Rumıniyanın FCSB klubunun gənclərdən ibarət komandasının yarımmüdafiəçisi Lukas Manolake uzun müddət davam edən davam edən müəmmalı xəstəlikdən sonra həyatını itirib.
Bakıvaxtı.az “The Sun”a istinadən xəbər verir ki, cəsədin yarılmasından sonra həkimlər 19 yaşlı futbolçunun ölüm səbəbinin mədə turşusundan zəhərlənmə və ağır ağciyər infeksiyası olduğunu bildirib.
Bir neçə gün öncə futbolçu özünü narahat hiss edib və onun xəstəxanaya yerləşdirilməsi üçün təcili tibbi yardım çağırılıb. Həkimlər futbolçunun sağalması üçün əllərindən gələni etsələr də, onun orqanizmi mədə şirəsinə mənfi reaksiya verməyə başlayıb və bu, boğulmasına səbəb olub. Həkimlər futbolçunun anasına oğlunun ölüm şəraitinin son dərəcə nadir olduğunu bildiriblər.
Qeyd edək ki, futbolçu 2024-cü ilin avqustundan bəri heç bir oyunda iştirak etməyib. O, uzun müddət davam edən yorğunluq, başgicəllənmə və titrəmə səbəbindən futbol oynaya bilməyib.