AZ

105 yaşlı Azərbaycan Qızıl Aypara Cəmiyyəti



Fəaliyyətində hər zaman humanizm prinsiplərinə sadiq olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaradılmasından 105 il ötür. 1920-ci il martın 10-da ölkəmizdə belə bir təşkilatın təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin və bütövlükdə cəmiyyətimizin bəşəri dəyərlərə verdiyi böyük önəmin təcəssümü idi. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamına əsasən, AzQAC-ın təsis edildiyi tarix - martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

Fətəli Xan Xoyski və general Əliağa Şıxlinskinin təşəbbüsü ilə təsis edilən və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarı olan cəmiyyət hər zaman humanizm ideallarına sadiq qalmış, məqsəd və prinsiplərinə uyğun olaraq şərəflə fəaliyyət göstərmiş, humanitar problemlərin həllində fəal iştirak etmişdir. General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya Birinci Dünya müharibəsi zamanı şəfqət bacısı kimi hərbi xəstəxanalarda yaralılara qulluq etmişdir. Məhz Nigar Şıxlinskaya AzQAC-ın "Şəfqət xidməti"nin banisi olmuşdur.

Lakin Azərbaycanda hakimiyyətin bolşeviklər tərəfindən ələ keçirilməsindən sonra AzQAC-ın fəaliyyəti məhdudlaşdırılmış, 1922-ci ilədək respublikamızda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərmişdir. 1922-ci ilin oktyabr ayında Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə yenidən AzQAC yaradılmış və 1991-ci ilədək Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətlə məşğul olmuşdur.

Sovet dövlətinin sərt qayda və qanunlarına rəğmən həmin dövrdə də AzQAC öz fəaliyyətində böyük uğurlara imza atmışdır. Xüsusən epidemiya vaxtları çeviklik və həssaslıq nümayiş etdirən cəmiyyət respublika ərazisində vərəm, vəba, difteriya və digər yoluxucu xəstəliklərin qarşısının alınmasında böyük rol oynamışdır. Bu sırada İkinci Dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi qeyd etmək lazımdır. Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının II Dünya müharibəsi illərində göstərdikləri fədakarlıqlar faşizm üzərində qələbənin əldə olunmasına mühüm töhfə vermişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının ən yüksək mükafatı - "Florens Nayntingel" medalı ilə təltif olunanlar sırasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının da olması qürur hissi doğurur və böyük hörmətlə yad edilir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra AzQAC-ın tarixində yeni mərhələ başlamış, təşkilat müstəqil fəaliyyətini elan etmiş və Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin tərkibindən çıxmışdır. Yenidən təşkilatlanan cəmiyyət ilk gündən etibarən Azərbaycanın qarşılaşdığı ciddi problemlərin həlli istiqamətində fəal iş aparmışdır. Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklərin, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan qeyri-hökumət təşkilatı məhz AzQAC olmuşdur.

Müstəqillik illərində AzQAC-ın fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması isə xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə gəlişi ilə başlayır. Həmin dövrdən respublikamızda baş verən dəyişikliklər, vətəndaş cəmiyyəti institutlarının inkişafı AzQAC-ın da fəaliyyətini tamamilə yeni mərhələyə yüksəltdi. Ulu Öndərin dəstəyi ilə 1994-cü ildə AzQAC milli qurum kimi dövlət tərəfindən tanındı. Bundan sonra Beynəlxalq Qızıl Xaç Komitəsi AzQAC-ı tanıdı və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası AzQAC-ı öz sıralarına tam və bərabərhüquqlu üzv qəbul etdi.

Sonrakı dövrlərdə də Heydər Əliyev AzQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəməmişdir. Ulu Öndərin 12 mart 2003-cü il tarixdə AzQAC-ın XX Qurultayına təbrik məktubu Ulu Öndərin cəmiyyətimizin fəaliyyətinə verdiyi əvəzsiz qiymətdir. Təbrikdə deyilir: "Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir".

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyev də hər zaman AzQAC-ın fəaliyyətinə diqqət və qayğı ilə yanaşmışdır. Xüsusilə qeyd etmək istərdim ki, cənab İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk aylarda verdiyi qərarlardan biri "Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında" 31 yanvar 2004-cü il tarixli sərəncamı olmuşdur. 2007-ci ildə isə Milli Məclis tərəfindən "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanunun qəbulu cəmiyyətin statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Bu qanunun qəbulu da məhz Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində mümkün olmuşdur.

