
Sırf əldə olan informasiyaya söykənsək, hər kəsə bəllidi ki, bu gün “Barsa”nın maliyyə durumu idealdan çox uzaqdı.

Kataloniya nəhəngi hətta bəzi futbolçuları qeydiyyatdan keçirmək üçün pul tapmır, vaxtaşırı maaş cədvəlini təmizləyir ki, “maliyyə feyr-pleyi” qaydasını pozmasın. Belədə pul qıtlığı çəkən klubun Azərbaycan futboluna investisiya etməsi, yeniyetmə azərbaycanlıları üzə çıxarmaq üçün əziyyətə qatlaşması mənə, yumşaq desəm, cəlbedici görünmür. Bəlkə də kimsə Xuan Laporta – Adnan Əhmədzadə münasibətlərindəki yaxınlığın artıq səmimi canıyananlıq mərhələsinə qədəm qoyduğunu, klub prezidentinin bərbad durumda olan futbolumuzun inkişafına hansısa şəkildə yardım göstərmək istəyinə düşdüyünü iddia edəcək. İnanmıram və buna inanmaq üçün heç bir münbit şərait görmürəm.

Digər tərəfdən, Laportanın prezident səviyyəsində qəbul olunması müəyyən fikirlər irəli sürməyə imkan verir. Əslində mən mümkün anlaşmanı, “Barsa”nın Bakıda akademiyası açılandan sonra baş verə biləcək prosesləri belə təsəvvür edirəm. Bəli, ölkəmizin paytaxtında bu dünya brendinin akademiyası açılır, “Barsa”nın uşaq futbolu sahəsində ixtisaslaşan məşqçiləri azərbaycanlı uşaqların üzə çıxarılmasına, öyrədilməsinə, usta futbolçuya çevrilməsinə yardım edir, hətta onlardan bəzilərinin Kataloniya paytaxtına yolu açılır. Bununla yanaşı, akademiyanın maliyyələşməsini büsbütün Azərbaycan dövləti həyata keçirir. Üstəlik dövlətimiz “Barsa”nın indiki maliyyə bataqlığından çıxmasına da müəyyən dərəcədə yardım edir. Kəsəsi, biz “Barsa” camiəsinin ağlından, iş metodikasından, istedadları üzə çıxarmaq texnikasından yararlanırıq, onlar da bizim pulumuzdan. Sonda hansısa nəticəyə nail olacağıqsa, əlbəttə, mən də belə qarşılıqlı faydalı əməkdaşlığı ikiəlli dəstəkləyərəm. Amma “Barsa” da indiyə qədər Azərbaycana gəlib-gedən, məktəb və məktəbciklər açan qitənin başqa nəhəng klublarının yolu ilə gedəcəksə, onda vay halımıza! Onda it də gedəcək, ip də, yəni pulumuz da, vaxtımız da.

Bədlik gətirmək olmasın, amma “Turan”ın sabiq prezidenti Musa Süleymanov hələ 2011-ci ildə azərbaycanlı uşaqların Barselonadakı Xristo Stoiçkov adına akademiyaya göndərilməsi, orda usta futbolçu kimi yetişməsi ilə bağlı bir layihə qurmuşdu. Axırı nə oldu – heç nə. Ümid edirəm ki, Rövşən Nəcəf ilə Adnan Əhmədzadənin də payı olan, hətta Prezidentin qəbul otağına qədər gedib çıxan yeni layihə futbolumuza hanısa fayda gətirər, “Barsa” səviyyəsində azərbaycanlı futbolçular yetişər. Bax, onda Adnan bəyin o məşhur “Bir dənə çay verərsən…” zarafatı lap yerinə düşəcək.

ORXAN

Seçilən
8
football-plus.az

1Mənbələr