Prezident İlham Əliyev tərəfindən AzQAC-ın yubileylərində cəmiyyət üzvlərinin orden və medallarla təltif edilməsi fəaliyyətimizə verilən ali dəyər olmaqla, humanizm və xeyriyyəçilik kimi müqəddəs missiyamızı daha inamla həyata keçirməyimiz üçün yüksək stimula çevrilmişdir. Bunlar qurumun fəaliyyətinə verilən qiymətin əyani nümunəsi, təkcə zəhmətlər, fədakarlıqlar hesabına keçilən yolun qiymətləndirilməsi deyil, eyni zamanda ülvi, bəşəri hisslərin - sevginin, qayğıkeşliyin, məhəbbətin, mərhəmətin təntənəsidir.

Bu gün ölkəmizdə qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti, onların inkişafı üçün hər cür şərait mövcuddur. Bu şəraitdən səmərəli istifadə edən AzQAC fəaliyyət dairəsini daim genişləndirir. Regionda, MDB məkanında nümunəvi bir quruma çevrilən AzQAC Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasının müxtəlif vaxtlarda demək olar ki, bütün strukturlarında təmsil olunmuşdur. Məhz Azərbaycan Prezidenti, AzQAC-ın fəxri üzvü cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində cəmiyyət bu gün MDB ölkələrinin milli cəmiyyətləri arasında ən inkişaf etmiş və ən yaxşı təchiz olunmuş milli təşkilatlardan birinə çevrilmişdir. Vaxtilə xarici donorlardan asılı olan cəmiyyət dövlətin dəstəyi ilə özü donor təşkilata çevrilmiş və bir çox ölkəyə humanitar yardımlar etmişdir. Bunlardan Türkiyə, Somali, İran, Suriya, Türkiyə, Ukrayna, Belarus, Nepal, İraq, Moldova, Əfqanıstan kimi ölkələri göstərmək olar. Bir sözlə, bu gün biz güclü və beynəlxalq çağırışlara cavab verən milli cəmiyyət qurmağa müvəffəq olmuşuq. Azərbaycan Prezidentinin təşkilatımızın fəxri üzvü olması bu qurumun dəyərini, xüsusi çəkisini artırmışdır. Bu həm də fəaliyyətimizə diqqət və qayğının yüksək göstəricisi olmaqla bizi işimizdə daha məsuliyyətli olmağa, ölkəmizə layiqincə xidmət etməyə sövq edir.

Onu da qeyd edək ki, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərindən irəli gələrək xeyirxahlıq və mərhəmət kimi nəcib əməllərə əsaslanan fəaliyyətlərə böyük önəm verilmişdir. Bu gün Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər nəinki ölkəmizdə, bütün dünyada yüksək bir nümunə kimi dəyərləndirilir. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fondun həyata keçirdiyi layihə və proqramlar, xeyriyyəçilik tədbirləri, müxtəlif sosial aksiyalar əsasən əhalinin daha həssas təbəqəsinə yönəlmişdir. Bütün bunlar AzQAC-ın da fəaliyyətinə işıq salır, bizim üçün nümunəyə çevrilir.

Humanizm dəyərlərinin, mərhəmət və xeyirxahlıq ənənələrinin inkişafında və təbliğində mühüm rol oynayan AzQAC hazırda 350 minədək üzvü, 25 minədək könüllüsü olan təşkilatdır. Eyni zamanda respublikamızın ictimai və sosial həyatında özünəməxsus yer tutan AzQAC humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya və sosial müdafiəyə ehtiyacı olan, çətinliklərlə üzləşən, əhalinin həssas qruplarından olan insanlara təmənnasız maddi və mənəvi dəstək göstərir. Sosial məsələlərin həllinə yaxından kömək göstərməsi və fəaliyyətinin başlıca qayəsini könüllülük, insanpərvərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlərin təşkil etməsi cəmiyyətə nüfuz qazandırmışdır.

Ölkə miqyasında mühüm vəzifələrin yerinə yetirilməsinin fəal iştirakçılarından biri olan 105 yaşlı AzQAC nəcib və xeyirxah ənənələrinə sadiq qalaraq bundan sonra da humanitar sahənin inkişafına layiqli töhfələr verəcəkdir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qızıl Aypara Cəmiyyəti öz ənənələrini layiqincə yaşadaraq, ölkəmizin sosial-ictimai həyatında özünəməxsus yerini qoruyacaq, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması naminə dövlətimizin həyata keçirdiyi proqramlarda bundan sonra da əzmkarlıq nümayiş etdirəcəkdir.

Novruzəli ASLANOV,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı





Seçilən
10
aia.az

1Mənbələr